Əlaqə Arxiv
news Image
2015.02.21
11:28
| A A A
Avtomobil bazarında durğunluqdur
Ramil Osmanlı: “Bazarda aktivliyin aşağı düşməsinə baxmayaraq, hələlik maşınların qiymətində ciddi ucuzlaşma müşahidə edilmir” Seymur Yunusov: “Bütün hallarda ilin bu vaxtı maşın bazarında passivlik müşahidə olunur”

Maşın alqı-satqısı son aylarad kəskin azalıb. Bunu maşın bazarında alqı-satqı ilə məşğul olanların dililə desək, "alverin ölməsi" də təsdiq edir. Eyni hal rəsmi dilerlərdə də hiss edilir. Həmçinin, avtomobil idxalında da kəskin azalma müşahidə edilir. Belə ki, Azərbaycana gətirilən avtomobillərin həcmi bir ildə 40%-ə yaxın azalıb. Mütəxəssislərin fikrincə, bu ondan irəli gəlib ki, son 1 il ərzində bazarda baş verən hadisələr və qəbul olunan qərarlar bütövlükdə bazarda dinamikanın aşağı düşməsinə gətirib çıxarıb.

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlının fikrincə, avtomobil bazarındakı bu durğunluğunda səbəblər çoxdur: "Məsələn, indiki mövcud iqtisadi vəziyyətin təsirləri var. Ümumiyyətlə, maliyyə bazarındakı vəziyyətin manata təsiri var. Eyni zamanda ötən il Avro standartın dəyişməsi, Mərkəzi Bankın kreditləşmə ilə bağlı qərarı da avtomobil bazarında satışın səviyyəsinin aşağı düşməsinə təsir edən amillərdən oldu. Proseslər hələ də davam etməkdədir. Bildiyimiz kimi bu il aksiz vergisinin artırılması və aksiz vergisinin manatla hesablanması barədə qərar qəbul olundu. Bütün bu proseslər bazarda dinamikanın aşağı düşməsinə, idxalın azalmasına, alqı-satqı prosesinin zəifləməsinə səbəb olub".

Ekspertin sözlərinə görə, bazarda aktivliyin aşağı düşməsinə baxmayaraq, hələlik maşınların qiymətində ciddi ucuzlaşma müşahidə edilmir: "Yalnız ikinci bazar avtomobillərində nisbətən ucuzlaşma müşahidə olunur. Amma bu, o qədər də ciddi rəqəmlə ifadə olunmur. Hətta yeni aksiz vergisinə görə, dilerlər qiymətlərin artacağını bildirirlər".

Nəqliyyat məsələləri üzrə ekspert Seymur Yunusov hesab edir ki, durğunluğa ilk səbəb, insanların hələlik gözləmə mövqeyi tutmalarıdır: "İqtisadiyyatdakı qeyri-müəyyənliklə əlaqədar olaraq insanlar may, iyun ayına qədər pullarını xərcləməkdə tərədüddədirlər. İkinci səbəb isə iqtisadi fəallığın aşağı düşməsidir. Nəticədə alıcılıq qabiliyyətinin aşağı düşməsi maşın alışlarına da öz mənfi təsirini göstərir. Amma burada hər hansısa qiymət artımından söhbət getmir. Bu gün heç şərtlərlərdə də sərtləşmə yoxdur. Əksinə, dilerlər şərtləri yumşaldırlar ki, əllərində olan avtomobilləri satsınlar. Ancaq aksiz vergilərinin artırılması isə əlqədar aprel ayında maşınların qiymətində artımlar hiss olunacaq. Çünki, dilerlər sifarişi iki ay əvvəlcədən verirlər. Dekabrda sifariş verilən avtomobillərdə bahalaşma gözlənilir. Bu da əsasasən mühərrik həcmi 3500 kubsantimetrdən yuxarı olan avtomobillərdə hiss olunacaq. Ondan aşağı həcmlilərdə isə 100-600 manat arasında qiymət artımı ola bilər. Əgər satış passiv getsə, bu artımı dilerlər hiss etdirməyə bilərlər".

Ekspertin fikrincə, maşın bazarındakı bu durğunluq işlənmiş avtomobillərin qiymətində cüzi ucuzlaşmaya səbəb ola bilər: "Amma aksiz vergisinin artırılması və tələbatın azalması qiymətləri dəyişməz də saxlaya bilər. Bütün hallarda ilin bu vaxtı maşın bazarında passivlik müşahidə olunur. May ayından sonra gələcək proqnozu vermək olar. Digər tərəfdən, dollar manat qarşısında bahalaşır. Dollar bahalaşırsa, gələcəkdə idxal edilən maşınların qiymətində artım gözləmək mümkündür. Dollar yavaş-yavaş qalxdığından bahalaşma da yavaş-yavaş olacaq".

Sizin Reklam Yeriniz