Əlaqə Arxiv
news Image
2014.11.22
08:51
| A A A
Azərbaycan Orta Asiyanın əsas tranzit ümidinə çevrilir
Zəfər Vəliyev: “Aşqabadla Bakı arasında enerji daşıyıcılarının nəqli məsələsində əməkdaşlıq hər iki ölkənin maraqlarına cavab verir”

Məlumat verildiyi kimi, bu günlərdə "Türkmənistan neft və qazı - 2014" konfransında iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbəri Rövnəq Avdullayev Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovla görüşüb. Görüşdə Qurbanqulu Berdıməhəmmədov bildirib ki, rəsmi Aşqabad Türkmənistan-Azərbaycan tərəfdaşlığını bütün istiqamətlərdə dəyişməz olaraq fəallaşdırmaq niyyətindədir.

Görüşdə ARDNŞ prezidenti Türkmənistanın BMT-nin himayəsi altında beynəlxalq ekspert qrupunun yaradılmasına dair təklifini yüksək qiymətləndirib. Bu qrupun fəaliyyətinin əsas məqsədi dünya bazarlarına enerjidaşıyıcıların etibarlı və sabit şəkildə çatdırılmasının təminatına istiqamətlənmiş yeni beynəlxalq hüquqi mexanizmin hazırlanması olacaq. Hesab olunur ki, bütün bu addımlar nəticə etibarı ilə məhşur "Transxəzər" layihəsinin də reallığa çevrilməsi ilə nəticələncək.

Ekspert Zəfər Vəliyevin dediyinə görə, beynəlxalq ekspert qrupunun yaradılması da məhz "Transxəzər" layihəsinin gerşəkləşməsinə hesablanmış addımdır: "Artıq bir neçə gündür ki, Aşqabadda Türkmənistan neft-qaz sənayesi sahəsində beynəlxalq əməkdaşlığa dair konfrans keçirilir. Konfransın əsas məramı Türkmənistanın karbohidrogen ehtiyatlarına xarici investisiyaların cəlb edilməsi və eyni zamanda dünyanın bu sahədə aparıcı şirkətlərilə innovasiya texnologiyaların tətbiqi ilə bağlı əməkdaşlıq məqsədi daşıyır. ARDNŞ prezidenti Rövnəq Abdullayev də burada iştirak edib və Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovla görüşüb. Bu görüşdə ARDNŞ prezidenti Berdıməhəmmədovun Türkmənistanın enerji daşıyıcılarının dünya bazarına etibarlı və dayanıqlı daşınmasının təmin edilməsi istiqamətində beynəlxalq ekspert qrupu tərəfindən yeni beynəlxalq hüquqi mexanizmin işlənib hazırlaması ilə bağlı mövqeyini dəstəklədiyini bildirib. R. Abdullayev bununla bağlı müvafiq həmin işçi qrupunun ilk iclasını Bakıda keçirməyi təklif edib.

Türkmənistan karbohidrogen ehtiyatları baxımından cəlbedici ölkədir. Qaz ehtiyatlarına görə bu ölkə ilk beşliyi bölüşən ölkədir. Bu mənada Türkmənistanın karbohidrogen ehtiyatları həmişə dünyanın aparıcı şirkətlərinin diqqət mərkəzində olub. Aşqabadla Bakı arasında enerji daşıyıcılarının nəqli məsələsində əməkdaşlıq hər iki ölkənin maraqlarına cavab verir. Artıq Türkmənistanla enerji məsələsində ciddi əməkdaşlıq səviyyəsindəyik. Bu ölkənin hasil etdiyi neftin bir hissəsi məhz Azərbaycan üzərindən Avropaya daşınır. Cari ilin 9 ayı ərzində 3 milyon 600 min tondan çox neft məhz bu istiqamət üzrə dünya bazarına çıxarılıb.

