Əlaqə Arxiv
news Image
2015.02.25
09:00
| A A A
Valyuta bazarında dəyişiklik Azərbaycan məhsullarına tələbatı artıracaq
Ölkəmizdə istehsal edilən malların dünya bazarında rəqabətqabiliyyətli olmasına devalvasiya prosesinin ciddi təsir göstərəcəyi proqnozlaşdırılır

Valyuta bazarında manatın müxtəlif xarici ölkələrin pullarına, o cümlədən avro və dollara nisbətdə məzənnəsinin aşağı salınmasının hansı nəticələrə gətirib çıxaracağı ətrafında müxtəlif fikirlər səslənməkdə davam edir. Əhali üçün bunun əsas narahatlığı ərzaq və digər məhsullarda hansısa qiymət artımına gətirib çıxara biləcəyi ilə bağlı oldu. Düzdür, manatın məzənnəsində baş verən dəyişiklikdən bəzi işbazlar sui-istifadə etməyə çalışırlar. Ticarət obyektlərində qiymətləri artırmaq cəhdləri müşahidə olundu. Lakin İqtisadiyyat və Sənaye Nazirliyi süni qiymət artıranlara qarşı ciddi tədbirlər görüləcəyini bəyan edib. İqtisadçı-ekspertlər deyirlər ki, əksər ərzaq məhsulları Azərbaycanda istehsal olunur. Buna görə də, onların qiymətinin qaldırılmasının iqtisadi əsasları yoxdur. Dövlət orqanları da bu vəziyyətə ciddi nəzarət edirlər. İqtisadiyyat və Sənaye Nazirliyi bildirir ki, istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib. Qiymətləri artıran işbazlara qarşı qanunvericiliyə uyğun tədbirlər görüləcək. Deməli, qiymət artımından o qədər də narahat olmağa dəyməz. Düzdür, işbazların hələ müəyyən müddət buna cəhd göstərəcəkləri şübhə doğurmur. Lakin belə qiymət artımlarına edilən əsassız cəhdlərin qarşısı müvaiq dövlət qurumları tərəfindən alınacaq.

Maantın devalvasiyasına gəlincə, ekspertlər bunun müəyən parametrlər baxımından zəruri əhəmiyyət kəsb etdiyini bildirir. Belə ki, bu hal Azərbaycanın ixrac etdiyi məhsulların həcminin daha da artmasına imkan verəcək. Eyni zamanda daxili bazarlarda məhz yerli məhsullar dominant mövqeyə yüksələcək. Çünki yaranmış vəziyyətdə xaricdən gələn məhsullarda müəyyən qiymət artımı olacaq. Keyfiyyətcə onlardan geri qalmayan və əksər hallarda üstün olan yerli məhsullarda isə qiymət sabit qalıb. Bu vəziyyətdə alıcılar təbii olaraq yerli məhsulları daha çox istehlak etməyə başlayacaqlar və bu, daxili istehsalın, beləliklə də iqtisadiyyatın artımına ciddi rəvac verəcək.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Rüfət Quliyev də bildlirir ki, manatın məzənnəsinin zəifləməsi qonşu ölkələrdə, xüsusilə də Rusiyada Azərbaycan məhsullarına tələbatı artıracaq. Onun sözlərinə görə, Rusiyada rublun kəskin devalvasiyası zamanı bu ölkəyə ixrac edilən Azərbaycan məhsullarına daha az tələbat oldu və bir çox tədarükçülər biznesin həcmini azaltmaq və ya digər hesablaşma forması axtarmağa məcbur oldular. R.Quliyev qeyd edib ki, Azərbaycan uzun illərdir manatın məzənnəsini dollara bağlı saxlayıb və belə tərkibli iqtisadi model cəmiyyət və dövlətin maraqlarını qorumaq üçün lazım olub: "Lakin unutmaq olmaz ki, bütün dünya 2008-ci ildən böhran yaşayır. Bir çox ölkənin iqtisadiyyatı geriləyir, onların iqtisadi göstəriciləri azalır, ümumi milli məhsulu isə ildə cəmi 0,5 faiz artır. Bütün bu illər ərzində Azərbaycan hökuməti ehtiyatları hesabına manatın məzənnəsini sabit səviyyədə saxlayırdı. Biz ildə inflyasiyanın 1,5-2 faizdən çox artmasına imkan vermədik. Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan, Türkiyə, Qırğızıstan və Tacikistan kimi bir çox ölkədə milli valyutanın devalvasiyası baş verdi. Azərbaycanı qlobal iqtisadiyyatdan kənarda nəzərdən keçirmək olmaz". Manatın məzənnəsinin zəifləməsi inflyasiyaya səbəb olsa da, deputat hesab edir ki, hökumət çox güman, belə şəraitdə inkişaf proqramına malikdir: "Şərtlər dəyişib, heç olmasa, müvəqqəti olaraq dünya iqtisadiyyatında problemlər həll edilənədək yeni dünya iqtisadi proseslərinə uyğunlaşmaq lazımdır. Hökumət baş verən proseslərin əhalinin rifahına çox təsir etməməsi üçün bütün məsələləri nəzərdən keçirəcək".

İqtisadçıların fikrincə, manatın dəyər itirməsi iqtisadiyyatı stimullaşdıracaq və neftdənkənar bölmədən daha çox məhsul ixrac etməyə imkan verəcək. Qeyd olunur ki, neftdənkənar bölmədən daha çox məhsul ixrac etmək üçün manatın devalvasiyasi olduqca vacibdir. Azərbaycanda istehsal edilən malların dünya bazarında rəqabətqabiliyyətli olması üçün də məhz devalvasiyaya ehtiyac var idi. Bu, həm də Mərkəzi Bankın intervensiya xərclərini azaldır. Mərkəzi Bank manatı sabit saxlamaq üçün bazara ay ərzində 1,5 milyard dollar intervensiya edirdi. Praktiki olaraq Mərkəzi Bank manatın sterilizasiyasını həyata keçirirdi. Lakin indi vəziyyət ədyişir. Həmçinin manatın məzənnəsinin yumşalması dövlət büdcəsinə manatla daxilolmaları artıracaq. Çünki dollar satılan məhsullardan əldə edilən gəlirlər büdcəyə manatla oturdulur. Bütün bunlar devalvasiya prosesinin iqtisadi tərəqqini daha ad stimullaşdarıcağını aydın nümayiş etdirir.

Sizin Reklam Yeriniz