Əlaqə Arxiv
news Image
2015.02.11
09:50
| A A A
Avropanın bütün ümidləri Azərbaycanadır
Zəfər Vəliyev: “Türk axını” heç də «Cənub Qaz Dəhlizi» çərçivəsində reallaşacaq TANAP və TAP layihələrinin kommersiya baxımından cəlbediciliyinə təsir etmək iqtidarında deyil”

Rusiya Türkiyədən keçməklə Avropaya qaz nəqlini nəzərdə tutan "Türk axını" kəmərinin mümkün qədər tez reallaşmasında maraqlıdır. "Qazprom" bəyan edir ki, Rusiyanın energetika konserni "Türk axını" kəmərinin ilk qolunu 2016-cı ilin dekabrına qədər tikib başa çatdırmağa hazırdır. Xatırladaq ki, "Qazprom" şirkətinin prezidenti Aleksey Millerlə Ankarada Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız arasında regionun enerji xəritəsini dəyişən "Türk axını" qaz kəməri layihəsinin marşrutu razılaşdırılıb. Həmçinin tərəflər müəyyən ediblər ki, kəmərlə Türkiyənin Yunanıstan sərhədinə ildə 47 milyard kubmetr qaz çatdırılacaq. "Qazprom" kəmərlə Avropaya məhz bu qədər qaz nəql etməyə hazırdır. Qara dənizin altından keçəcək qaz kəmərinin ümumi gücü ildə 63 milyard kubmetr olacaq, müvafiq olaraq həmin həcmdən 16 milyard kubmetr Türkiyənin daxili tələbatına yönəldiləcək. Tərəflər kəmərin marşrutunun mühüm, reper nöqtələrini və kəmərin Türkiyə hissəsinin texniki həllini müəyyən ediblər. Razılaşdırılıb ki, kəmər Kayaköy rayonunda quruya çıxacaq. Türkiyə istehlakçıları üçün qaz Lüleburqasda təhvil veriləcək. Türkiyə-Yunanıstan sərhədinə isə kəmər Ədirnə bölgəsinin İpsala yaşayış məntəqəsində çıxacaq. Türkiyə ərazisində kəmərin uzunluğu 180 kilometr olacaq. Belə vəziyyətdə fikirlər səslənir ki, Avropa Azərbaycanal birlikdə TAP və TANAP kəmərlərinin çəkilişini sürətləndirməlidir.

Neft və qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev bildirdi ki, TANAP layihəsi nəzərdə tutulan müddətə gerçəkləşdiriləcək: "Bir neçə gün bundan əvvəl "Qazprom"un İdarə Heyətinin sədri Aleksey Millerin Türkiyəyə rəsmi səfəri gerçəkləşib. Həmin səfər zamanı Türkiyənin energrtika və təbii sərvətlər naziri Taner Yıldızla "Türk axını"nın keçəcəyi marşurutun dəqiq açar və reper nöqtələrini müəyyənləşdiriblər. Adı çəkilən layihənin artıq layihələndirmə və axtarış işlərinin başlanılmasına start verdilər. "Türk axını" Qara dənizin dibi ilə keçib, Türkiyənin Kayaköy məntəqəsinə gələcək. Buradan Lüleburqasa yol alacaq. Hansı ki, bu ərazi də İstanbul ətrafında yerləşir. Epsila məntəqəsi isə Türkiyə Yunanıstan sərhədində yaradılacaq qaz satış mərkəzinə çevriləcək. "Türk axını"nın ötürücülük gücü isə 63 milyard kubmetrdir. Əvvəl nəzərdə tutulurdu ki, bunun da 13 milyard kubmetri Türkiyənin daxili ehtiyatlarına yönələcək. Yerdə qalanı da Avropaya. Lakin sonradan bu memorandumda müəyyən dəyişikliklər oldu. Türkiyə əlavə olaraq daha 3 milyard kubmetr qaz alınması ilə bağlı "Qazprom"a niyyət məktubu təqdim etdi. Artıq layihə ətrafında əməli addımlar aparılır. TANAP və TAP layihələrininn tikintisi ilə bağlı da artıq işlər intensiv şəkildə həyata keçirilir. Bir neçə gün öncə mətbuata belə bir açıqlama verildi ki, artıq TANAP layihəsinin texniki dəhliz məsələsi tam hazırdır, yəni, kəmərin keçəcəyi xətt tam bəllidir".