Bu günlərdə isə Türkmənistan Neft Qaz Nazirliyi ilə İtaliyanın ENİ şirkəti arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb. Onun ana xətti Türkmənistanın "Nebitdağ" yatağında Türkmən Nebit Dövlət Konserni ilə ENİ şirkəti arasında birgə əməkdaşlıqdır. Bu yataqda neft ehtiyatları 500 milyon ton, qaz ehtiyatı isə 600 milyard kubmetrə qədərdir. Bununla bağlı "ENİ Türkmənistan LTD" Şirkəti də yaradılıb. Bu əməkdaşlıqlar onu göstərir ki, gələcəkdə Türkmənistanın hasil etdiyi qazın bir hissəsi məhz Azərbaycan üzərindən Gürcüstan və Türkiyədən keçməklə Avropa bazarlarına ixrac ediləcək. "Transxəzər" layihəsilə bağlı uzun müddətdir ki, ciddi müzakirələr və danışıqlar gedir. "Transxəzər" layihəsi isə 1999-cu ildən gündənə gəldi. O zamandan başlayaraq həmin layihənin gerçəkləşməsi istiqamətində Avropa strukturları ilə Türkmənistan rəsmiləri arasında ciddi danışıqlar aparıldı. Son olaraq bu məsələ ilə bağlı Türkmənistanla Avropa Kommisiyası arasında enerji memorandumu imzalandı. Ona əsasən, yaxın perspektivdə Türkmənistan qazının bir hissəsi Azərbaycan üzərindən Avropaya ixrac ediləcək. Bu məsələlər indi danışıqlar səviyyəsindədir. Bunun üçün Türkmənistanla Azərbaycanın qaz nəql sistemini birləşdirən kəmər olmalıdır. Sovet dönəmində Xəzərin dibi ilə belə bir kəmər var idi. Lakin artıq bu kəmərdən istifadə edilmir. Çünki, Aşqabadın Bakıya qarşı qaldırdığı iddialarla bağlı kəmərin fəaliyyəti dayandırıldı. Ona görə də indi yenidən bir qaz kəmərinin çəkilməsinə ehtiyac var. Türkmənistan hazırda Şərq-Qərb qaz nəql kəmərini həyata keçirir. Ölkənin zəngin qaz qaynaqlarının olduğu Cənub-Şərq bölgəsindəki qaz yataqları Marı vilayətindəki "Şadlıq" qaz kompressor stansiyasından başlayıb, Türkmənistanın Xəzər sahilinə doğru Türkmənbaşındakı "Bələk" qaz kompressor stansiyasına doğru davam edəcək. Bu, o deməkdir ki, yaxın perspektivdə Aşqabad öz qazının bir hissəsini həmin kəmər vasitəsilə Avropa bazarına çıxaracaq. Türkmənistan habelə Rusiya və İrana da Dövlətabad-Xangiran və Körpəcə-Kurtkuye xəttilə qaz ixrac edir. İran isə bildirib ki, yaxın gələcəkdə Türkmənistandan qaz ixracını dayandıra bilərlər. Rusiyada da həmçinin müəyyən dairələrin dediyinə görə, bu ölkə də anoloji addımı ata bilər. Belədə gələcəkdə, Türkmənistan qazının etibarlı satışını təşkil etmək üçün özünün ixrac kəmərlərini şaxələndirməlidir. Bu halda Avropa bazarı Aşqabad üçün cəlbedicidirsə, onlar mütləq "Transxəzər" qaz kəməri layihəsinin gerçəkləşməsinə start verməlidir. Bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Aşqabada rəsmi səfəri çərçivəsində də Türkmənistan qazının Türkiyə bazarına çıxarılması ilə bağlı ciddi danışıqlar oldu. Türkiyənin "Ataqaz" şirkətilə Türkmənqaz şirkəti arasında qarşılıqlı əməkdaşlığa daim memorandum imzalandı. Bütün hallarda yaxın gələcəkdə Türkmənistanın qaz qaynaqlarının Avropa bazarlarına daşınmasının şahidi olacağıq. 2019-cu ildən sonra "Transadriatik" boru kəməri istismara buraxıldıqdan sonra Avropanın enerji xəritəsində ciddi dəyişikliklər baş verəcək".

Sizin Reklam Yeriniz