Əlaqə Arxiv
news Image
2014.11.29
09:18
| A A A
Dünya neft bazarında yeni böyük oyunlar
Zəfər Vəliyev: “OPEK ölkələrinin hasilatı azaltmaq barədə razılığa gəlməməsində siyasi amillər var”

Dünya neft hasilatının 40 faizinə nəzarət edən OPEK ölkələrinin son Vyana toplantısı gözlənildiyi kimi tərəflər arasında razılığın əldə olunmaması ilə nəticələndi. Belə ki, burada İran, Venesuela kimi ölkələr hasilatın azaldırlmasına və bu yolla neftin qiymətinin enməsinin qarşısını almağa çalışdılar. Lakin Səudiyyə Ərəbistanı və bəzi digər üzvlərin səyi ilə hasilatın azaldılmasına dair razılıq əldə olunmadı. Nəticədə OPEK-in Vyana toplantısı neftin qiymətinin yenidən ucuzlaşması ilə nəticələndi. Həmin tədbirdən dərhal sonra "qara qızıl" daha 7 fazi ucuzlaşıb və 70 dollar səviyyəsinə enib. Maraqlıdır ki, bu hal OPEK üzvlərinin özünə də maliyyə baxımından mənfi istiqamətdə ciddi təsir göstərir. Bunu neft hasilatını azaltmaq istəməyən OPEK ölkələri də əvvəlcədən bilirdilər, lakin buna getdilər. Deməli, məsələnin kökündə başqa amillər var.

Ekspert Zəfər Vəliyev bildirdi ki, hasilatın azaldılması barədə razılığa gəlinməməsi geosiyasi məqamlarla bağlıdır: "Vyanada OPEK ölkələrinin qapalı görüşündə neft hasilatının aşağı salınması ilə bağlı razılığa gəlinmədi. Bu, əvvəlcədən gözlənilən idi. Bunun ardınca enerji bazarlarında qeyri-müəyyən situasiya formalaşdı. Hazırda "Brent" markalı neftin qiyməti 71 dollara enib. "Texas" neftinin qiyməti isə 68 dollar civarındadır. Sentyabrdan başlayaraq, neftin qiymətinin 30 faizə qədər ucuzlaşması OPEK ölkələrinin bir çoxunu narahat edib. Əsasən də Venesuela, Ekvador, İran, İraq, Nigeriya və Anqolanı. Çünki, həmin ölkələrin gəlirlərinin 80 faizindən çoxu məhz neftdən gələn gəlirlərdən formalaşır. Səudiyyə Ərəbistanının neft naziri Əli ibn İbrahim Əl-Nəimi toplantıdan əvvəl digər OPEK ölkələrinə müraciət etdi ki, hasilat kvotasını aşağı salmasınlar. Ondan əvvəl isə Küveytin neft naziri bəyan etdi ki, neft ölkələri dünya bazarıında "qara qızıl"ın hər hansı bir qiymətinə hazır olmalıdırlar. Vyana görüşündən əvvəl ciddi məsləhətləşmələr olub. Venesuela, Liviya, Səudiyyə Ərəbistanı və İran arasında. Anoloji məsləhətləşmələr Rusiya ilə Səudiyyə Ərəbistanı arasında da aparılıb. Burada da bəyan edildi ki, beynəlxalq neft bazarlarını geopolitik siyasi həmlələrdən qorumaq lazımdır.

Sentyabrdan neft ucuzlaşmağa başlanandan, Rusiya şirkətlərinin rəhbərləri bəyan edirdi ki, bu, birbaşa siyasi manipulyasiyadan doğan məqamdır. Sentyabra qədər OPEK ölkələri hasilat kvotasını artırmışdılar. Belədə avqusta qədər OPEK ölkələrinin sutkalıq hasilatı 1 milyon barrelə yaxın olub. Liviyada neft hasilatı bərpa olundu, İraqda hasilat artdı. ABŞ-da isə sutkalıq hasilat yüksək həddə qalxaraq, 8,6 milyon barrel oldu. Gələn il isə 9,4 barrelə çatdırmağı planlaşdırıblar.

