Əlaqə Arxiv
news Image
2014.11.28
07:27
| A A A
Azərbaycan manatına beynəlxalq miqyasda böyük maraq yaranır
Oqtay Haqverdiyev: “Bu tendensiya manatın məzənnəsinin güclü və etibarlı olmasından irəli gəlir” Natiq Cəfərli: “Azərbaycan bazarı xarici investorlar üçün ciddi maraq kəsb edir”

Azərbaycan manatının stabil olması ona dünya miqyasında getdikcə daha maraq yaradır. Bunun nəticəsidir ki, bir çox xarici banklar yerli banklarla əməkdaşlıqda artıq manat ekvivalentinə üstünlük verməyə bağlayıb. Belə ki, Niderland İnkişaf Bankı (FMO) və Avstriya İnkişaf Bankı (OeEB) Azərbaycanın "Finca Azerbaijan" bank olmayan kredit təşkilatı ilə 30 milyon dollar məbləğində kredit sazişi imzalayıb. 5 il müddətinə imzalanan müqaviləyə görə, veriləcək kreditin yarısı bilavasitə dollarla, digər yarısı isə manat ekvivalenti ilə ayrılacaq. Bu isə heç şübhəsiz manata böyük etibardan irəli gəlir. Qeyd edək ki, manat bu xüsusiyyətinə görə, artıq Azərbaycana yaxın ərazilərdə, Gürcüstan, İranın bəzi bölgələrində də istifadə olunur. Artıq prosesə xarici bankların da maraq göstərməsi, manatın beynəlxalq miqyasda mövqeyinin güclənməsinə rəvac verir.

İqtisadçı-ekspert Oqtay Haqverdiyev bildirdi ki, xarici bankların yerli banklara ayırdığı vəsaitin bir hissəsini manat ekvivalenti ilə verməsi milli valyutamıza etibarın güclənməsinin bir formasıdır: "Xarici bankların ayırdığı pul vəsaitlərinin bir hissəsini manat ekvivalentində verməsi hələlik özünü ancaq göründüyü kimi, qeyri-bank təşkilatlarında göstərir. Həmin qeyri-bank təşkilatlarının fəaliyyəti Azərbaycan daxilində olduğundan, burada da qanunlara görə manat işləyir. Ona görə də, xarici banklar Azərbaycanda bu prosesi daha da sürətləndirmək, stimullaşdırmaq üçün ayırdıqları vəsaitin bir hissəsini manat ekvivalenti ilə verirlər. Bildiyiniz kimi, qeyri-bank təşkilatlarının ayırdığı kreditlər kiçik həcmli olur.

İndiyə kimi, yerli banklar krediti alıb, sonra manat ekvivalentinə özləri çevirib, müştərilərə verirdilər. İndi isə görünür, həmin xarici maliyyə qurumları hesab edir ki, bilavasitə özləri kredit alanlarla təmasda olsunlar. Ona görə də, vəsaitin bir hissəsini manat ekvivalenti üzrə ayırırlar. Onların ayırdığı vəsaitlər ölkə daxilində işləyir. Burada da qanuna görə, hesablaşma manatla aparılır. Xarici bankların yerli banklara kredit ayırarkən, onun bir hissəsini manat ekvivalenti ilə vermək niyyətləri də məhz bununla əlaqəlidir. Bu isə həm də manatın məzənnəsinin güclü və etibarlı olmasından irəli gəlir. Xaricilərin də manata etibarlılığı var. Mərkəzi Bankın apardığı siyasət manatın kursunu hazırki səviyyədə saxlamaqdan ibarətdir. Bu da Azərbaycan üçün yaxşıdır".

Ekspert Natiq Cəfərli isə bu qənaətdədir ki, ölkədə birbaşa xarici investorlara məxsus bankların yaradılmasına yaşıl işıq yandırılarsa, bu halda onların manata marağının artması ilə milli valyutanın beynəlxalq miqyasda mövqeyinin güclənməsinə müəyyən töhfə verilə bilər: "Öncə onu deyim ki, hələlik xarici bankların Azərbaycanın bank olmayan kredit təşkilatlarına ayırdığı vəsaitin bir hissəsini manat ekvivalenti ilə verməsi özünü kiçik rəqəmlərlə göstərir. Yəni, burada kiçik rəqəmlərdən söhbət gedir. Burada əsas məqam odur ki, Azərbaycanda bank faizlərinin yüksək olması xarici investorları ölkəmizə cəlb edir. Bu anlamda Azərbaycan bazarı xarici investorlar üçün ciddi maraq kəsb edir. Belə vəziyyət Azərbaycan manatının bir qədər güclənməsinə səbəb ola bilər. Azərbaycan manatının həcmi və dünya iqtisadiyyatında tutduğu yer o dərəcədə böyük deyil ki, xaricdə milli valyutamıza ciddi maraq yaransın. Sadəcə, banklarda və kredit təşkilatlarında Azərbaycana maraq getdikcə artır. Azərbaycanda bank vəsaitinin 100 faizinin də xarici investorlara məxsus olduğu bank yoxdur. Azərbaycan qanunvericiliyi buna yol vermir. Ona görə də xarici donorlar Azərbaycanda yerli partnyorlar axtarır və onlar vasitəsilə bazara daxil olmağa çalışırlar. Azərbaycanda bütün bank vəsaitlərinin tamamilə xarici investorlara məxsus olduğu bank yaranarsa, bu halda manatın beynəlxalq miqyasda mövqeyinin güclənməsi müəyyən dərcədə baş verə bilər. Çünki, Azərbaycan ərazisində kredit əməliyyatları manatla keçirilir. Bu, müəyyən dərəcədə onların manata marağının artmasına gətirib çıxarar. Əsas məsələ odur ki, belə bir hal baş verərsə, ölkədə rəqabət güclənər və limit faizləri aşağı düşər".

Sizin Reklam Yeriniz