Əlaqə Arxiv
news Image
2015.02.04
10:10
| A A A
Sənaye məhəllələrinin yaradılmasına start verilir
Bu, qeyri-neft sektorunun inkişafında yeni mərhələnin başlanğıcını qoyur

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Neftçala rayonunda sənaye məhəlləsinin yaradılması məqsədəuyğun hesab olunub. Neftçala Sənaye Məhəlləsinin ərazisində kiçik və orta sahibkarlığa dəstək məqsədi ilə qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələrinin, habelə xidmət müəssisələrinin yaradılması nəzərdə tutulur. Sərəncama uyğun olaraq, Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini və tənzimlənməsini "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyəti həyata keçirəcək.

Təcrübə göstərir ki, sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və sair məsələlərin həlli mənasında xüsusi əhəmiyət daşıyır. İqtisadçı-ekspert Rəşad Həsənov sənaye məhəllələrinin yaradılmasının kiçik və orta sahibkarlığın inkişafına, bölgələrdə işsizliyin azalmasına gətirib çıxaracağını bildirdi: "Sənaye məhəllələrinin yaradılmasında məqsəd kiçik və orta sahibkarlığı təşviq etmək, onları texniki baxımdan dəstəkləməkdir. Mümkündür ki, indiki halda olmasa da, gələcəkdə hansısa formada sənaye məhəllələrinə kommunal xidmətlərin dəyəri, vergi məsələsində digər güzəştlər tətbiq olunsun. Burada ümumi məqsəd qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bu gün qeyri-neft sektorunun inkişafı daha aktual mövzuya çevrilib. Atılan addımlar da məhz bu istiqamətə yönəlib. Sənaye məhəllələri yaradılmasının nəticələri o ola bilər ki, proses ölkədə kiçik və orta sahibkarlığın inkişafına töhfə verəcək. Digər tərəfdən, sənaye məhəllələri yaradılmasının yerlərinin seçilməsindən asılı olaraq, işsizliyin daha çox olduğu regionlarda bu problemin həllinə müsbət təsir edə bilər. Ümumiyyətlə, bu addım vergiyə, işsizliyin aradan qaldırılmasına, valyuta axınının qarşısının alınmasına müsbət töhfə verəcək. Sənaye məhəllələrində həm istehsal, həm də xidmət göstərən sahələr üzrə öz fəaliyyətlərini qura bilərlər. Nefçaladan sonra Lənkəran, Gəncə, Naxçıvanda, Quba-Xaçmaz zonasında sənaye məhəllələrinin yaradılması imkanları çoxdur. Onu da nəzərə almaq lazımdır ki, sərhəd bölgələrində potensiallı yerlər seçilərək, sənaye məhəllələri yaradılarsa, bu, ixrac imkanlarına da şərait yaradar. Məsələn, İran, Gürcüstan, Rusiya ilə sərhəddə belə məhəllələrin yaradılması ilə onların ixrac imkanlarının artırılmasına da nail olmaq olar. Bu da zamanında daşınma xərclərinin aşağı düşməsinə şərait yaradar".

Ekspert Yaşar Əsədovun fikrincə, sənaye məhəllələrinin olması öncə yeni iş yerlərinin yaradılması baxımından əhəmiyyət kəsb edəcək: "Sənaye məhəllələrinin yaradılması iqtisadiyyata yeni iş yerləri vəd edəcək. Burada əsas məsələ daimi iş yerlərinin yaradılması məsələsidir. Məsələn, tikintidə yaradılan bir iş yeri 9 digər əlaqəli sahədə iş yeri yaradır. Bu material, enerji və s. istehsalı sahələrinə aiddir. Ona görə də sənaye məhəllələrinin yaradılmasının böyük xeyri ola bilər. Məsələn, bir sənaye məhəlləsində minə qədər iş yerinin yaradılması 4-5 min insanın təminatı deməkdir. İqtisadi planlaşdırmadan asılı olaraq ölkənin müxtəlif ərazilərində sənaye məhəllələri yaradıla bilər. Kənd təsərrüfatı rayonlarında emal müəssisələri yaradılmalıdır. Belədə, onları müşahidə edən başqa sahələr də meydana çıxa bilər".

Sizin Reklam Yeriniz