Əlaqə Arxiv
news Image
2015.02.11
08:35
| A A A
“Binə” və “Sədərək” bazarlarında ticarətçilər alverdən narazıdır
Natiq Cəfərli: ““Binə” və “Sədərək” bazarlarında alverin «ölməsinin» əsas səbəbi rublun dəyərdən düşməsi ilə bağlıdır” Oqtay Haqverdiyev: “Rusiyada iqtisadi vəziyyət pis olduğuna görə, geyimə çox vəsait xərcləmirlər”

Rublun dəyərdən düşməsi Azərbaycanın iri ticarət mərkəzləri olan "Binə" və "Sədərək" bazarlarında da satışın aşağı düşməsinə səbəb olub. Belə ki, artıq 3 aya yaxındır ki, "Binə" və "Sədərək" bazarlarının Şimali Qafqazdan olan alıcılarının sayı kəskin azalıb.

Satıcıların sözlərinə görə, bu bölgədən gələnlər yerli ticarətçilər üçün əsas müştərilərdir. Hətta "Binə" və "Sədərək"də "Dağıstan malları" adı verilən, sırf şimali qafqazlıların alıb istifadə etdiyi malların ticarəti ilə məşğul olan şəxslər var. İndiki vəziyyətdə onlar daha böyük ziyandadırlar.

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, "Binə" və "Sədərək" bazarlarında alverin "ölməsinin" əsas səbəbi rublun dəyərdən düşməsi ilə bağlıdır: "Rublun dəyərdən düşməsi ümumiyyətlə, Rusiya ilə biznesi çox dayanıqsız edib. Rublun kursu stabilləşmirsə, kiçik bizneslə məşğul olan insanlar hansısa plan qura bilmirlər. Çünki, tez-tez dəyişən kurs onların gəlirlərini yox edir. İkinci ən böyük səbəblərdən biri isə ümumiyyətlə, Rusiyada iqtisadi aktivliyin xeyli dərəcədə azalması və insanların qənaət rejiminə keçməsidir. Çünki, Rusiya telekanalları, hətta rəsmiləri də müraciət edirlər ki, bu il daha çox qənaət rejiminə keçmək lazımdır. Əhali öz vəsaitlərini qənaətlə xərcləməlidir ki, gələcəkdə ola biləcək problemlərdən daha az itki ilə çıxsın. Ona görə Rusiya əhalisinin xərcləmə, alıcılıq qabiliyyəti də aşağı düşüb. Odur ki, Rusiyaya mal aparan insanların sayı, məhsulların çeşidi, həcmi azalıb. Çox güman ki, ən azından bu il ərzində Rusiyada indiki vəziyyət davam edəcək. Yaxın gələcəkdə rublun kursunun stabilləşəcəyi, yaxud da kursunun qalxacağı, iqtisadi aktivliyin artması gözlənilmir".

Belə olan təqdirdə, ekspertin sözlərinə görə, Azərbaycan üçün ətraf ölkələrdən ən cazibədar bazarlardan biri Orta Asiya bazarı ola bilər: "Amma Orta Asiya bazarında da ən böyük rəqib Çin mallarıdır. Çin ora yaxın olduğundan bazara daha tez girə bilir. Ancaq biz də daha keyfiyyətli olan Türkiyə malları ilə o bazarlara girə bilərik. Bunun üçün Türkiyə ilə əlaqələr daha da genişlənməlidirr. Ən azından gediş-gəliş bilet qiymətlərində ucuzlaşma baş verməlidir. Məsələn, Bakı-Daşkənd bileti ilə Bak-İstanbul biletinin qiymətləri arasında fərq çox azdır. Bu məsələlər həll olunsa, Orta Asiya bazarına Türkiyə malları ilə çıxmağımız mümkündür".

Digər iqtisadçı Oqtay Haqverdiyev bildirdi ki, Rusiya rəsmilərinin özləri də əhalinin həyat səviyyəsi 4% aşağı düşdüyünü etiraf edirlər: "Belə olan halda istehlak bazarının özündə də alıcılıq qabiliyyəti aşağı düşür. Əhali geyimdən çox, ərzağa daha artıq pul xərcləməyə başlayıb. Ona görə əvvəlki illərə nisbətən Şimali Qafqazdan gələn alıcıların sayı azalıb. Bu, Rusiyada iqtisadi vəziyyətdən asılıdır. Ancaq bizim Rusiyadan başqa qonşu ölkələrin bazarına çıxmağımız çətindir. Bizə Dağıstandan, nisbətən də Gürcüstandan gəlirlər. İran və Türkiyə isə bizdən mal almaz, əksinə mal gətirir. Ümumiyyətlə, "Sədərək" və "Binə" bazarında Şimali Qafqaz alıcılarının payı çox böyük idi. Topdansatış şəkildə satılan malların 70-80%-ni onlar alırdılar. İndi isə orada iqtisadi vəziyyət pis olduğuna görə, geyimə çox vəsait xərcləmirlər".

Sizin Reklam Yeriniz