Əlaqə Arxiv
news Image
2015.02.11
08:09
| A A A
«Şişirdilmiş qiymətlər» mənzil bazarında durğunluq yaradır
Nüsrət İbrahimov: “Mənzil bazarındakı mövcud qiymətlər potensial müştərilərin alıcılıq qabiliyyətini 1,5 dəfə üstələyir” Ramil Osmanov: “Səbəblərdən biri daşınmaz əmlak bazarında son iki il ərzində baş verən sürətli qiymət artımlarıdır”

Son zamanlar mənzil bazarında aktivliyin daha çox aşağı düşməsi müşahidə olunur. Halbuki, mənzillərə tələbat kifayət qədər böyükdür. Buna rəğmən, mənzil satışı son aylarda əhəmiyyətli dərəcədə azalıb.

"MBA Konsaltinq" Şirkətinin rəhbəri Nüsrət İbrahimov vəziyyətin belə olmasına bir çox məqamların səbəb olduğunu söylədi: "Birinci amil mənzil bazarındakı mövcud qiymətlərin potensial müştərilərin alıcılıq qabiliyyətini 1,5 dəfə üstələməsi ilə bağlıdır. Yəni, qiymətlər reallıqdan uzaqdır, əhalinin alıcılıq qabiliyyətini üstələyir. Ona görə də potensial alıcılar bazardan çəkilirlər. İkinci səbəb isə insanların gözləntiləri ilə bağlıdır. İnsanlar gözləyir ki, qiymətlər düşsün. Bu da psixoloji faktordur. Ona görə də hələlik bazardan çəkiliblər. Üçüncü faktor isə bazara axan pul kütləsinin xeyli dərəcədə azalması, məhdudlaşması ilə əlaqədardır. Həm Azərbaycanın daxili bazarı, həm də Rusiyadan axan pul kütləsi azalıb. Bu faktorların hamısı birlikdə gətirib ona çıxarır ki, qiymətlərin düşməsi qaçılmazdır. Bir faktor da var ki, bizdən asılı deyil. Bu, daşınmaz əmlak bazarının dövrilik xüsusiyyətidir. Müəyyən dövrdə qiymətlər qalxır, müəyyən dövrdə isə düşür. Aktivlik də müəyyən zamanda artır, müəyyən zamanda da düşür. Hazırda bu dövrü yaşayırıq".

Əmlak Ekspert Mərkəzinin sədri Ramil Osmanovun fikrincə, son iki ildə baş verən qiymət artımları belə vəziyyətin yaranmasına gətirib çıxarıb: "Tələb hər zaman yüksək olaraq qalıb. Xüsusən də Azərbaycanın mənzil fondunun əsas hissəsini təşkil edən Bakı şəhərində şəhərsalma, böyük infrastruktur layihələrlə bağlı dövlət səviyyəsində mühüm işlər gedir. Bu baxımdan Azərbaycanda mənzilə tələbat həmişə yüksək olub. Sadəcə, müəyyən zamanlarda tələbatın tələbə çevrilmə imkanları bəzən artıb, bəzən də azalıb. Yəni, tələbatın tələbə çevrilməsi üçün mövcud bazar qiymətləri ilə insanların alıcılıq qabiliyyəti adekvat olmalıdır. Bu halda tələbat tələbə çevrilə bilir. Əks halda, tələbat yüksək olsa da, bazarda tələb olmayacaq. Mənzil alıcılarının sayının azalmasına gəldikdə, bunun da müxtəlif səbəbləri var. Səbəblərdən biri daşınmaz əmlak bazarında son iki il ərzində baş verən sürətli qiymət artımlarıdır. Digəri, son dövrlərdə mənzil bazarı istiqamətində dövlət tərəfindən qəbul olunan müvafiq qərarlar, eyni zamanda dünyada, regionumuzda, Azərbaycan iqtisadiyyatında mühüm yeri olan Rusiyada baş verən proseslərdir. Bunlar hamısı birlikdə daşınmaz əmlak bazarına ciddi təsir edir. Nəticə etibarı ilə bu gün Azərbaycanda alıcılıq qabiliyyəti aşağı səviyyəyə düşüb. Mövcud ipoteka şərtlərinin də bazardakı qiymətlərə adekvat olmadığını da nəzərə alsaq, ipotekadan yararlananların sayı da xeyli dərəcədə azdır. Ona görə də mənzil bazarında böhran prosesi baş verir".

Sizin Reklam Yeriniz