Əlaqə Arxiv
news Image
2012.07.10
12:30
| A A A
Azərbaycanda kosmik sənayenin inkişaf perspektivləri

Müasir dövrdə istənilən ölkə və cəmiyyətin dinamik tərəqqisini şərtləndirən, fundamental əhəmiyyətə malik əsas məqamlardan biri də informasiya-kommunikasiya texnologiyaları (İKT) ilə bağlıdır. İKT-nin nailiyyətlərindən yararlanmadan, innovativ texnologiyaların tətbiqini həyata keçirmədən bu gün təhsildən səhiyyəyə, idarəetmədən biznesə, iqtisadiyyatdan ən müasir infrastrukturun yaradılmasına kimi geniş bir spektri əhatə edən sferalar üzrə sürətli, zamanın çağırışlarına adekvat inkişafından danışmaq mümkünsüzdür. Sözügedən kontekstdə təqdirəlayiq haldır ki, ölkəmizdə yüksək texnoloji tutumlu və yüksək rəqabətli iqtisadiyyatın qurulmasında İKT-nin rolu davamlı surətdə genişlənir. Bunun məntiqi nəticəsidir ki, İKT-nin yüksək səviyyədə tətbiqinin ən ali göstəricisi sayılan kosmik sənayenin yaradılması da Azərbaycanın dinamik tərəqqisini xarakterizə edən əsas nüanslardan birinə çevrilib.

Bu isə həm sürətli inkişaf məqsədilə həyata keçirilən siyasətdən irəli gələn əsas hədəflərdən biri, həm də modern tərəqqinin başlıca təzahür formasıdır. Çünki günümüzdə insan özünü mobil telefonsuz, peyk televiziyasız, sürəli internetsiz çətin təsəvvür edə bilir. Lakin çox az adama məlumdur ki, sivilizasiyanın belə yüksək intibahı kosmosla birbaşa bağlıdır: çünki məhz kosmik cihazlar həm yuxarıda göstərilənlərin əsasında duran əsas özüldür, həm də geniş məsafəyə məlumatların kifayət qədər sürətlə ötürülməsi bilavasitə həmin cihazlar sayəsində mümkün olur. Elə bu səbəbdəndir ki, hiss etməsək, belə yaşadığımız əsrin kosmik texnologiyaları gündəlik həyatımıza dərindən nüfuz edərək onu daha komfortlu hala gətirib. Qeyd olunanlar fonunda cəsarətlə söyləmək mümkündür ki, ölkəmizdə kosmik sənayenin inkişafının prioritet olmasının daha bir əsas məqsədi əhaliyə daha yüksək şəkildə yerli resurslar hesabına xidmət göstərilməsi ilə əlaqədardır.

Danılmaz həqiqətdir ki, bu gün Azərbaycanda kosmik sənayenin yaradılması, telekommunikasiya peyklərinin orbitə çıxarılması, respublikada ümumi intellektual potensialın və imkanlarımızın inkişafına xüsusi diqqət və qayğı göstərilir. Bununla bağlı olaraq iqtisadiyyatın şaxələndirilməsi siyasətinin lokomotivi sayılan informasiya-telekommunikasiya sektorunda irimiqyaslı layihələr həyata keçirilir. Rabitə peyklərinin buraxılması, kosmik texnologiyaların inkişafı, Trans-Avrasiya İnformasiya Magistralının (TASİM) çəkilməsi, regional innovasiya sistemlərinin yaradılması ən mühüm istiqamətlər sırasında yer alır. Bütün bunların uğurla reallaşmasının ən ümdə şərtlərindən biri isə kosmik sənaye ilə bağlıdır. Həmin sənayenin yaradılması üçün qanunvericilik səviyyəsində genişmiqyslı işlər görülüb. Ölkəmizin maliyyə imkanları isə digər ehtiyacları qarşılamağa imkan verir.

Xatırlatmaq yerinə düşərdi ki, prezident İlham Əliyev "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" 4 noyabr 2008-ci il tarixli sərəncam imzalayıb. Həmin sərəncama uyğun olaraq 2009-cu ilin avqustunda "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" təsdiq edilib. Dövlət Proqramı respublikada kosmik sənayenin yaradılması və inkişaf etdirilməsi, dövlət strukturlarının peyk rabitəsinə olan tələbatının ödənilməsi, regionlarda əhalinin teleradio yayımına artan tələbatının təmin edilməsi, ölkənin beynəlxalq rabitə kanallarının artırılması və kosmik fəzadan səmərəli istifadə etməklə iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və s. sahələrin inkişaf etdirilməsini əsas məqsəd kimi özündə ehtiva edir.

