Əlaqə Arxiv
news Image
2015.02.07
08:30
| A A A
Bank borclularının sayında kəskin artımın səbəbləri bəlli oldu
Vüqar Bayramov: “Gəlirlərin artması kreditlərə marağın da çoxalmasına səbəb olur” Yaşar Əsədov: “Kredit götürənlərin sayının artması reklam kampaniyasının geniş yayılması ilə bağlıdır”

2013-cü il ilə müqayisədə 2014-cü ildə banklarda cəmi borcalanların sayı 18,61 faiz, başqa sözlə, 363 544 nəfər artaraq bu ilin yanvar ayının 1-nə 2 milyon 316 min 540 nəfər təşkil edib. Borcalanların böyük hissəsi, yəni 2 milyon 285 mini fiziki şəxslərdir. Son bir ildə kredit alan fiziki şəxslərin sayı 18,6% artıb. Son bir ildə Azərbaycanda kredit götürənlərə zaminlik edənlərin sayı da kəskin artıb. 2014-cü ilin yekunlarına görə, ölkədə 1 milyon 78,9 min nəfər zamin var ki, bu da əvvəlki ilə nisbətən 29% artıqdır. Maraqlıdır, bu qədər çox vətəndaşın banklardan kredit götürməsi nədən qaynaqlanır?

İqtisadsi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, həddən artıq çox vətəndaşın banklardan kredit götürməsi bir sıra məqamlardan irəli gəlir: "Çox miqdarda vətəndaşın banklardan kredit götürməsi istehlak kreditlərinə marağın artması ilə bağlıdır. Apardığımız monitorinqlər göstərir ki, götürülən kreditlərin böyük qismi məhz istehlak kreditləridir. İstehlak krediti götürənlərin sayının artması həm vətəndaşlar, həm də bankların özü ilə bağlı səbəblərlə əlaqədardır. Ümumiyyətlə, iqtisadiyyatda əhalinin gəlirləri artıbsa, bu, onların istehlak kreditlərində payının da artmasına gətirib çıxarır. O baxımdan istehlak kreditlərinin artması ilə əhalinin gəlirləri arasında əlaqə var. Birmənalı şəkildə gəlirlərin artması kreditlərə marağın da çoxalmasına səbəb olur. Digər tərəfdən vətəndaşların tələbləri də dəyişir. Vətəndaşların tələbinin dəyişməsi də kreditə olan tələbatın yüksəlməsinə gətirib çıxarır. Amma təəssüf ki, apardığımız monitorinqlərə görə, heç də həmişə dəyişən tələbat müsbət mənada izah edilə bilmir. Monitorinqlər göstərir ki, bəzi hallarda vətəndaşlar hətta toy etmək, ad günü təşkil etmək üçün də kredit götürürlər. Kredit götürüb Gürcüstan və Türkiyədə istirahətə gedən vətəndaşların sayında da kəskin artım var. Yəni, praktik olaraq bəzi vətəndaşlar lazımsız istiqamətlərə eytiyac duyulmadığı halda kreditdən istifadə edir. Bu da kredit götürənlərin sayının çoxalmasına gətirib çıxarıb. Kreditlərin sayının artmasında kommersiya banklarının ucuz, bəzi hallarda müştəri cəlb edilməsinə yönəlik reklam kampaniyalarının da rolu vardır. Qeyri-bankçılıqla məşğul olan banklar istehlak krediti vermək üçün müxtəlif kampaniyalardan istifadə etməyə başlayıblar. Vətəndaşlara istehlak kreditləşməsilə bağlı heç də doğru olmayan məlumatların verilməsi, o cümlədən plastik kartlar paylamaqla vətəndaşı cəlb etməyə istiqamətlənən kampaniyalar kredit alanların sayının artmasına gətirib çıxarıb. Kredit alanların sayının çox olması bir tərəfdən müsbət olsa da, digər tərəfdən problemli kreditlərin həcminin artması, vətəndaşın daha çox borclanması kimi mənfi təsirlərə də malikdir".

Müstəqil iqtisadçı-ekspert Yaşar Əsədovun fikrincə, bankdan kredit götürən vətəndaşların çox olması bu barədə reklam kampaniyalarının geniş yayılması ilə bağlıdır: "Özüm 1-ci Zabrat qəsəbəsində yaşayıram. Yol boyu çəkilən hər dirəyə bank xidmətləri ilə bağlı reklamlar vurulub. Bunlar arasında günü 1 manatdan, hətta 30 qəpikdən kredit verildiyi barədə qeydlər də var. Hətta bir ara bir yumurta qiymətinə kredit kampaniyası da aparılmışdı. Yəni, bank xidmətləri əhaliyə çox yaxınlaşdırılıb. O cümlədən şərtlər də çox liberallaşdırılıb. Ona görə də banklardan götürülən kreditlərin həcmi getdikcə çoxalır".

Sizin Reklam Yeriniz