Əlaqə Arxiv
news Image
2015.02.11
09:00
| A A A
Lirə Türkiyə məhsullarını Azərbaycanda ucuzlaşdırır
Qardaş ölkənin milli valyutası manatla müqayisədə sürətlə dəyər itirir

Azərbaycanın əsas mütəffiqi sayılan qardaş Türkiyədə milli valyuta son dövrlərdə sürətlə dəyər itirməkdədir. Lirə dollarla yanaşı, digər valyutalar, o cümlədən Azərbaycan manatı qarşısında da ucuzlaşır. Hazırda ölkəmizdə 1 Türkiyə lirəsi 32 qəpikdən də aşağı düşüb. Halbuki, ötən ilin avqustuna qədər 1 lirə 37 qəpiyə dəyişdirilirdi. Lakin son 6 ayda lirə manata nisbətdə 5 qəpik ucuzlaşıb. Ümumiyyətlə, son iki ildə Tülk lirəsi manat qarşısında daha çox dəyərdən düşüb. 2013-cü ilin əvvəlində 1 lirə təxminən 45 qəpiyə bərabər idi. Hamin tarix ilə müqayisədə indiki kursla ucuzlaşma 13 qəpiyə çatıb. 2008-ci ilin noyabrında 1 lirə 73 qəpiyə bərabər idi. Bir sözlə, təxminən 6 il əvvəl 73 manata bərabər olan 100 türk lirəsi, bu gün cəmi 32 manat edir.

Türk lirəsinin manat qarşısında dəyərdən düşməsi, eyni zamanda bu valyutanın dollar qarşısında dəyərdən düşməsi ilə bağlıdır. Türk lirəsinin dollar, həmçinin manat qarşısında dəyərdən düşməsi bu ölkənin ixraçatçılarına sərf edir. Lakin Türkiyəyə məhsul satan ölkələr üçün bu hal sərfəli deyil. Bu, Azərbaycan ixracatçıları üçün də keçərlidir. Ekspertlər lirənin dəyərdən düşməsinin Azərbaycandan Türkiyəyə ixrac olunan malların qiymətində bahalaşmaya səbəb olacağını bildirir. Bilindiyi kimi, Azərbaycanla Türkiyə böyük ticarət əməkdaşıdır. Xüsusilə Türkiyədən Azərbaycana böyük həcmdə mallar gəlir. Bunlar əhalinin geniş istifadə etdiyi sənaye, toxuculuq malları, ərzaq məhsullarıdır. Təbii ki, lirənin dollara, eyni zamanda buna paralel olaraq manata nisbətən qiymətdən düşməsi, əslində, Azərbaycan alıcıları üçün sərfəli bir şərait yaradır. Çünki bu halda onlar Türkiyədən gələn məhsullara daha az vəsait xərcləyir. Belə vəziyyət Türkiyə mallarının rəqabət imkanlarını artırır. Belə ki, 2008-ci ildə 100 lirəlik Türkiyə malı Azərbaycanda 73 manata satıldığı halda, bu gün 32 manata satılır. Qeyd edək ki, Türkiyə Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biridir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ildə Azərbaycanın Tükiyəyə ixracı 502,5 milyon dollar, idxal isə 1,286 milyard dollar təşkil edib. Azərbaycan Türkiyədən əsasən geyim, elektronika və ərzaq malları idxal edir. Ticarət mərkəzlərində satıcılar da Türkiyə istehsalı olan geyimlərin ucuzlaşdığını bildirirlər.

Lirənin manata nisbətən ucuzlaşması Azərbaycanda işləyən Türkiyə vətəndaşları, daha doğrusu əmək haqqını manat və ya dollarla alıb Türkiyəyə göndərənlər üçün də sərfəlidir. Əməkhaqları dəyişilməsə belə, məzənnə dəyişikliyi bu şəxslərin real qazancını artırmış olur. Lakin yuxarıda qeyd olunduğu kimi, bu hal Azərbaycanın Türkiyəyə ixrac etdiyi məhsulların miqdarını azaldır. Bu halda artıq Azərbaycanda istehsal olunan məhsullar Türkiyə bazarında daha baha olur və orada rəqabət aparma imkanları zəif olur. Məhz bu səbəblər Türkiyədən Azərbaycana idxalın artmasına və o cümlədən Azərbaycandan Türkiyəyə ixracatın azalmasına gətirib çıxaracaq. Hələlik isə dollara nisbətdə lirənin alıcılıq qabiliyyətinin aşağı düşməsi müşahidə olunur. İstənilən milli valyutanın dəyərdən düşməsinin bir sıra fəsadları olduğunu, burada xüsusilə maliyyə bazarlarında qiymətli kağızların dəyərinə, ölkədəki investisiya mühitinə, milli valyuta ilə alqı-satqı proseslərinə və digər ciddi təsirini qeyd etmək olar.

Hər halda lirə bu templə ucuzlaşmaqda advam edlərsə, ekspertlər Türkiyədən Azərbaycana daha çox məhsul gətriləəcyini proqnozlaşdırır. Bu, istehlakçılar üçün sərfəli sayılsa da, yerli istehsalçılar üçün müəyyən çətinliklrə yol açmaq iqtidarındadır.

Sizin Reklam Yeriniz