Qeyd olunan sərəncam və Dövlət Proqramının icrasının təmin edilməsi məqsədilə görülmüş tədbirlər çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi (BƏHM) ilə Malaziyanın "Measat" şirkəti arasında Malaziyaya məxsus 46°Ş orbital mövqenin 20 illik icarəsini, həmçinin BƏHM ilə ABŞ-ın aparıcı peyk istehsalçısı olan "Orbital" şirkəti arasında peykin istehsalını və BƏHM ilə Fransanın "Arianespace" şirkəti arasında Azərbaycan peykinin orbitə çıxarılmasını nəzərdə tutan əsas müqavilələr imzalanıb. Peykin orbitə çıxarılması istiqamətində konkret tədbirlər həyata keçirilməsi davam etdirilir və peykin 2012-ci ilin son rübündə geostasionar orbitə çıxarılması planlaşdırılır.

Azərbaycan telekommunikasiya peykinin C və Ku band tezlik diapazonunda fəaliyyət göstərəcəyi, Avropanın tam, Asiyanın isə böyük bir hissəsini əhatə edəcəyi planlaşdırılır. Bu peyk vasitəsilə telefon rabitəsi, televiziya və radio yayımları, yüksəksürətli internet, multimedia xidmətləri göstəriləcək və korporativ VSAT şəbəkələri yaradılacaq. Digər tərəfdən bununla gələcək inkişaf üçün potensialın yaradılması, milli və informasiya təhlükəsizliyinin təmin olunması və gücləndirilməsi, qlobal informasiya məkanına inteqrasiyanın genişləndirilməsi, dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin peyk şəbəkələrinə qoşulma imkanlarının təmin edilməsi, peyk sistemləri, onların idarə edilməsi və istismarı, eyni zamanda, kosmik sənayenin yaradılması və inkişafı üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi, kosmik sənaye sahəsinə investisiyaların cəlb edilməsinə şəraitin yaradılması kimi strateji məqsədlərə nail olunacaq. Həmçinin respublika ərazisinin peyk rabitəsi, radio və televiziya yayımı ilə təmin edilməsi, dövlət strukturlarının xüsusi rabitəyə olan tələbatının ödənilməsi, respublika ərazisində ətraf mühitin monitorinqi və texnogen mənşəli fövqəladə halların proqnozlaşdırılması və tədqiqi üzrə araşdırmaların aparılması, dənizdə və quruda neft dağılmalarının miqyasının qiymətləndirilməsi, respublikanın beynəlxalq kosmik proqramlarda iştirakına şəraitin yaradılması, kosmik sənayenin inkişafının təmin edilməsi, yerli istehsalın stimullaşdırılması və onun ixrac potensialının dəstəklənməsi, kosmik sənaye və peyk sistemləri sahəsində mütəxəssislərin hazırlanması, strateji əhəmiyyətli infrastruktur obyektlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə monitorinqin aparılması, ümumiyyətlə kosmik sənayenin yaradılması və inkişafı da nail olunacaq əsas strateji məqsədlər sırasında yer alır.

Bununla yanaşı, Prezident İlham Əliyev ölkəmizin ilk telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismarı işlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında" 2010-cu il 3 may tarixində Sərəncam imzalayıb. Cari ilin sentyabrına qədər Bakıda və Naxçıvanda Yerüstü Peyk İdarəetmə Mərkəzi istifadəyə veriləcək.

"Azərkosmos" şirkətinin icraçı direktoru Rəşad Nəbiyevin sözlərinə görə, peykin yerüstü idarə olunması üçün əsas və ehtiyat mərkəzləri inşa olunur. Əsas mərkəz Bakı yaxınlığında - Qala qəsəbəsində, ehtiyat mərkəz isə Naxçıvanda yerləşir. Layihənin ümumi dəyəri 250 milyon ABŞ dolları təşkil edir.

