Əlaqə Arxiv
news Image
2015.02.05
09:15
| A A A
Neft bazarında anlaşılmaz proseslər
Natiq Cəfərli: “Neftin qiymətində bəzən fundamental iqtisadi səbəblərdən deyil, hansısa şaiyələr və ya treyderlərin “oyunları” üzərində enmə və qalxmalar baş verir”

Dünya bazarında neftin qiymətində kəskin "oynamalar" davam edir. Belə ki, son bir neçə ayda təxminən 2 dəfədən çox ucuzlaşan neftin qiymətində son 2 həftə ərzində 11 dollar irəliləmə olub. Ötən ilin sentyabr ayında 110 dollara satılan neft hətta 50 dollardan aşağıya düşmüşdü. Hazırda isə 60 dollar civarındadır. Hazırda qiymətlərin artımının bir səbəbi kimi bəzi neft ölkələrində neft işçilərinin ixtisara düşməsi göstərilir. Bunun nəticəsində istehsalda azalma baş verib. Hazırda tələb artdığından neftin qiymətində yüksəlmə yaşanır.

İqtisadçı ekspert Natiq Cəfərli "Mövqe"yə bildirir ki, əslində, neftin qiymətinin bundan sonra da bahalaşacağına proqnoz vermək çox çətindir: "Çünki, neftin qiymətində bəzən fundamental iqtisadi səbəblərdən deyil, hansısa şaiyələr və ya treyderlərin "oyunları" üzərində enmə və qalxmalar baş verir. İndiki halda neftin qiyməti artımının davamlı olması üçün hansısa iqtisadi səbəb yoxdur. Tələb hələ də təklifdən azdır. Hətta OPEK-in son məlumatlarına görə, OPEK ölkələrində hasilat yenidən artıb. Çinin və ABŞ-ın əl dəyməyən neft fondları istehsalı tarixinin ən maksimum səviyyəsinə çatıb. ABŞ-da 400 milyon, Çində isə 300 milyon barreli keçib. Yəni, göründüyü kimi, bundan sonra neftin qiymətinin sürətlə qalxması üçün fundamental səbəb yoxdur. Hazırda baş verən proseslər də şayələrə əsaslanır. Şayələrdən biri odur ki, Səudiyyə Ərəbistanı ilə Rusiya arasında ciddi danışıqlar gedir. Suriya məsələsində Rusiyanın dəstəyi azalsa, Səudyyə Ərəbistanı neftin istehsalını azaldar. Bu da gələcəkdə neftin qiymətinin artmasına və Rusiya iqtisadiyyatına dəstək olar. Dünya mətbuatında dolaşan şayiə bundan ibarətdir. Əsasən bu şayələr əsasında neftin qiymətində dəyişmələr görürük. Amma 4tezliklə ABŞ, Avropa Birliyi və Çində neft ehtiyatları haqqında növbəti statistik məlumatlar açıqlanacaq. Bu məlumatlar açıqlanandan sonra neftin qiymətinin hansı istiqamətdə gedəcəyini daha asanlıqla görə biləcəyik. Əgər ehtiyatlar nəzərdə tutulduğundan daha çox artıbsa, neftin qiymətində enməni müşahidə edəcəyik".

Ekspertin sözlərinə görə, əslində, neftin qiymətində belə kəskin enmə və düşmələrin səbəbi heç vaxt iqtisadi faktor olmur: "Fundamental iqtisadi faktorlar olanda neftin qiymətində dəyişmələr həmişə 1-2 dollar ətrafında baş verir. Hazırda isə dünyada neftin qiymətinin sürətlə bahalaşdığını müşahidə edirik. Son 4 gündə 7-8 dollar ətrafında artım olub. Bundan qabaq isə qiymətin sürətlə enməsini müşahidə edirdik. Hətta bir gündə 6 dollara qədər enmələr olurdu. Belə vəziyyətdə iqtisadi fakorların öndə olmasını demək çox çətindir. Hazırda neftin qiymətinin tez-tez dəyişməsində siyasi amillər əsas rol oynayır. Bundan başqa, spekulyativ faktorların da rolu var. Neft azad və çətin bazardır. Burada illərdir, çalışan treyederlər var. Bunları neftin kimin istehsal edib, kimin istehlak edəcəyi maraqlandırmır. Şayiələr dəyişdikdə böyük treyder şirkətləri bundan istifadə edərək öz qazanclarını hesablayırlar. Qazanclar isə həm enmədə, həm də artmada olur".

Natiq Cəfərli bildirir ki, indiki şəraitdə neftin qiymətinin kəskin enib-qalxmasının neft bazarına ciddi ziyanı var: "Bir qiymət ətrafında müəyyən stabilləşmə baş verərsə, yaxşı olardı. Neftin qiymətində stabilləşmə olub, bir neçə gün davam edərsə, artıq iqtisadi faktorlar dövriyyəyə daxil olacaq. Ondan sonra fundamental səbəblərə görə, neftin qiymətinin enib-qalxmasını proqnozlaşdırmaq mümkün olar. İndi isə heç bir fundamental səbəb olmadan qiymətlərin dəyişməsi neft bazarı üçün təhlükəli haldır".

Sizin Reklam Yeriniz