Əlaqə Arxiv
news Image
2015.02.19
08:30
| A A A
İpoteka kreditləri ilə yeni mənzillər almaq asanlaşacaq

Cəmiyyətdə uzun müddətdən bəri xüsusi diqqətlə gözlənilən məsələlərdən biri də ipoteka kreditlərinin şərtlərində dəyişikliklərin haçan baş verəcəyidir. Bununla bağlı uzun müddətdir ki, müzakirələr aparılmasına baxmayaraq, hələlik hansısa yenilik yoxdur. Lakin Mərkəzi Bankın sədri Elman Rüstəmovun son açıqlamaları bu istiqamətdə mühüm yeniliklərin olacağını deməyə əsas verir. Bu yeniliklər həm də ölkədə mənzil bazarında aktivliyin artmasına hesablanıb.

Səslənən açıqlamalardan bu qənaətə gəlmək olar ki, Azərbaycanda daha əlverişli şərtlər ilə ipoteka kreditləri yeni mənzillərə verilə bilər. Elman Rüstəmov bu xüsusda bildirir: "İlk növbədə ipotekanın yeni mənzillərin alınmasına yönəldilməsinin təmin olunması və bu yolla mənzil tikintisi bazarının daha da canlandırılması, Azərbaycanda tikinti materialları sənayesinin və digər sənaye sahələrinin inkişafına nail olunması diqqət mərkəzindədir. İpoteka məsələsi daha da aktuallaşır. Ötən dövürdə biz bu istiqamətdə irəliləmişik. Hökumət daxilində çox aktiv məsləhətləşmələr gedir. Bu vəsaitlərin verilməsinin yolları, alətləri axtarılır. Xüsusilə, Azərbaycan əhalisinin ipotekaya olan marağını nəzərə alaraq, ilk növbədə baxılan məsələ, ipoteka kreditlərinin şərtlərinin daha da yüngülləşdirilməsi, verilən vəsaitlərin həcminin artırılması, onun ilk növbədə yeni mənzillərin alınmasına yönəldilməsinin təmin olunması, bu yolla mənzil tikintisi bazarını daha da canlandırılması, Azərbaycanda tikinti materialları sənayesinin, digər sənaye sahələrinin inkişafına nail olunması bu gün hökumətin və Mərkəzi Bankın diqqətində olan məsələdir".

Beləliklə, səslənən fikirlərdən aydın görünür ki, hökumət ipoteka şərtlərinin yüngülləşdirilməsində maraqlıdır. Eyni zamanda ipoteka kreditlərinin əsas etibarı ilə yeni mənzillərə yönəldilməsinə də böyük önəm verilir. Məhz bu şəraitdə ölkədə mənzil tikintisinin yenidən aktiv fazaya daxil olması istisna edilmir. Eyni zamanda ipoteka üçün müraciət edənlərin sayında da ciddi artım gözlənilir. Özü də nəzərə almaq lazımdır ki, ipoteka üçün müraciət daha da asanlaşdırılıb. Belə ki, İpoteka Fondu "Elektron İpoteka Sistemi"nin (EİS) tətbiqini başa catdırıb. Sistem ipoteka bazar iştirakçılarının istifadəsinə verilib. Sistemin tətbiqi ipoteka bazar iştirakçılarına - Müvəkkil Kredit Təşkilatlarına (MKT), Sığorta və Qiymətləndirici şirkətlərə bütün texniki prosedurları real vaxt rejimində (onlayn) həyata keçirilməyə imkan verir. Bu da öz növbəsində kreditləşmə prosesinin surətlənməsini və sistemin səmərəli fəaliyyətini təmin edir. Bununla yanaşı, EİS sisteminin davamı olan "Elektron İpoteka Portalı" real vaxt rejimində əhalinin istifadəsinə verilib. Belə ki, bundan sonra ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs birbaşa internet vasitəsi ilə onlayn portalın veb səhifəsinə www.e-ipoteka.az daxil olub müvafiq qaydada ipoteka kreditinin alınması üçün müraciət etməlidir. Müraciət etmək üçün ilkin mərhələdə qeydiyyatdan keçərkən, hər bir şəxs özünə dair bütün zəruri məlumatları daxil edərək, ipoteka üçün müraciət edə bilər.

Yeni ipoteka şərtlərinin açıqlanmasından sonra bu məqsədlə müraciət edənlərin sayında ciddi ratım olacağı qaçılmaz sayılır. Çünki mənzilə ehtiyacı olanların sayı kifayət qədərdir. Yuxarıda qeyd olunduğu kimi, bu, mənzil bazrındakı durğunluğu da aradan qaldıracaq. Hazırda maraq doğuran hallardan biri də güzəştli ipoteka kreditinin miqdarının artırılmasıdır.

Ekspertlər hesab edir ki, güzəştli ipoteka kreditlərinin verilməsində nəzərdə tutulan maksimal məbləğ 50 min manatdan yuxarı olmalıdır. İpoteka kreditlərinin alınması sahəsində vətəndaşları narahat edən məsələlərdən biri isə ilkin ödəniş problemidir. 50 min manatlıq ipoteka krediti götürən vətəndaş 8-10 min manat məbləğində ilkin ödəniş etməlidir ki, bu da aztəminatlı ailələr üçün çətinlik yaradır. Buna görə də İpoteka Zəmanət Fondu yaradılmasının da sürətlənməsi vacib sayılır və həmin fond yaradıldıqdan sonra vətəndaşlar ilkin ödəniş etmək məcburiyyətində qalmayacaq, vətəndaşlar yüz faizlik ipoteka krediti almaq imkanı əldə edəcəklər. Faiz dərəcələrinin isə indiki sosial ipotekada 4 faizdən 2 faizə, adi ipotekada isə 8 faizdən 4 faizə endirilməsi də məqbul sayılır.

Sizin Reklam Yeriniz