Neftin ucuzlaşması ilə bağlı olaraq isə bir neçə səbəb göstərilir. Bunu bir tərəfdən dünyanın iqtisadi göstəricilərilə bağlayırlar. İkinci, ABŞ Federal Ehtiyat Fondunun son bir ildə həyata keçirdiyi pul kredit siyasətilə əlaqələndirirlər. Dolların möhkəmlənməsini neftin ucuzlaşmasında əsas amil hesab edirlər. Beynəlxalq Enerji Agentliyinin son məlumatına görə, 2014-cü ildə dünya üzrə neftə olan sutkalıq tələbat 92,6 milyon barreldir. OPEK üzrə sutkalıq hasilat isə 30 milyon 253 min barerel olub. OPEK-dən kənarda isə bu hasilat 58 milyondan yuxarıdır. Bu rəqəmlərə istinad etməklə görərik ki, neftin qiymətinin aşağı enməsi heç də iqtisadi amilərlə bağlı deyil. Dünyada neft istehlak edən əsas ölkələr ABŞ və Çindir. ABŞ-ın sutkalıq idxal həcmi 7,5 milyon barreldən çoxdur. Çində isə hazırda 5,5 milyon barrelə düşüb. Dünyanın aparıcı analitik və mütəxəssislərinin rəyinə görə, neftin ucuzlaşmasında iki versiya var. Onlara görə, bu versiyalar əsasında neft bazarı uğrunda Səudiyyə Ərəbistanı-ABŞ sövdələşməsi əsasında Rusiya ilə İrana ciddi təsirlər etmək məsələsi dayanır. Neftin ucuzlaşmağa başlaması ilə Asiya bazarlarında kontrakt şərtlərinə dəyişiklik edən ilk ölkə Səudiyyə Ərəbistanı oldu. O, Asiya bazarına mövqeyini qorumaq üçün nefti daha ucuz satmağa qərar verdi. Ardınca anoloji addımı İraq və İran atdı və bazarda qeyri-müəyyən vəziyyət yarandı. Səudiyyə Ərəbistanı hasilat kvotasını aşağı salmaqdan imtina edir, həm də qiymətdə endirimlər edir. Bu isə həmin ölkəyə sərf edir. Çünki burada bir barrel neftin maya dəyəri 10 dollardır. Son illər ABŞ şist neft hasil edir. Analitiklərə görə, bazarda qiymət 70 dollar və ondan aşağı düşərsə, ABŞ-da şist neftin rentabelliyi aşağı düşəcək. Amma ABŞ-ın Energetika Nazirliyi tərkibindəki Enerji İnformasiya Departamentinin rəsmiləri bəyan edib ki, bu, heç də belə deyil. ABŞ-dakı şist neftin 1 tonunun maya dəyəri 30 dollardır. Beləcə bir-birinə zidd açıqlamalar verilir. Neft ucuzlaşandan bəri Fars körfəzi ölkələrindən Asiya-Sakit okean ölkələrinə 40 milyon ton neft daşımaq üçün müqavilələr bağlanıb. Bu da keçən ilki göstəricidən 5 faiz yuxarıdır. Deməli, dünya bazarında kifayət qədər neft var. Bütün bunlar onu deməyə əsas verir ki, neftin ucuzlaşmasında, OPEK ölkələrinin hasilatı azaltmaq barədə razılığa gəlməməsində siyasi amillər var.

Sutkalıq dünya üzrə tələbat 92 milyon barreldirsə, ümumi mənzərənin belə olduğu aydınlaşar. Çünki, OPEK ölkələrinin gündəlik hasilatı 30 milyon, digərlərinin ki isə 58 milyon civarındadır. İddia edirlər ki, hər gün dünya bazarında 1-2 milyon ton artıq neft mövcud olur. Sual olunur, onda bu neft harda saxlanılır? Bunu dəqiqləşdirmək mümkün olmayıb. 2009-cu ildə belə bir hadisə olmuşdu. Dərhal beynəlxalq neft müftəkirləri 2008-ci ildə neftin qiyməti məsələsindən məharətlə istifadə edib, kifayət qədər neft alıb qurudakı rezevuar çənləri və üzən gəmilərdə saxladılar. Qısa müddətdə də onu istehlakçı ölkələrə sata bildilər. Anoloji hadisə indi də özünü göstərməkdədir".

Həmsöhbətimizin fikrincə, neftin qiymətinin enməsinin əsas təsiri Rusiya, Venesuela, Ekvador, İran, İraq kimi ölkələrə olacaq: "Çünki, bu ölkələrin həm əhalisi çoxdur, həm də gəlirləri əsasən neft satışından formalaşır. Rusiyada yerlərdən asılı olaraq neftin maya dəyəri 35 dollardan 70-80 dollara qədər dəyişir. Hasilatın aşağı salınması istiqamətində razılığın olmaması ilə Nigeriyanın milli pul vahidi devalvasiyaya uğradı, 1 dollar 178 lariyə qalxdı. Deməli, bu dövlətlər ciddi maliyyə sıxıntıları ilə qarşı-qarşıya qalacaq".

Sizin Reklam Yeriniz