Əlaqə Arxiv
news Image
2014.11.21
08:47
| A A A
“Kölgə iqtisadiyyatı” ilə büdcədən yayındırılan pullar
Hacıəmi Atakişiyev: “Bizim hesablamalara görə, gələcəkdə reklam bazarında 1 milyard manatdan çox dövriyyə olacaq” Eldar Qocayev: “Problemi inzibati üsullarla tənzimləmək çətindir”

"Reklam sahəsində "kölgə iqtisadiyyatı" həddən artıq çoxdur". Bunu Milli Məclisdə Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov deyib. Onun sözlərinə görə, indi ölkədə reklam dövriyyəsinin həcmi 60 milyon manat, reklamdan gələn gəlir isə 26 milyon manat təşkil edir: "Yəni, bu sahədə "kölgə iqtisadiyyatı" həddən artıq çoxdur. Buna görə də, reklam haqqında yeni qanunun qəbuluna ehtiyac var".

Millət vəkili "kölgə iqtisadiyyatı"nın daha çox hansı növ reklamlarda olduğunu bildirməsə də, ekspertlərin fikrincə, əsas problem bu sahədə rəqabət qabiliyyətinin zəif olmasındadır. Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev "Mövqe"yə açıqlamasında bildirir: "Bakı şəhəri İcra Hakimiyyətinin (BŞİH) Reklam İdarəsi ildə 1.2 milyon manatlıq dövriyyələrinin olduğunu bildirdi. Amma bu rəqəm çox azdır. Şəhərin müxtəlif yerlərində olan reklamların kvadratmetri 400 manatdırsa və şəhərdə olan reklam şitinin sayını nəzərə alsaq, toplanan məbləğin daha böyük olduğunu görərik. Bundan başqa, burada kütləvi informasiya vaitələrində, nəqliyyatda olan reklam da var. Bunların hamısı bir yerdə böyük dövriyə deməkdir. Burada bir az da "kölgə iqtisadiyyatı" varsa, reklam dövriyyəsinin daha böyük olduğu üzə çıxır. Bizim hesablamalara görə, gələcəkdə reklam bazarında 1 milyard manatdan çox dövriyyə olacaq. Bu da Azərbaycan iqtisadiyyatı üçün böyük töhfədir. Hazırda reklam bazarında "kölgə iqtisadiyyatı"nın olması bu sahədə rəqabətin zəif aparılması ilə əlaqədardır. Rəqabət qabiliyətinin zəifliyi "kölgə iqtisadiyyatı"nı şərtləndirən amillərdəndir. Yəni, reklam müvqavilələri qeydiyata düşmür, hesabat verilmir, köçürmələr, əməliyyatlar yoxdur.Burada qanunda da boşluq var ki, "kölgə iqtisadiyyatı"yaranıb. Yəni, 1997-ci ildə hazırlanan qanun bu günün tələblərinə cavab vermir. Çünki, o vaxt reklam bazarı çox zəif idi. İndi isə reklam bazarı güclənib. Qanunda dəyişiklər həmin boşluqları aradan qaldırmaq, günün tələblərinə cavab vermək üçün edilir. Reklam bazarı sərbəst buraxılmalıdır. Reklam bazarı və təmsilçiləri – agentliklər, reklam verən, istehsalçısı və yayıcı sərbəst fəaliyyət göstərməlidirlər. Onlar vergiləri də açıq verməlidirlər".

İqtisadi məsələlər üzrə hüquqşünas Eldar Qocayev hesab edir ki, illik 60 milyon manatın özü də böyük rəqəm deyil: "Hazırki "Reklam haqqında" qanun müasir dövrün tələblərinə cavab vermir. Kiçikhəcmli qanundur. Ona əlavə və dəyişikliklərin edilməsi lazımdır. Dəqiq detallarla analiz edilməlidir".

Hüquqşünasın sözlərinə görə, "kölgə iqtisadiyyatı"nın yaranmasında iki mühüm faktor var: "İlk növbədə problem qanunun tətbiqindədir. Reklam verərkən qanuna düzgün riayət olunmur. Məsələn, qanunla qadağan olunmuş ifadələr işlənilir. Yəni, qanunu düzgün tətbiqinə nəzarət olunmalıdır. İkincisi isə reklam üçün mühitin məhdudluğudur. Reklam bazarında rəqabət zəifdir. Bəzən burada qiymətlərin tənzinlənməsi üsulunu təklif edənlər olur. Ancaq bunun üçün reklam qiymətləri tənzimlənən qiymətlər siyahısına salınmalıdır. Burada söhbət çoxsaylı məhsulların qiymətindən gedir. Belə olarsa, bu, həm də azad sahibkarlığa təsir edilmiş olar. Yəni, nəzəri olaraq maksimum və minimum həddləri müəyyənləşdirmək mümkündür. Ancaq bu da məsələnin tam həlli deyil. Bunun özü ikili mühasibatlıq yaradacaq. Göstərilən rəqəmlə rəsmiləşdiriləcək, amma pulun qalan hissəsi də alınacaq. Bazar iqtisadiyyatının ən böyük qanunu tələb-təklifdir. Bunu həyata keçirmək üçün də normal rəqabət mühiti olmalıdır. Yəni, problemi inzibati üsullarla tənzimləmək çətindir".

Sizin Reklam Yeriniz