Həmsöhbətimiz qeyd etdi ki, bu fonda da fərqli fikirlər səsləndirilir: "Xüsusən də Rusiya və İranmeylli mətbuat bu layihəyə müxtəlif don geyindirməyə çalışır. Azərbaycanın həyata keçirdiyi enerji siyasəti isə hər hansı bir üçüncü dövlətə qarşı hesablanmayıb. Bəzi ekspertlər də hesab edir ki, "Türk axını" layihəsinin həyata keçirilməsi TANAP, TAP layihəsinin cəlbediciliyinə kölgə salır. Əslində, belə deyil. Statistik göstəricilərə nəzər salsaq, başqa bir mənzərənin şahidi olarıq. Avropanın 2014-cü ildə qaza olan tələbatı 468 milyard kubmetr təşkil edirdi. Rusiyanın isə Avropanın qaz balansında faizlə payı 28-30 faizdir. Şərqi Avropa ölkələrində isə bu rəqəm 60-70, bir çox hallarda da 90 faizə çatır. Rusiya keçən il bu məkana 189 miylard kubmetr qaz ixrac edib. 2013-cü ildə bu 222 milyard kubmetr idi. Deməli, Rusiyanın Türkiyə ilə birgə həyata keçirəcəyi "Türk axını" heç də "Cənub Qaz Dəhlizi" çərçivəsində reallaşacaq TANAP və TAP layihələrinin kommersiya baxımından cəlbediciliyinə təsir etmək iqtidarında deyil. Fevralın 12-də TANAP layihəsinin Məşvərət Şurasının Bakıda toplantısı keçiriləcək. Bura Yunanıstan, Gürcüstan, Bolqarıstan, Albaniya və İtaliyanın dövlət və hökumət nümayəndələri dəvət olunacaq. Bundan əvvəl də Avropa İttifaqı və ABŞ "Cənub Qaz Dəhlizi"nin prioritet olduğunu bəyan ediblər. Azərbaycan qazının 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlində Avropaya çatdırılması çox böyük tarixi hadisədir. "Cənub Qaz Dəhlizi"nin fəlsəfəsi ondan ibarətdir ki, adı çəkilən kəmərlərin genişləndirilməsi, TANAP-ın həyata keçməsi, TAP-ın gerçəkləşməsi ondan ibarətdir ki, Xəzər regionu ilə Aralıq dənizi regionu birləşir. "Cənub Qaz Dəhlizi"nin gerçəkləşməsi Avropanın enerji bazarında ciddi dəyişikliklərə səbəb olacaq. TANAP və TAP layihələrində Bolqarıstan iştirak etmir. Amma keçən il hər iki layihənin həyata keçirilməsilə bağlı "Şahdəniz-2" layihəsi çərçivəsində qazın Avropaya çatdırılması ilə bağlı Bolqarıstanla müqavilə imzalamışıq. Artıq Bolqarıstan da "Cənub Qaz Dəhlizi"nin ailə üzvlərindən biridir. Bolqarıstan Rusiya qazının Avropaya çatdırılmasında əlverişli tranzit məkanı idi. Lakin Putinin bu istiqamət üzrə yolunu Türkiyədən salması ilə Bolqarıstan bu imkandan məhrum olmuşdu. Burada ildə 400 milyon avro çərçivəsində itkilərdən söhbət gedirdi. Ona görə Bolqarıstan da artıq gələcəkdə Azərbaycanın enerji layihələrində yaxından iştirak edəcək. Digər tərəfdən, Azərbaycanın Xorvatiya və Monteneqro ilə qaz alqı satqısı və enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumu mövcuddur. Keçən ilin noyabrında Prezident İlham Əliyevin Macarıstana səfəri oldu. Burada gələcəkdə Azərbaycan qazının Macarıstana hansı marşurutla gətirilməsi məsələsi müzakirə olundu. Ola bilsin, yaxın gələcəkdə Azərbaycan qazı İtaliyaya yetişdikdən sonra, digər layihələrin də şahidi ola bilərik. Deməli, "Cənub Qaz Dəhlizi"nin tam mənasında işə düşməsindən sonra Avropanın qaz konfiqurasiyasında ciddi dəyişikliklər olacaq. Türkiyənin Rusiya ilə paralel həyata keçirdiyi birgə enerji layihələri ölkəmizin kəmər diplomatiyasına heç bir xələl gətirə bilməz. Türkiyənin özü də bir dövlətdən tam olaraq qaz asıllığında olmasını istəməz. Bu gün Türkiyə bir neçə mənbədən, Rusiya, Azərbaycan, İran, Əlcəzair və Qətərdən qaz idxal edir. Artıq görürsünüz ki, mənzərə aydındır. "Cənub Qaz Dəhlizi" Avropa üçün önəmli bir layihədir. Onun böyük perspektivi var. Türkmənistan da 2015-ci ildə qaz hasilatını artıracaq. Keçən il bu ölkədə hasilat 70 milyard kubmetrdən artıq olub, bu il isə 83 milyard kubmetrə çatdırmaq istəyirlər. Onun da 48 milyardı xaricə yönəldiləcək. Ona görə də "Cənub Qaz Dəhlizi"nin tam mənasında həyata keçirilməsi digər perspektiv layihələrin də həyata keçirilməsinə səbəb olacaq. Son zamanlar Avropa İttifaqı və ABŞ-da Cənubi Qafqaz, Xəzər regionu ilə bağlı geniş konfranslar keçirilir. Deməli, bu regionun karbohidrogen ehtiyatları Qərbin diqqət mərkəzindədir. "Cənub Qaz Dəhlizi"nin həyata keçməsindən sonra Türkmənistan qazının da bu istiqamətə yönələcəyinin şahidi olacağıq. Bunun konturları açıq şəkildə hiss olunur. Türkmınistan özü birtərəfli qaydada Çindən qaz asılılığında qalmaq istəmir".

Sizin Reklam Yeriniz