Əlaqə Arxiv
news Image
2015.02.20
08:45
| A A A
Azərbaycan Qərbdə Avropanın xilaskarı hesab olunur
Ölkəmizin təşəbbüsü ilə reallaşmaqda olan “Cənub Qaz Dəhlizi“ hazırda Avropanın yeni mənbədən iri həcmdə qaz almasını təmin edən yeganə variantdır

Azərbaycanın Avropanın enerji təminatında getdikcə artan rolu beynəlxalq miqyasda da qəbul edilən reallıqdır. Xüsusən də son dövrlərdə bu istiqamətdə aparılan müzakirələr, əldə edilən razılıqlar bir daha Avropanın əsas ümid yerinin məhz Azərbaycan olduğunu göstərir. Rusiyanın "Nezavisimaya qazeta" nəşri ABŞ Dövlət Departamentinin rəsmisi Viktoriya Nulandın Cənubi Qafqaza səfərini şərh edərkən məsələnin bu tərəfinə də xüsusi olaraq toxunur.

Xatırladaq ki, Azərbaycaan səfəri çərçivəsində Viktoriya Nuland enerji əməkdaşlığına da geniş şəkildə toxundu. O bildirdi ki, ABŞ-la Azərbaycan arasında enerji sahəsində işlər əla vəziyyətdədir. Nuland bildirib ki, yeni layihələrin həyata keçirilməsinə çalışılır. O, iki ölkə arasında həyata keçirilən ilk layihənin Bakı-Tiflis-Ceyhan neft kəməri layihəsi olduğunu açıqlayıb: "Hazırda "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşması üçün birlikdə çalışırıq. Bu layihə tək Azərbaycan deyil, enerjisi bir mənbədən olan ölkələr üçün də əhəmiyyət kəsb edir. Bu, Avropa, Azərbaycan və ABŞ-ın birgə layihəsidir. Biz istəyirik ki, bu layihənin gücləndirilməsi istiqamətində Avropa İttifaqı ilə sıx əlaqə quraq".

"Nezavisimaya qazeta" . yazır ki, ABŞ Cənubi Qafqaza sönməyən marağı var: "Bəzi hallarda bu maraq artan və enən xətlə müşahidə olunur. Lakin Ukraynadan sonra ABŞ Cənubi Qafqazda Rusiya ilə rəqabəti gücləndirmək qərarına gəlib. Region ölkələrinin siyasi oriyentasiyasının necə olmasından asılı olmayaraq, Vaşinqton onlara dəstək verir. Lakin Vaşinqton postsovet ölkələrinə təsirini həddindən artıq qiymətləndirir. Halbuki onların bəziləri müstəqil siyasətləri ilə seçilir". "Nezavisimaya qazeta" Azərbaycanı buna əsas nümunə kimi göstərir: "Bakı artıq bir sıra Qərb institutlarının tənqidinə vərdiş edib və bu tənqidlərin həqiqət olmadığını çoxları anlayır. Xüsusilə, bir sıra ictimai fəal və jurnalistin həbsi haqda ittihamlar qondarma olur. Çünki onlar heç də günahsız deyil. Bəzilərinin casusluq etdiyi də məlumdur. Bundan başqa, Qərb sönük müxalifətə dəstək verməklə onları canlandırmaq istəyir. Eyni tipli dəstək bəzən radikal islamçılara da yönəlir. Lakin Bakı bunların hamısını görür və bu günə qədər uğurlu qarşısını ala bilib. Bu baxımdan, Nulandın Azərbaycan rəhbərliyi ilə görüşdə bu məsələlərə toxunacağını düşünənlər səhv edirdi.

Çünki ABŞ üçün bu gün Rusiya, İŞİD və regiondakı maraqlarını müdafiə etmək kimi daha vacib məsələlər var. Digər tərəfdən, Azərbaycan hazırda Qərbdə Avropanın enerji təminatında xilaskar kimi qəbul edilir. Nuland da Bakıda olarkən bu məsələlərə toxundu. Bununla yanaşı, Nuland Azərbaycan üçün vacib olan Dağlıq Qarabağ münaqişəsindən danışdı və ABŞ-ın ərazi bütövlüyü prinsipinə sadiq olduğunu bəyan etdi. Lakin münaqişənin danışıqlar yolu ilə həllində tərəfdar olduqlarını da dilə gətirdi".

Enerji məsələsilə bağlı Avropa da Azərbaycana böyük "stavka" etdiyini gizlətmir. Məsələn, Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç bildirib ki, Avropanın qaz təchizatı mənbələrini diversifikasiya etmək üçün tək ümidi Azərbaycandır. Şefçoviç vurğulayır ki, Azərbaycanın təşəbbüsü ilə reallaşmaqda olan "Cənub Qaz Dəhlizi" hazırda Avropanın yeni mənbədən iri həcmdə qaz almasını təmin edən yeganə variantdır. Onun sözlərinə görə, Ukraynanın şərqindəki münaqişə Avropa İttifaqını məcbur edib ki, enerji təchizatı mənbələrinin diversifikasiya olunmasını sürətləndirsin. O, Avropa İttifaqınının hər yay qarşıdakı qışda enerji daşıyıcılarının nəqlinin dayanması təhlükəsindən narahatlıq keçirdiyini və artıq bundan bezdiyini deyib.

Xatırladaq ki, Şefçoviç fevralın 12-də "Cənub Qaz Dəhlizi"nə dair Məşvərət Şurasının Bakıda keçirilən birinci iclasında iştirak edib. Burada çıxışı zamanı Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatının 2,5 trilyon kubmetrdən çox olduğunu deyən Prezident İlham Əliyev "Cənub Qaz Dəhlizi"nin reallaşdırılması ilə bağlı hasilatçı, tranzit və istehlakçı ölkələr arasında səyləri əlaqələndirməyin vacibliyini vurğulayıb: "Enerji resurslarının şaxələndirilməsi hazırda beynəlxalq təşkilatların əsas arenasında müzakirə olunan məsələdir. Azərbaycan şaxələndirmədə öz rolunu oynayır. Şaxələndirmə haqqında danışanda biz yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsini nəzərdə tuturuq. Marşrutların da şaxələndirilməsi vacibdir, lakin mənbə eyni olanda vəziyyət çox dəyişmir. Mənbələrin şaxələndirilməsi vacibdir. Bu halda Xəzər dənizində çıxan qaz - Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə qaz mənbəyi olacaq. Əlbəttə ki, bu, tamamilə başqa vəziyyət yaradır". Azərbaycanın enerji təmintaında artan rolu təbii ki, bu gün Qərbdə də qəbul olunur, bu sahədə ABŞ və Avropa Azərbaycanal əməkdaşlığı daha da gücləndirməyə can atır.

Sizin Reklam Yeriniz