Əlaqə Arxiv
news Image
2015.02.13
09:35
| A A A
Virtual pullar Azərbaycanda da işlənməyə başlayır
Dünyada bu pula artan maraq onun tezliklə Azərbaycanda daha populyar olacağıın göstərir

Tətbiqi getdikcə geniş vüsət alan virtual pullar artıq Azərbaycana da ayaq açır. Qeyd edək ki, virtual pul kimi əsas etibarı ilə bitkoynlar nəzərdə tutulur. Bitkoynlar adlanan rəqəmsal pulları hazırda dünyada təxminən 1700 biznes şirkəti qəbul edir. Şifrələnmiş elektron pul maliyyə şirkətləri tərəfindən ənənəvi valyutalar kimi satılır, alınır və transfer olunur. Məlumat üçün bildirək ki, bitkoyn dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Odur ki, rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün köçürmələr sadəcə anonim şəklində olur.

Belə bir vaxtda bəlli olub ki, Türkiyənin Anadolu universitetində oxuyan azərbaycanlı tələbələr Bakıda bir onlayn gül mağazası açıblar. Mağazanın diqqəti çəkən xüsusiyyəti, ödəmələri dünyanın hər yerindən olan bütün bank kartları ilə yanaşı "Paypal" və bitkoyn ilə də qəbul edilməsidir. Çiçək satışı ilə bərabər saytda həmçinin, xüsusi hazırlanmış yaradıcı hədiyyələr, oyuncaqlar, müxtəlif növ aksesuarlar almaq mümkündür. İstifadəçilərin təhlükəsizliyini qorumaq üçün sistemdə SSL sertifikatı və PCI DSS standartları aktiv olunmuşdur. Eyni vaxtda bu Azərbaycanda ilk dəfə PCI DSS standartını tətbiq edən elektron ticarət platforması deməkdir. Ekspertlər hesab edir ki, bu qəbildən olan pulların Azərbaycanda da dövriyyəsinin təşkil edilməsi məqbul hal olardı. Təbii ki, bu hal müəyyən şərtlərə riayət edilməsi ilə baş verməlidir. Çünki belə virtual pulların müəyyən təhlükəsi də mövcuddur. Hələlik isə qeyd edək ki, bitkoynlardan istifadə ilə aparılan sövdələşmələr heç bir üçüncü şəxs və ya dövlət təşkilatının iştirakı olmadan yerinə yetirilir. Artıq Birləşmiş Ştatlar, Almaniya və digər bir çox hökumətlər rəqəmsal valyutanı qəbul edir. Çin bankların bitkoyn işlətməsinə qadağa qoysa da, bizneslərinə onun istifadəsinə icazə verir. Qeyd edək ki, 2009-cu ildən istifadəyə verildikdən bəri bitkoynun dəyəri bir neçə min dəfə qalxıb. Şirkətlərin çoxu xidmətləri və malları üçün tədricən bitkoynu qəbul edir və istehlakçıların çoxu ondan istifadə etməyə başlayıb. Virtual valyuta getdikcə qlobal maliyyə səhnəsində özünə mühüm yer tutur. Hazırda bitkoyndən yararlanmaq üçün müvafiq proqramdan istifadə edən hər bir şəxs sözügedən valyuta vasitəsilə istənilən ödənişi edib, istənilən malı ala bilər. Bu zaman tranzaksiyalara görə aşağı faiz tutulur, yatırımlar üçün əlverişli depozit faizləri təklif olunur. Bütün bunlar bitkoyn pullarına dünyada marağı artırır. Azərbaycanda da buna yaxın tezlikdə böyük marağın formalaşması qaçılmaz sayılır. Onu da qeyd edək ki, bitkoynun əsas xüsusiyyəti insanın şəxsi kompüteri vasitəsilə müvafiq proqramı yükləyib özünə hesab aça bilməsidir. Şəxsin hesabında fəaliyyətindən asılı olaraq onun imkanını göstərən bitkoynlər olur. Dünyada bu pula artan maraq onun tezliklə Azərbaycanda da populyar olacağıın deməyə əsas verir.

Sizin Reklam Yeriniz