Artıq kosmik sənaye ölkəsinə çevrilən Azərbaycan qarşıdakı 3 ildə kosmosa daha iki peyk çıxaracaq. Belə ki, bu ilin sonunda Azərbaycan ilk telekommunikasiya peykini orbitə çıxardıqdan sonra daha bir analoji peyki kosmosa buraxacaq. İkinci telekommunikasiya peyki ilə bağlı araşdırma işləri başa çatıb. İknci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2015-ci ilə nəzərdə tutulur. Lakin Azərbaycan kosmosa təkcə telekommunikasiya peykləri çıxarmır. Belə ki, Yer səthinin müşahidə və tədqiqatı üzrə aşağı orbitli kiçik həcmli peykin orbitə çıxarılması da planlaşdırılır. Bu proses gələn il həyata keçəcək. Deməli, 2015-ci ilə qədər kosmosda 3 Azərbaycan peyki olacaq. Həmin peyklərdən istifadəyə isə artıq Avropa ölkələri də xüsusi maraq göstərirlər. Məsələn, məlumdur ki, İsveçrənin "OnAir" şirkəti perspektivdə Azərbaycanın ilk süni rabitə peykinin resurslarınından istifadəyə böyü maraq göstərir. Məlumat üçün bildirək ki, "OnAir" şirkəti dünyada səmada, hava nəqliyyatında mobil xidmət göstərilməsi üçün yaradılmış yeganə şirkətdir. Şirkət rəhbəri ilə artıq danışıqlar aparılıb və peykin orbitə çıxarılmasından sonra onun resursları "OnAir" şirkəti tərəfindən istifadə olunacağı gözlənir. Bu isə o deməkdir ki, bir neçə ay sonra kosmosa buraxılacaq telekommunikasiya peyki təkcə Azərbaycanın tələbatını ödəmək üçün nəzərdə tutulmayıb. Respublikanın ehtiyacları üçün onun resurslarının təqribən 20 faizi istifadə ediləcək, peykin qalan resursları beynəlxalq bazarda reallaşdırılacaq. Artıq peykin resurslarından istifadə etmək üçün, Avropa və region ölkələri də maraq göstərir. Hazırda peykin resurslarının 39,5 faizi artıq Malaziya operatoru "Measat" tərəfindən icarəyə götürülüb. Yerdə qalan 60 faizi isə yerli və xarici ölkələrin şirkətlərinə icarəyə veriləcək. Azərbaycan ilk milli peyki Skandinaviya ölkələri istisna olmaqla, Avropanın tam, Qazaxıstanın böyük hissəsini, Asiyanın isə yarısını əhatə edəcəkdir. Peyk teleradio yayım və internetlə transmissiyaya malik olacaq.

Bütün bunlar həm də böyük perspektivlər vəd edir. Ölkəmizin kosmik sənayeyə malik dövlətlərdən birinə çevrilməsindən sonra ilk olaraq respublika əhalisi yüksək keyfiyyətli teleradio yayımı ilə təmin ediləcək. Həmçinin dövlət orqanlarının dayanıqlı xüsusi rabitə xidmətləri ilə təminatı həyata keçiriləcək. Peyk rabitə xidmətləri istifadəçilərinin Azərbaycanın telekommunikasiya peykindən istifadəsinə şəraitin yaradılması, Azərbaycanın xarici ölkələrdəki səfirlik və diplomatik nümayəndəlikləri ilə birbaşa və etibarlı kosmik rabitənin yaradılması, ölkənin informasiya təhlükəsizliyinin gücləndirilməsi və qorunmasının təmin edilməsi də əsas perspektivlər sırasındadır. Bundan başqa ölkənin digər peyk şəbəkələrindən asılılığının aradan qaldırılması, yüksəksürətli peyk internet xidmətinin təşkili, fövqəladə hallar zamanı ölkənin istənilən bölgəsindən informasiyanın əldə olunması və idarəetmənin təşkili, kosmik informasiyanın qəbulu, emalı, qorunması, paylanması və istifadəsinə xidmət edən yerüstü infrastrukturun yaradılması və inkişafı yollarının müəyyən edilməsi də ölkəmizi gözləyən əsas üstünlüklər sırasında yer alır. Peykimiz orbitə çıxdıqdan sonra məhsul istehsalında və xidmətlərin göstərilməsində peyk şəbəkəsindən istifadənin təşkili, mobil abonentə multimedia peyk yayımı xidmətlərinin və ya interaktiv videonun təqdim edilməsi, kadr hazırlığının təminatı və insan kapitalının inkişafı üçün yeni imkanların yaradılması da əsas perspektivlərdən sayılır.

Qeyd edilənlər kosmik sənayenin Azərbaycanın dinamik inkişaf yolunda yeni bir yüksəliş mərhələsinin əsasını yaradacağına da heç bir şübhə yeri qoymur.

Rasim BAYRAMOV

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Sizin Reklam Yeriniz