Əlaqə Arxiv
news Image
2015.02.10
09:35
| A A A
Şimal zonasında alma probleminin səbəbləri məlum oldu
Vahid Məhərrəmov: “Fermerlərin istehsal etdikləri almanı sata bilməməsinin kökündə hələ də köhnə bağlardan istifadə etmələri dayanır” Ənvər Əliyev: “Quba əhalisi klassik alma sortları əkmək haqqında fikirləşməlidir”

Quba fermerləri yenə də yetişdirdikləri almaları satmaqda çətinlik çəkirlər. . Meyvənin yığımından 4 aydan çox vaxt keçsə də, bağbanlar tədarük edilən məhsulun satışında ciddi problemlərin olduğunu bilidirirlər. Meyvənin əsas satış bazarlarından sayılan Rusiyada rublun düşməsi, ölkə daxilində də alıcılıq qabiliyyətinin istənilən səviyyədə olmaması tonlarla məhsulun tədarük məntəqələrində qalmasına səbəb olub. Havanın isti keçməsi isə meyvənin çürüyərək itkiyə getməsini sürətləndirir. Satışın zəif olmasını şərtləndirən amillərdən biri də ölkəyə məhsulun xaricdən gətirilən növlərinin daha çox olmasıdır. Hazırda 1 kq alma 10-15 qəpiyə alınır. Bağbanların sözlərində görə, alış qiyməti meyvənin yetişdirilməsinə və saxlanılmasına çəkilən xərcləri heç cür ödəmir.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov düşünür ki, problem həllini köhnə bağların yeniləriylə əvəz edilməsi yolu ilə tapmalıdır: "Quba fermerlərinin sata bilməyərək, çaya atdıqları almalar demək olar ki, lazımı standartlara cavab vermir. Bu gün Azərbaycan bazarında almanın qiymətinin artdığı və özümüzün meyvəyə olan tələbatımızı ödəyə bilmədiyimiz halda, Quba istehsalçılarının əldə etdiyi məhsulu suya atmalarında ciddi bir səbəb var. Uzun müddətdir bu haqda deyilir. Deyirlər ki, alma almaya bənzər. Lakin əksər hallarda görürük ki, alma ilə alma arasında fərq var. Onun kalibirində, xarici görünüşündə, keyfiyyəti istiqamətində ciddi fərqlər var. Alıcını cəlb edən əsas məqam meyvənin xarici görünüşüdür. Sonra onun kalibiridir, keyfiyyətlə bağlı göstəriciləri də istehlakçı baxan kimi hiss edir. Keyfiyyətli almanı həm də uzun müddət saxlamaq mümkün olur. Bu gün Quba istehsalçılarının bazara çıxara bilmədiyi məhsulun kalibiri uyğun gəlmir, balacadır. Habelə, müəyyən müddət saxlandıqdan sonra istehlaka yararsız hala düşüb. Həmin almaları emal müəssisələri qəbul edib, ondan lazımı qədər şirə ala bilmir. Yaxşı alma heç vaxt çölə atılmaz. Keyfiyyətli alma hər zaman, istər xaricdə, istərsə də daxildə, öz alıcısını tapır. Sovet dönəmindən qalma köhnəlmiş alma bağlarının istismar müddəti demək olar ki, başa çatıb. Həmin bağlar təzələnməlidir. Orada digər bitkiçiliklə də məşğul olmaq, digər sahələrdə isə alma bağı salıb, daha keyfiyyətli məhsul əldə etmək olar. Rusiyanın hazırda almaya ehtiyacı var, amma o da müvəqqətidir. Şimal ölkəsi hazırda bağçılığın inkişafına xüsusi diqqət ayırmağa başlayıb. Rusiyanın cənub bölgələrində alma istehsalı sahəsində böyük işlər aparılıb. Bizdə isə fermerlərin istehsal etdikləri almanı sata bilməməsinin kökündə hələ də köhnə bağlardan istifadə etmələri dayanır".

Digər ekspert Ənvər Əliyev də problemin həllini klassik alma sortları əkməyə üstünlük verməkdə görür: "Qubada polimet bağları salınanda bunun əleyhinə olmuşam. Çünki Azərbaycanın özünün əsrlərlə yetişdirdiyi alma sortları var ki, onların həm keyfiyyəti, həm saxlanılma, daşınma imkanı, polimet alma və sınaqdan çıxa bilməyən digər sortlardan qat-qat keyfiyyətlidir və baha qiymətə gedir. Hazırda Bakıda satılan bir sıra alma sortları var ki, dəfələrlə polimetdən bahadır. Polimet almalar isə o qədər də keyfiyyətli deyil. Xüsusən də onun tərkibində dəmir konsentrasiyası azdır. Ona görə də həmin almalarda heç zaman qaralma getmir. Hər bitki uzun illər ərzində yetişdiyi zonadan özünəməxsus olaraq bəzi şeyləri konsentrasiya edir. Alma da belədə dəmir elementlərini özünə çəkir. Amma yeni gətirilən sortlar ola bilsin, təzə iqlim şəraitinə uyğunlaşmır. Gördüyünüz kimi çaylara əsasən polimet almaları atırlar. Dəfələrlə xahiş etmişəm ki, birdən-birə polimet almaları əkmək lazım deyil. Köhnə sortlar isə xəstəliyə də daha çox davamlıdır. Quba əhalisi bu mənada klassik alma sortları əkmək haqqında fikirləşməlidir. Səhvin yarısından da qayıtmaq xeyirdir. Belə olarsa, həmin almaların keyfiyyəti, qiyməti, alınması, emal müəssisələrində saxlanılmasında heç bir problem olmayacaq. Belədə, həmin almaları may ayına qədər saxlamaq mümkün olacaq. Tsadüfi gətirilən sortlar isə belə problemlər yaratmaqda davam edəcək".

Sizin Reklam Yeriniz