Əlaqə Arxiv
news Image
2015.02.18
07:45
| A A A
Dollar yenidən dəyərini itirməyə başlayacaq

Azərbaycan bazarına yenə böyük həcmdə ABŞ dollarının daxil olması gözlənilir

Son günlərdə ölkənin maliyyə bazarlarında ən çox diqqət cəlb edən məqamlardan biri də ABŞ dollarının manata nisbətən cüzi də olsa bahalaşmasıdır. Bunun əsas səbəbi isə ölkənin ixrac qabiliyyətini saxlamaq üçün Mərkəzi Bankın proseslərə müdaxilə etməsi və yeni məzənnə siyasətinə start verməsidir. Dolların bahalaşması müşahidə olunmaqdadır.

Mərkəzi Bankın 17 fevrala olan rəsmi məzənnələrinə görə, 1 ABŞ dolları 0,7853 manata bərabərdir. Fevralın 16-da isə məzənnə 0.7848 idi. Bu da, 1000 dollarda 50 qəpik bahalaşmaya bərabər gəlir. Xatırladaq ki, Mərkəzi Bank manatin dollardan asılılığının azaldılmasının planlaşdırıldığını açıqlayıb. Bu vəziyyətdə son üç gün ərzində ölkə valyutadəyişmə məntəqələrindən dollar alışının çoxalması müşahidə olunur. Hətta dolların bundan sonra daha çox dəyər qazanacağını iddia edənlər də var. Lakin bazarın təhlili tamamilə əks vəziyyət üzə çıxarır. Əvvəla, indiyə qədər olan təcrübə göstərir ki, Azərbaycan dollarn kursunu istədiiy səviyyədə saxlamaq imkanındadır. Yəni, Mərkəzi Bank dolların kəskin bahalaşmasına imkan verməyəcək.

Digər tərəfdən nəzərə almaq lazımdır ki, son günlərdə neftin qiyməti sürətlə yüksəlir. Bu isə Azərbaycana daxil olan dollar kütləsinin miqdarının yenidən artması demək olacaq. Xatırladaq ki, son dövrlərə qədər Mərkəzi Bankın müdaxiləsi olmasaydı, dollar Azərbaycanda əhəmiyyətli dərəcədə ucuzlaşmışdı. Neftin qiymətinin bahalaşması fonunda ölkəyə daxil oan dollar kütləsinin artması qaçılmaz sayıldığından analoji prosesin yenidən təkrarlanması qaçılmaz sayılır. Xatırladaq ki, London əmtəə birjasında keçirilmiş hərraclarda "Azeri Light" markalı Azərbaycan neftinin 1 barreli 65 dollara yaxınlaşıb. Yaxın tezlikdə isə neftin qiymətinin yenidən 100 dollara çatması istisna olunmur. Hətta qiymətin bundan artıq olacağını deynələr də var. Bu isə qısa zaman kəsiyində Azərbaycan bazarına yenə böyük həcmdə ABŞ dollarının daxil olmasını istisna etmir. Bu da öz növbəsində bazarda dollar təklifinin artmasını istisna etmir. Yəni, dolların yaxın tezlikdə yenidən artan təklif üzündən dəyər itirməsi qaçılmaz sayılır. Mərkəzi Bankın məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçməsini isə ekspertlər zəruri addım sayırlar.

İqtisadçı-ekspert Vüqar Bayramov bu xüsusda bildirir: "Əslində, Mərkəzi Bank avroya nisbətən birbaşa məzənnə müəyyənləşdirəcək. Artıq avronun dollara nisbətən məzənnəsinin necə dəyişməsi heç də manata nisbətən məzənnəsinin dəyişməsi anlamına gəlməyəcək. Məsələn, əvvəllər avro dollara nisbətən 5 faiz dəyər qazanırdısa, manata nisbətən də 5 faiz dəyər qazanırdı. Yaxud da, əksinə. Avronun manata kursu çarpaz idi, birbaşa yox. Kurs çarpaz olduğundan bu, avro ilə manat arasında birbaşa məzənnənin müəyyənləşməsinə imkan vermirdi". Bu prosesin üstünlüklərinə gəlincə, iqtisadçı deyir ki, bu zaman manatın məzənnəsi təkcə bir valyutadan asılı olmur: "Manatın məzənnəsi müəyyən edilən zaman avrozonadakı dəyişikliklər də nəzərə alınır. Bu da ixrac qabiliyyətini stimullaşdıracaq. Eyni zamanda, manatın real dəyərini müəyyənləşdirməyə imkan verəcək".

Manatın məzənnəsi ilə bağlı ekspert bildirir ki, bunu birmənalı şəkildə proqnozlaşdırmaq çətindir: "Bu, Mərkəzi Bankın həyata keçirəcəyi monetar siyasətdən asılı olacaq. Mərkəzi Bank yumşaq məzənnə siyasətinə daxil olacaqsa, bu zaman manatın dollara, avroya nisbətən məzənnəsinin zəifləməsi müşahidə ediləcək. Yox, bank mövcud məzənnə siyasətini davam etdirərsə, dolların hazırkı kursu dəyişməyəcək. Sadəcə, avroya çarpaz deyil, birbaşa kurs müəyyən ediləcək. Bu halda manatın məzənnəsini sərbəst bazar müəyyənləşdirməyəcək. Proses yenə də Mərkəzi Bank tərəfindən müəyyən ediləcək. Dünya bazarında bəzən avro dollara nisbətən məzənnəsini itirir, digər valyutalara nisbətən isə dəyər qazanır. Bu da avronun həmin valyutalara məzənnəsinin çarpaz deyil, birbaşa olması ilə bağlıdır. Oxşar situasiyanın Azərbaycanda tətbiqi gözlənilir. Avrodakı dəyişiklik çarpaz deyil, birbaşa manatın məzənnəsində özünü əks etdirəcək". V.Bayramov deyir ki, səbət prinsipinin istifadə edilməsi heç də manatın dönərli valyutalara nisbətən yumşaldılması anlamına gəlməməlidir.

Ekspert yumşaq məzənnə siyasətinə keçiləcəyi təqdirdə bunun ölkə iqtisadiyyatına müsbət təsirlərindən də danışıb. Onun sözlərinə görə, yumşaq devalvasiya Azərbaycan iqtisadiyyatı üçün müəyyən üstünlüklər vəd edir: "Manatın hiss edilməyəcək şəkildə dəyər itirməsi iqtisadiyyatı stimullaşdıracaq və neftdənkənar bölmədən daha çox məhsul ixrac etməyə imkan verəcək. Bu, həm də Mərkəzi Bankın intervensiya xərclərini azalda bilər".

Sizin Reklam Yeriniz