Əlaqə Arxiv
news Image
2015.02.19
09:55
| A A A
Əmanətlər dollarlaşır
Samir Əliyev “Getdikcə dolların payında artım olacaq” Qubad İbadoğlu: “Ölkədə əmanətlərin dollarlaşması son nəticədə…”

Manatın məzənnəsi ilə bağlı atılan son addımlar bank əmanətlərinin strukturuna təsirsiz ötüşmür. Belə ki, əmanətlərini dollarla saxlamaq istəyənlərin sayında artım müşahidə olunduğu bildirilir. Mərkəzi Bankın İdarə Heyətini sədri Elman Rüstəmov bununla bağlı banklara tapşırıq verildiyini bildirib: "Banklara tapşırmışıq ki, əhalinin əmanətlərinin manatdan dollara keçirmək istəyinə mane olmasınlar. Azərbaycan əhalisinin banklarda 7 milyard manat ekvivalentində əmanəti var. Bunun yarısı milli valyutadadır, yarısı isə xarici valyutada. Son iki ayda biz görürük ki, müəyyən dollarlaşma prosesi gedir. Bu, cəmi 4% artımdır. Bizim banklara tövsiyə və göstərişimiz ondan ibarət olub ki, heç bir maneə törətmədən manatda olan əmanətlərini xarici valyutaya çevirmək istəyən əmanətçilərə hər bir şərait yaradılsın. Bu gün biz müşahidə edirik ki, xarici valyutada olan depozitlər üzrə faiz dərəcələri milli valyutada olan depozitlər üzrə faiz dərəcələrinə yaxınlaşır. Yaranmış vəziyyətdə bu doğrudur".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirir ki, artıq əmanətlərdə dolların payı artıb: "Dekabr ayının göstəricilərinə görə, dolların payı ümumi manat qoyuluşunda artmağa başlamışdı. Düzdür, hələlik manat öz üstünlüyünü qoruyub saxlayır. Əmanətlərin təxminən üçdə ikisi manatın payına düşür. Bu da 60%-dən çoxdur. Amma dekabr ayında manatın xüsusi çəkisində 1% azalma olmuşdu. Çox güman ki, bu azalma yanvar və fevral aylarında da davam edib. Yəni, Elman Rüstəmovun çıxışından əvvəl bu proses artıq başlamışdı. Əslində, Elman Rüstəmov bu məsələni düzgün qeyd edib ki, burada heç bir məhdudiyyət qoyulmayacaq. Bu, lazımsız panikaların qarşısını alacaq bir fikirdir. Yəni, getdikcə dolların payında artım olacaq. Bu da təbiidir. Yəqin ki, bir müddətdən sonra müəyyən sabitlik yaranacaq".

Ekspert onu da əlavə etdi ki, yaxın gələcək üçün neftin bahalaşması gözlənilmir: "Proqnozlar neftin ucuzlaşacağını göstərir. Ən yaxşı halda indiki səviyyədə qalacaq. Amma digər tərəfdən, əgər neft bahalaşarsa, manatın imkanları artacaq. Belə bir vəziyyətdə manat müəyyən qədər bahalaşa bilər. Amma yaxın dövrdə dolların bahalaşması gözlənilir. Çünki, ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini qaldırmağı planlaşdırır. Dolların da bahalaşması birmənalı olaraq neftin bahalaşmasının qarşısını alır. Digər tərəfdən, hökumət qeyri-neft sektorunun inkişafı çərçivəsində manatın məzənnəsinin indiki səviyyədə qalmasının ölkə iqtisadiyyatı üçün zərərli olduğunu qəbul edir. Ona görə də bundan sonra hətta neft bahalaşsa belə, manatın əvvəlki kimi bahalaşması müşahidə etməyəcik".

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu da artıq dekabr ayından xarici valyuta ilə qoyulan əmanətlərin həcmində artımın olduğunu qeyd edir: "Xarici valyutada isə dollar xüsusi çəkiyə malikdir. Hələlik yanvar ayının məlumatları açıqlanmayıb. Amma yanvarda da bu prosesin davam etməsi gözləniləndir. Manatın ucuzlaşması bu prosesi daha da sürətləndirib. İndiki halda dolların bahalaşması daha çox gözləniləndir. Ancaq ölkədə əmanətlərin dollarlaşması son nəticədə manata olan inamın azalmasına gətirib çıxara bilər. Bu fonda isə əməliyyatlarda manatdan az istifadə oluna bilər. Xüsusən, iri əməliyyatlar dollarla aparıla bilər. Bu isə nağdlı əməliyyatıların səviyyəsini aşağı salacaq".

Sizin Reklam Yeriniz