Əlaqə Arxiv
news Image
2015.02.06
09:35
| A A A
Qaz oyununda gərgin vəziyyət
Zəfər Vəliyev: “Avropa strukturları Türkiyənin Avropanın potensial qaz təchizatında etibarlı tranzit məkana çevrilməsini istəmirlər”

Avropa Komissiyası növbəti dəfə "Türk axını" layihəsinin iqtisadi cəhətdən sərfəli olmadığını bəyan edib. Bu baxımdan "Cənub axını" layihəsi məsələsində Moskva ilə danışıqların bərpa edilməsi yenidən aktuallaşıb. Avropa Komissyasının sədr müavini Maroş Şeftoviç məsələ ilə bağlı bildirib: "Türkiyəyə 50 milyard kubmetrə yaxın qaz lazımdır. Avropanın da bu həcmdə qaza ehtiyacı var. Bəs, bütün bu qazın hamısı niyə Türkiyəyə yönləndirildi? Bu çox baha-başa gələcək. Ona görə də "Cənub axını" layihəsi üzrə danışıqlar bərpa edilməlidir".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfəri zamanı həmkarı Rəcəb Tayyib Ərdoğan ilə birlikdə keçirdiyi mətbuat konfransında "Cənub axını" layihəsinin ləğv edildiyini, "Türk axını" layihəsinin həyata keçirələcəyini bildirmişdi. Ondan sonra isə Rusiya "Cənub axını" layihəsi ilə bağlı Avropa İttifaqının (Aİ) müzakirələrində iştirak etməkdən imtina edib. Mütəxəssislərin sözlərinə görə, "Cənub axını"nın bərpası məsələsini proqnoz etmək çətindir. Burada iqtisadi yox, siyasi amil rol oynayacaq.

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev "Mövqe"yə bildirdi ki, Rusiyanın "Cənub axını"ndan imtina bəyanatından sonra Avropa Parlamentinin nümayəndə heyəti Türkiyəyə rəsmi səfərə gəldi: "Bu məsələ ətrafında Türkiyə ilə danışıqlar apardılar. İş burasındadır ki, Avropa rəsmi dairələri Türkiyənin Avropanın "qaz qapısı" olmasına razı deyillər. Çünki, 2006-cı ildə Bakı-Tiflis-Ceyhan əsas ixrac kəmərinin, 2007-ci ildə Bakı-Tiflis-Ərzurum kəmərinin istismara verilməsi, 2014-cu ilin sonralarında İraq kökuməti Kürdüstan muxtariyyəti ilə Türkiyənin rəsmi dairələri arasında İraq neftinin böyük hissəsinin məhz Türkiyə üzərində dünya bazarlarına ixrac məsələsi Avropa strukturlarını çox düşündürür. Avropa strukturları məhz Türkiyənin eneji mərkəzinə çevrilməsinə və eyni zamanda Rusiya qazının böyük bir hissəsinin Avropaya Türkiyə üzərindən ixracına qısqanclıqla yanaşır. "Türk axını"nın gerçəkləşməsi ilə bağlı məsələ gündəmə gələndə "Qazprom"un idarə heyətinin sədri Aleksey Miller belə bir bəyanat ilə çıxış etdi ki, Avropa Komissiyası qaz ventilini Türkiyəyə verdi. Avropa strukturları Türkiyənin Avropanın potensial qaz təchizatında etibarlı tranzit məkana çevrilməsini istəmirlər. Bunun ardınca da bir neçə gün əvvəl Rusiyadan kəskin qaz asılılığına malik olan dövlətlər - həm Yunanıstan, həm də Bolqarıstan "Cənub axını"nın bərpası ilə bağlı fikirlər irəli sürdülər. Son parlament seçkilərindən sonra Yunanıstandakı yeni rəhbərlik "Cənub axını"nı dəstəkləyən partiyanı təmsil edir. Avropada Türkiyəyə qarşı belə bir qısqanclıq var. Bu, illərdir ki, bəzən açıq, bəzən də örtülü şəkildə ifadə olunur. Amma yanlışlıq edirlər. Çünki, Türkiyə neft və qaz ixracatında ən etirabalı tranzit tərəfdaşdır. Siyasi sabit dövlətdir. Lakin burada başqa faktorlar özünü büruzə verir. Türkiyə uzun illərdir ki, Avropa İttifaqı ilə əməkdaşlığa can atır. Ancaq Türkiyəni həmin birliyə qəbul etmək istəmirlər".

Ekspert əlavə etdi ki, "Cənub axını"nın bərpası o deməkdir ki, ya Rusiya, ya da Avropa İttifaqı güzəştə getməlidir: "2013-cu ildə Avropa Komissiyası elan etdi ki, 2014-cu ildə Aİ ölkələri ərazisində həyata keçiriləcək enerji layihələrində onlar prioritet kimi "Cənub enerji dəhlizi"ni görürlər. O zaman "Cənub axını"nın adını çəkməmişdilər. "Cənub axını"nın bu gün gündəmdən çıxmasının səbəbi Rusiyanın Krımı anneksiya etməsidir. Bundan sonra onlar üçüncü enerji paketinin şərtlərini "Cənub axını"nına tətbiq etdilər. Maraqlıdır ki, üçüncü enerji paketinin şərtləri TAP layihəsinə aid deyil. TAP layihəsi 10 il müddətinə həmin şərtlərdən azad edilib. Rusiyanın da tələbi bu idi ki, "Cənub axını" da üçüncü enerji paketinin şərtlərindən azad edilsin. Lakin Avropa Komissiyası bu şərtə razı deyil. O baxımdan "Cənub axını"nın bərpasını proqnoz etmək çətindir. Burada iqtisadi yox, siyasi amil rol oynayır. Amma Avropanın qaza olan tələbatını Rusiya qazı olmadan təmin etmək çox çətindir".

Sizin Reklam Yeriniz