Əlaqə Arxiv
news Image
2015.02.12
09:50
| A A A
Şimalda Azərbaycan investisiyasına böyük tələb yaranır
Vüqar Bayramov: “Bazar genişdir, ona görə müəyyən mənfəət əldə etmək olar” Natiq Cəfərli: “Rusiyanın Azərbaycandan investisiya axınında maraqlı olması təklifi təbiidir”

Rusiya ölkənin mərkəz və cənub regionlarında kənd təsərrüfatı məhsulları üşün loqistika mərkəzlərinin tikintisi layihələrində azərbaycanlı investorların iştirakına arxalanır. Bunu Bakıda səfərdə olan Rusiya Federasiyası hökuməti sədrinin müavini Arkadi Dvorkoviç bildirib: "Tərəfdaşlarımız Moskva vilayətində yaxşı loqistika mərkəzi inşa ediblər və Azərbaycan malları artıq bu mərkəzə daxil olmağa başlayıb. Beləliklə, Moskva Azərbaycan mallarına daha cəld və etibarlı çıxış əldə edib".

Onun sözlərinə görə, Rusiya hökumətinin planlarına daha bir neçə mərkəzin tikintisi daxildir: "Biz bu investisiya planlarının dəstəklənməsi üçün federal büdcəyə subsidiyalar qoymuşuq. Azərbaycanlı tərəfdaşların Rusuyanın mərkəzi və cənub regionlardakı həmin layihələrə sərmaye qoyacaqlarına çox ümid edirəm".

Buradan göründüyü kimi, rəsmi Moskva Azərbaycandan Rusiyaya investisiya axınında və ticarət əlaqələrin genişlənməsində olduqca maraqlıdır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Azərbaycanın Rusiyaya sərmayə yatırmasını zəruri sayır və bu istiqamətdə ölkəmizin müəyyən mənfəət əldə etməsini mümkün hesab edir. Amma ekspert bununla bərabər risq amilini unutmamağı da tövsiyə etdi: "Rusiya ölkəsinə sərmayə cəlb edilməsində maraqlıdır. Hansı ki, hazırda o sərmayə cəlbi istiqamətində xeyli çətinliklərlə üzləşir. Qərbin sanksiyalarının tətbiqi ilə Rusiya iqtisadiyyatını 200 milyard dollara yaxın vəsait tərk edib. Bu da təbii ki, kifayət qədər böyük rəqəmdir. Bu konteksdən yanaşdıqda, görürük ki, birmənalı şəkildə Rusiyanın investisiyaya ehtiyacı var. Azərbaycan da investor rolunda çıxış edir. Qonşu ölkələrdə bu istiqamətdə kifayət qədər işlər həyata keçirib. O baxımdan Rusiya da çalışır ki, Azərbaycandan investisiya cəlb etsin. Azərbaycan investisiyasının Rusiya iqtisadiyyatına cəlb olunması indiki məqamda müəyyən üstünlüklər də gətirə bilər. Əsas üstünlük ondan ibarətdir ki, Rusiya bazarında hazırda rəqabətin azlığı müşahidə edilir. Ona görə də sərmayənin Rusiya bazarına daxil olmaqla daha çox gəlir əldə etməsi, rentabelli olması imkanları vardır. Amma üstünlüklərlə yanaşı müəyyən çətinliklər də mövcuddur. Risq amili var. Risq isə ondan ibarətdir ki, Rusiya iqtisadiyyatında praktik olaraq böhran davam edir. Rusiya rublunun məzənnəsilə bağlı konkret proqnozlar da vermək çətindir. Rublun məzənnəsi aşağı düşdükcə, Rusiyada alıcılıq qabiliyyətinin də azalacağı gözlənilir. Ona görə də Azərbaycan investorları Rusiya bazarına daxil olan zaman ehtiyatlı olmalıdır. Bazar genişdir, ona görə müəyyən mənfəət əldə etmək imkanları da var. Lakin buna baxmayaraq, risq amili də kifayət qədər yüksəkdir".

Ekspert Natiq Cəfərli bildirdi ki, Rusiyanın Azərbaycandan investisiya axınında maraqlı olması təklifi təbiidir: "Çünki sanksiyalarla əlaqədar Rusiyanın beynəlxalq bazara, əsasən də Avropaya çıxışı məhdudlaşdırılıb. Bu əsasda Rusiyada ciddi yatırımlara ehtiyac olduğundan ətraf ölkələrə müraciət və təkliflər olunur. Amma hazırda Rusiya bazarı risqli bazardır. Ona görə Azərbaycan bu istiqamətdə ehtiyatlı və düşünülmüş addımlar atmalıdır. Rusiya bazarı sabitləşmədən və investisiya şəraiti yaxşılaşdırılmadan təhlükələri hesablamaqla ciddi düşünərək elə sahələrdə yatırım edilməlidir ki, gələcəkdə bundan ölkəmizə ziyan dəyməsin. Bəzi analitiklər deyir ki, son zamanlar Rusiyada daşınmaz əmlakın qiyməti düşdüyündən onu almaq üçün münbit şərait yaradılıb. Belədə, 3-5 ildən sonra gəlir götürmək olar. Bu, ilk baxışdan cəlbedici görünür. Amma heç kim də dəqiq proqnoz verə bilmir ki, Rusiyada böhranlı vəziyyət nə zamana qədər davam edəcək".

Sizin Reklam Yeriniz