Əlaqə Arxiv
news Image
2015.02.03
09:45
| A A A
Rusiyada yeni bahalaşma dalğası yenə Azərbaycandan yan keçəcək
Vüqar Bayramov: “İndiki məqamda Rusiyada rublla ifadədə müşahidə olunan qiymət artımları Azərbaycana təsir göstərmir” Samir Əliyev: “Burada idxal inflyasiyasının olması mümkün deyil”

Rusiyada rubl ekvivalentində ərzaq və digər növ məhsullar durmadan bahalaşır. Bu da rublun kursunun dollarla və digər valyutalarla müqayisədə kəskin aşağı düşməsilə bağlıdır. Azərbaycan da müəyyən məhsul və malları məhz Rusiyadan idxal edir. Bu kontekstdə mümkündürmü ki, ölkəmizə Rusiyadan idxal inflyasiyası artsın? Ümumiyyətlə, onu önləmək üçün hansı addımlar atılmalıdır?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, Rusiyadakı sözügedən qiymət artımları Azərbaycan bazarına təsir göstərmir: "Rusiyada ərzağın bahalaşması təbii ki, rublun devalvasiyası ilə bağlıdır. Rublun məzənnəsinin kəskin surətdə aşağı düşməsinə baxmayaraq, Rusiyada əsas ərzaq məhsullarının qiymətində artımlar müşahidə olunmur. Əslində, Rusiyadakı ərzaq məhsullarının qiymətini dollar ifadəsində qiymətləndirsək, bu gün həmin ölkədə ərzaq məhsullarının qiyməti sanksiyalar tətbiq edilən dövrlə müqayisədə təxminən 40 faizə yaxın ucuzdur. Praktik olaraq, sanksiyalar dövründə dolların məzənnəsinin bazarda yüksəlməsi, rublun məzənnəsinin aşağı enməsi, indiki artımın ancaq rubl ifadəsində öz əksini tapmasına gətirib çıxarıb. İqtisadi baxımdan Rusiya bazarında ərzaq məhsullarının qiymətində müşahidə edilən son artımlar Azərbaycan bazarında qiymətlərin bahalaşmasına gətirib çıxarmamalıdır. Ona görə ki, rublun məzənnəsi aşağı düşdükdən sonra, Rusiyada istehsal edilən məhsulların dollar ifadəsində qiymətlərində kəskin azalmalar müşahidə olunur. Rusiya istehsalı olan elə ərzaq məhsulları var ki, qiymətləri 80 faizə qədər aşağı düşüb. Buna rəğmən, Azərbaycanda satılan Rusiya istehsalı olan məhsulların, eləcə də qida mallarının qiymətində azalmalar baş vermədi. Təəssüf ki, qonşu ölkələrdə müşahidə olunan qiymət azalmaları Azərbaycan bazarına təsir etmir. Baxmayaraq ki, həmin məhsulu Azərbaycana gətirən iş adamları üçün Rusiya malları daha ucuz başa gəlir. İndiki halda Azərbaycanın istehlak bazarında qiymət artımları baş verərsə, bu, iqtisadi şərtlərlə deyil, daha çox süni qiymət artımları olacaq. İş adamlarının Rusiyada ərzaq məhsullarının rublla ifadədə qiymətinin artmasından istifadə edərək, süni şəkildə daha çox gəlir əldə etməsi anlamına gələcək. Belə qiymət artımları baş verəcəksə, bu, süni qiymət olduğundan, ona qarşı mübarizənin gücləndirilməsinə ehtiyac var. İndiki məqamda Rusiyada rublla ifadədə müşahidə olunan qiymət artımları Azərbaycan bazarına təsir göstərmir. Azərbaycan istehlak bazarında qiymətin bahalaşması üçün hər hansı bir zəmin yaratmır".

İqtisadi Təşəbbüslərə Yardım İncimai Birliyinin eksperti Samir Əliyev düşünür ki, ölkəmizdə idxal inflyasiyasının olması mümkünsüzdür: "Azərbaycanda idxal inflyasiyası gözlənilmir. İnflyasiyanın ölkəmizdə indiki səviyyədə saxlanılmasının əsas səbəbi də idxal inflyasiyası təsirlərini minimuma endirmək və yaxud ümumiyyətlə, aradan qaldırmaqla bağlıdır. İndiki situasiyada Azərbaycanın idxal üzrə xarici tərəfdaşlarının milli valyutaları məzənnə baxımından aşağı düşür. Bunu Türkiyə, Gürcüstan, Rusiya, İranda və Avropa ölkələrində müşahidə edirik. Bu gün həmin ölkələrdə valyutaların ucuzlaşması prosesi ona gətirib çıxarır ki, sadalanan dövlətlərdən Azərbaycana gətirilən mallar ən azından nəzəri cəhətdən ucuzlaşır. Praktik baxımdan bu baş vermir, baş versə də, az olur. Baxmayaraq ki, Rusiyada rubl dəyərində qiymətlər qalxır, amma onu manata çevirəndə əvvəlki səviyyədən çox bahalaşmasına gətirib çıxarmaz. Təsəvvür edin ki, rubl manata nisbətən iki dəfə ucuzlaşıb, amma qiymət orada 30-50 faiz artır. Belə hal Azərbaycan vətəndaşı üçün uduşludur. Ayrı məsələ ki, bu qiymətlər Azərbaycanda nə dərəcədə tənzimlənir. Amma ümumən götürəndə burada idxal inflyasiyasının olması mümkün deyil".

Sizin Reklam Yeriniz