Əlaqə Arxiv
news Image
2014.11.20
09:34
| A A A
Neft 50 dollara düşəcək?!
Rəşad Həsənov: “Neftin qiymətinin düşməsi ölkəyə daxil olan valyutanın azalmasına səbəb ola bilər”

Dünya bazarında neftin qiyməti ilə bağlı hər gün yeni pessimist proqnozlar verilməkdədir. Məsələn, ABŞ Enerji İdarəsinin rəhbəri Adam Seminski neftin bir barrelinin 50 dollara düşəcəyini deyib. Onun sözlərinə görə, belə qiymət mümkün olan hədddir. Lakin, o qiymətin dəqiq necə olacağını deyə bilməyib: "Buna İraqda, Liviyada və başqa ölkələrdəki münaqişələr mane olur".Agentlik rəhbəri bildirib ki, analitiklərin əksəriyyətinin proqnozlarına görə, 2015-ci ilin ortalarında WTI markalı neftin qiyməti bir barel üçün 62 dollara düşəcək. A.Seminskinin fikrincə, neftin qiymətinin 60 dollara düşməsi nəticəsində ABŞ-da şist neft istehsalı dayana bilər.

Qara qızılın qiymətinin qısa zaman ərzində kəskin enməsi neft ölkələrinin ciddi narahat etməyə başlayıb. Artıq bir sıra layihələrinin icrasını dayandıran ölkələr var. Milli Məclis sədrinin müavini Valeh Ələsgərov vaxtilə 1998-99-cu illərdə də neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar bir çox layihələr dayandırıldığını qeyd edib: "Son dövrlər də neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar dünyada 160-dan layihə dayandırılıb".

2015-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib ki, 2015-ci ilin dövlət büdcəsində neftin qiymətinin mövcud qiymətlərdən aşağı olması büdcə xərclərinin icrasında kəskin problem yaratmayacaq: "Son üç ayda neftin qiymətinin 20% azalmasına baxmayaraq, Azərbaycanın 2015-ci il üçün dövlət büdcəsinin xərclərinin maliyyələşdirilməsi üçün problem yoxdur. Qiymətlərin gələcək azalması xərclərin maliyyələşdirilməsinə ciddi əngəl törətməyəcək. Neftin qiymətinin azalması müvəqqəti xarakter daşıyır və qiymətlərin aşağı səviyyədə uzun müddət qalması üçün əsaslar azdır"

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov məsələ ilə bağlı bildirdi: "Aydındır ki, neftin qiymətinin düşməsi ölkə iqtisadiyyatına mənfi təsir edəcək. Neftin qiymətinin düşməsi ölkəyə daxil olan valyutanın azalmasına səbəb ola bilər. Bilirik ki, dövlət büdcəsinin xərclərinin də əsas hissəsi – 35%-i infrastruktur xərclərinə yönəldilir. 2015-cü ilin dövlət büdcəsinin ictimailləşdirilməsində də aydın oldu ki, 2015-ci ildə 6.6 milyard manat vəsait infrastruktur layihələrinə yönəldiləcək. Belə olduğu təqdirdə neftin qiymətinin düşməsi müəyyən xərclərin təxirinə gətirib çıxara bilər. 2015-ci ildə neftin qiymətinin indikindən də aşağı olacağı gözlənilir. Yaxın müddətdə OPEK ölkələrinin neft hasilatını azaltmayacaqlarına dair qərarları var. Yəni, neftin qiyməti təxminən 70 dollara qədər azala bilər. Neftin qiymətinin 1 dollar azalması ölkəyə daxil olan vəsaitlərin 700 min manata qədər azalmasına səbəb olur. İlin əvvəlində "Azərlayt" markalı neftiin bir barreli 115 dollara satılırdısa, bu gün 79.9 dollardır. Proses 1 il müddətində indiki vəziyyətdə davam edərsə, bu, neft gəlirlərimizin azalmasına səbəb olacaq. Digər məsələ odur ki, büdcənin formalaşmasında əsas vəsait Dövlət Neft Fondundan köçürülür. Təxminən 53% DNF-nun transferi hesabına formalaşır. Bir çox rəsmilər qeyd edir ki, neftin qiymətinin aşağ düşməsi 2015-ci ilin büdcəsinin icrasına təsir etməyəcək. Bu, onunla bağlıdır ki, DNF-də vəsait var. Lakin neftin qiymətinin büdcədə nəzərdə tutulandan xeyli aşağı olması ssenarisi inkişaf edərsə, hökumət dövlət büdcəsinin qorunan xərclərini saxlamaqla digər xərclərində ixtisarlara gedə bilər. Bu ixtisarlar xüsusi ilə investisiya qoyuluşlarına tətbiq edilə bilər. Artıq hökumət son 9 ayın göstəricisinə görə, xərcləmələrdə müəyyən ekonomik yanaşmalar ortaya qoyub. Bu, 2015 il üçün də labüddür. Amma 2015-ci ildə Azərbaycanda Avropa Yay Olimpiya oyunları keçiriləcək. Bununla bağlı Bakı şəhəri, Abşeron yarımadasında infrastrkturun yenilənməsi gözlənilir. Bu məqsədlə 1.3 milyard vəsaitin ayrılması nəzərdə tutulub. Yəni, bu məsələ gələn il xərclərinin azalmasında müəyyən problemlər yaradır. Əgər neftin qiyməti uzun müddət aşağı səviyyədə qalarsa, bunun iqtisadiyyatın bütün sahələrinə təsiri olacaq".

Sizin Reklam Yeriniz