2008-ci ilin qlobal iqtisadi böhranını əvvəlcədən proqnozlaşdıran amerikalı iqtisadçı alim Nuriel Rubini yeni qorxunc xəbərdarlıqla çıxış edib. O, yaxın 6 ay ərzində Avrozonanın dağılacağını proqnozlaşdırıb. Amma buna şübhə ilə yanaşanlar da var.
Məsələn, iqtisadçı ekspert Zahid Məmmədov bunun mümkünsüzlüyünü qeyd edir: "Bu heç mümkün də deyil. Çünki, Avrozona pul, siyasi, iqtisadi birlikdir. Burada vahid monetar siyasət, kriteriyalar var. Çox təəssüf ki, Avropanın ən böyük problemi o oldu ki, Avropa Birliyi (AB) standart tədbirlərin uyğunlaşmasına diqqət etmədi. Orada bir növ müəyyən güşəstlər oldu. Məsələn, Yunanısatan Avropa Birliyinin standartlarına uyğun deyildi. Buna baxmayaraq o AB-yə alındı".
Ekspertin bildirir ki, hazırda AB-də ciddi proseslər gedir: "Amma yenə Yunanıstan, İtaliya, İspaniyada hələ də problemlər davam etməkdədir. Lakin bunlar keçici xarakter daşıyır. Ümumiyyətlə, AB-də yeni iqtisadi dağılma təhlükəsi yoxdur. Əslində, baş verən hadisələrə yenidən baxış lazımdır. Avropada indi sırf SSRİ-nin 60-70 –ci illərindəki sosial paket sistemidir. Onlarda həm də ən böyük problem miqrasiya siyasəti oldu. Hətta bunu mən 2005- ci ildə söyləmişdim. Ona görə də AB- də bu kimi iqtisadi siyasətlərə yenidən baxmaq gərəkdir. Həm də Avropanın seçim qanunlarında da böyük problemlər var. Seçimdə daha çox vəd edən, daha çox sosial paketləri ortaya qoyan insanların da uğur şansı var. İşləmədən, istehsal etmədən istehlak etmə düşüncəsi AB-yə ziyan vurdu. Amma bu sosial paketlər ABŞ-da yoxdur. Ən çox sosial paketlər Kanada, İsveç və Danimarkada yayılıb. Yunanıstan isə bu paketlərdən yaxşı istifadə etmədi. Burada həm də psixologiya və mentalitet də önəmlidir. İşləmədən sosial paket almağı hər kəs özünə sığışdırmır. Amma Şərqi-Avropada yaşayanlarda belə istəklər olur. AB anlamalı idi ki, Şərqi-Avropadan gələn insanlar 40-cı illərin insanları deyil. Onlar da Avropa cəmiyyətinə öz mənfi təsirini göstərdi".
Ekspertin sözlərinə görə, iqtisadiyyatın inkişafının əsas göstəricisi mənəviyyatdır: "Mənəviyyatla iqtisadiyyat iç-içə olmasa, inkişaf mümkün deyil. 4-5 nəfərin bir yerdə şirkət qura bilməməsi buna əyani misaldır. Onlar arasında zaman – zaman çox sıxıntılar olur. Bu məsələləri həll etmədən makro iqtisadiyyatı həll etmək çətin olacaq. Amma bütün bunlara baxmayaraq AB daha da güclənəcək. Belə olmasa, dövlətlər AB-nə üzv olmaq üçün sıraya düzülməzlər. Ümumiyyətlə, Çin atalar sözündə deyildiyi kimi, böhran bir şans deməkdir. Bu şansdan da kim istifadə edə bilsə, gələcəkdə uğur qazana biləcək".
Digər iqtisadçı – ekspert Vüqar Bayramov da
Avrozonanın yaxın taleyi haqqında amerikalı iqtisadçının
səsləndirdiyi fikirlərlə razı deyil: "Avrozanada böhran daha
çox Avropanın səhm bazarındakı, eləcə də dövlət xərcləmələrinin
artması səbəbindən dövlət gəlirlərinin azalmasından yaranan
böhrandır. Həm də səhm bazarında maliyyə sektorunda da böhran var.
Eyni zamanda Avropa iqtisadiyyatında ən ciddi problem
işsizlik səviyyəsinin 12 faizə qədər yüksəlməsidir. Amma bütün
bunlar Avrozonanın dağılması anlamına gəlməməmlidir. Avrozanın
dağılması AB-də olan bəzi ölkələrin iqtisadi maraqlarına uyğundur.
Amma Avrozonanın dağılması AB-nin həm iqtisadi, həm də siyasi
maraqlarına uyğun deyil. İqtisadi baxımdan ona görə maraqlı deyil
ki, Avrozonanın dağılması AB-də olan bir sıra ölkələrin qısa
zamanda müflis olmasına gətirib çıxara bilər. Çünki, Avrozonanın
dağılması Avrozonaya üzv olan ölkələrin öz milli valyutalarını
dövriyəyə buraxması deməkdir. Amma indiki halda Yunanıstanın siyasi
durumu böhranı aradan qaldırsa belə, qısa zamanda öz milli
valyutasını dövriyəyə buraxması ehtimalı yoxdur. O valyutasını
dövriyəyə buraxdığı halda belə onun dönərliyini qoruya bilməyəcək.
Həm də nəzərə alaq ki, dünayda saxlanılan rezervlərin təxminən 25
faizi avro ilə saxlanılır. Bu da rezervlərin dəyərsizləşməsinə
gətirib çıxara bilər. Bundan da itirən tərəf AB olacaq. Avronun
sıradan çıxıdığı halda rezerv olaraq Alman markasına keçəcək. Bu
isə seqment baxımdan çətindir. Həm də valyuta məzənnələrinin
azalmasında problemlər yaradacaq. Bu da AB-in maraqlarına uyğun
deyil. Məsələnin siyasi tərəfi ondan ibarətdir ki, vahid valyutanın
dövriyəyə buraxılması AB-nin Vahid Avropa Evi yaradılması mövzusunu
gündəmdən çıxaracaq. Bu da AB-nin siyasi əhəmiyyətini də azaldacaq.
Psixoloji tərəf isə ondan ibarətdir ki, AB-nə dünyanın aparıcı
aktorlarından biri kimi inamın azalmasına gətirib çıxaracaq. Ona
görə də yaxın 6 ayda Avrozona dağılacağını güman
etmirəm".
Ekspert bildirir ki, ehtimalı az olsa da, əgər Avrozona dağılarsa, Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyəcək: "Cüzi təsiri isə iki istiqamətdə ola bilər. Birincisi- Azərbaycanın dövlət rezervlərinin 30 faizi avro ilə saxlanılır. Avrozona dağıldıqda avronun və dövlət rezervlərinin dəyərsizləşməsinə gətirib çıxara bilər. Digər təsir isə dolayı təsirdir ki, Avropada iqtisadi problemlərin genişlənməsi səbəbindən neftə olan tələbatın azalması və neftin bazarda qiymətinin aşağı düşməsi nəticəsində Azərbaycanın dövlət gəlirlərinin azalması baş verə bilər. Bunların hər ikisi isə dolayı təsirlərdir. Çünki, Azərbaycan iqtisadiyyatı Avropa Birliyi iqtisadiyyatının tərkib hissəsi deyil".