Əlaqə Arxiv
news Image
2015.02.05
09:45
| A A A
Rusiyanı tərk edən soydaşlarımızın sayı artır
Digər MDB ölkələrindən fərqli olaraq miqrantların geri dönüşü Azərbaycan üçün heç bir problemə yol açmır

Rusiyanı Ukraynada durdurmağa çtinlik çəkən Qərb hələlik yeganə çıxış yolunu bu ölkəyə qarşı sanksiyaların siyahısını genişləndirməkdə görür. Bel əbir vaxtda ABŞ-ın "Wall Street Journal" qəzeti Ağ Evdəki mənbəsinə istinadla məlumat yayıb ki, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır. Mənbə hazırkı sanksiyalar paketinin Rusiya iqtisadiyyatına ciddi zərbə vurmasına baxmayaraq, Kremlin mövqeyini dəyişmədiyini bildirib: "Kreml Ukrayna məsələsində mövqeyini dəyişməyib. Bu səbəbdən ABŞ Rusiyaya qarşı yeni, bu dəfə biznes sanksiyalara hazırlaşır". Qeyd edək ki, Barak Obama CNN-ə müsahibəsi zamanı Ukraynaya silah ötürülməsinə ehtiyac görmədiyini və öz məqsədinə yalnız diplomatik əlaqələr vasitəsilə çatacağını söyləmişdi. Avropa d aanaloji mövqe sərgiləyir. Bu vəziyyət Rusiya iqtisadiyyatına, həmçinin orada fəaliyyət göstərən miqrantlara ciddi təsir edir. Elə bunun nəticəsidir ki, rusiyanı tərk edən miqrantların sayı artır və onların sırasında həmvətəenlərimiz də yer alır.

Bel əbir vaxtda Rusiyanın Federal Miqrasiya Xidməti rublun ucuzlaşmasının və miqrantlara dair yeni qanunların qəbulunun nəticəsi olaraq ötən ilin ikinci yarısında ölkəni 1 milyondan çox miqrantın tərk etdiyini açıqlayıb. Federal Miqrasiya Xidməti xüsusən özbək miqrantların Rusiyanı kütləvi şəkildə tərk etdiyini bildirir. Statistikaya görə ötən ilin ikinci yarısında Rusiyanı 364 min Özbəkistan vətəndaşı tərk edib və geri qayıtmayıb. Tacikistan vətəndaşları da Rusiyanı kütləvi tərk edir. Məlumata görə göstərilən dövr ərzində 178 min tacik Rusiyadan gedib.

Rusiyanı tərk edən və geri qayıtmayan azərbaycanlı miqrantların sayı isə 28 min nəfərdən çoxdur. Bu, ötən ilin ikinci yarısına olan statistikadır və yanvarın əvvəllərindən bəri Rusiyanı tərk edən miqrantların sayını əks etdirmir. Hansı ki, dekabrın sonları-yanvarın əvvəllərindən başlayaraq miqrantların Rusiyanı tərk etməsi daha kütləvi xarakter alıb.

Rusiyada yanvarın 1-dən qüvvəyə minmiş qaydalara görə miqrantlar bu ölkədə işləmək üçün ödənişli lisenziya almalıdır. Həmçinin Rusiyada işləmək və yaşamaq icazəsi almaq üçün rus dilindən imtahan vermək tələb olunur. Moskvadakı miqrant assosiasiyalarının təmsilçiləri deyir ki, yaxın vaxtlarda rublun kursu yüksəlməsə, Rusiyada əmək miqrantlarının sayı kəskin azalacaq. Ekspertlər də deyir ki, 1998-ci ildə yaşanan defoltdan sonra ən dramatik iqtisadi böhranın yaşandığı indiki günlərdə işçi miqrantlar üçün qazanc dalınca Rusiyaya getmək artıq sərfəli deyil. Onların qazandığı pullar sürətlə dəyərdən düşür. Ticarətlə məşğul olanlar isə rublun kursunun kəskin dəyişməsindən ciddi ziyana düşür.

Hazırkı vəziyyətdə bir çox keçmiş sovet respublikalarından olan miqrantlar üçün Rusiyada qalıb işləmək iqtisadi baxımdan səmərəsiz olub. Çünki əmək miqrantının orta aylıq qazancı iş lisenziyası almağa, mənzil kirayəsini ödəməyə və gündəlik tələbatını ödəməyə güclə bəs edir, yaxud ümumiyyətlə, bəs etmir. Rublun kəskin ucuzlaşması da əmək miqrantlarının Rusiyada qazandıqları pulların dəyərdən düşməsinə səbəb olub. Nəticədə onlar kütləvi şəkildə öz vətənlərinə geri dönürlər. Analitiklərin qənaətinə görə, əmək miqrantlarının Rusiyanı kütləvi şəkildə tərk etməsi bəzi keçmiş sovet respublikalarında, xüsusən Ermənistanda ciddi sosial gərginlik yaradacaq. Çünki minlərlə əmək miqrantının geri qayıtması həm də həmin bu ölkəyə Rusiyadan pul göndərilməsini kəskin azaldıb. Digər tərəfdən, öz ölkələrinə geri qayıdan miqrantlar üçün iş tapmaq imkanları olduqca məhduddur. Digər MDB ölkələri üçün də vəziyyət yaxşı deyil. Rusiyadakı tacik miqrantların öz yaxınlarına göndərdiyi pullar Tacikistanın ümumi daxili məhsulunun az qala 50 faizini təşkil edir. Özbəkistan iqtisadiyyatı da Rusiyadan göndərilən pullardan ciddi ölçülərdə asılıdır. Bu sahədə ən yaxşı vəziyyət Azərbaycandadır və hələlik azərbaycanlı miqrantların geri dönməsinin iqtisadiyyata təsirləri hiss olunmur. Ümmuiyyətlə, mövcud vəziyyət miqrantların geri dönüşünün Azərbaycan üçün problemə yol açmayacağını göstərir. Qeyd edək ki, Rusiyada əmək fəaliyyətilə məşğul olan insanlarımızın sayı son illərdə azalıb. Vaxtilə orada işləyən soydaşlarımızın sayı 1,5 milyon idisə, hazırda təxminən 600 min insanın orada əmək fəaliyyətilə məşğul olduğu bildirilir. Bunun da bir qismi son aylarda Rusiyanı tərk edib.

Sizin Reklam Yeriniz