Əlaqə Arxiv
news Image
2015.02.26
08:00
| A A A
Çayçılıq yenə tənəzzülə doğru gedir
Vahid Məhərrəmov: “Çalışmalıyıq ki, Azərbaycan çayı müştərilərə ucuz təklif edilsin və keyfiyyətli olsun” İmran Cümşüdov: “Köhnə, primitiv aqreqatlardan istifadə etməklə, bu sahəni inkişaf etdirmək olmaz”

Azərbaycanda çay istehlakının illik həcmi kifayət qədər yüksək olsa da, bu məhsulun istehsalı hələ də lazımi həddə deyil. Aparılan hesabalmalar göstərir ki, 2013-cü ildə ölkəmizdə 570 ton çay istehsal edilib. Ötən il bu rəqəm 469 ton təşkil edib və bu da bir ildə 100 ton, yəni, 20 faizlik azalma deməkdir. .

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmovun fikrincə, xaricdən daha ucuz çayın idxalı bu sahənin inkişafını ləngidir: "Çay istehsalı sahəsində əsaslı işlərin görülməsinə ehtiyac vardır. Bəzi bölgələrdə çay istehsalı ilə məşğul olmaq imkanı var. Torpaq və iqlim şəraiti buna imkan verir. Həm də çaya olan tələbatımız digər məhsullarla müqayisədə bir o qədər də çox deyil. Özümüzün çaya olan tələbatımızı daxili istehsal hesabına ödəyə bilərik. Sovet dövründə bu sahədə müəyyən təcrübəyə malik olmuşuq. Əvvəllər o qədər də çay idxal olunmurdu, daxili istehsal tələbatı ümumən ödəyirdi. Ancaq son illər xaricdən daha ucuz çay idxal olunur. Bu isə daxildə çay istehsalına çiddi təsir edib. Belədə daxildə və respublikadan kənarda olan çay müştərilərimiz azaldı. Bu da həmin sahənin zəifləməsinə gətirib çıxardı. Həmin zamanlarda məsələnin həlli üçün müəyyən addımlar atılmalı idi, lakin bu həyata keçmədi".

Həmsöhbətimiz bu qənaətdədir ki, yerli çayın qiymətinin ucuz olması və keyfiyyətin artması çayçılığın inkişafına ciddi təsir edəcək: "Heç olmasa, indi bu sahəni dirçəltmək üçün bir sıra işlər həyata keçirilməlidir. İlk növbədə çalışmalıyıq ki, Azərbaycan çayı da müştərilərə ucuz təklif edilsin və keyfiyyətli olsun. Düzdür, artıq qablaşdırma məsələsi öz həllini tapıb. Ancaq istehsalı artırmaq və onunla yanaşı, keyfiyyəti də yüksəltmək lazımdır. Hələ ki, Azərbaycanın istehsal etdiyi çayın keyfiyyətilə bağlı ciddi iradlar yoxdur. Sahənin inkişafı üçün çalışmaq lazımdır ki, bura investisiya qoyulsun. İnvestisiya qoyuluşunu həyata keçirmək üçün bu sahəyə ayrılan kreditlərin də aşağı faizlə və uzunmüddətli verilməsinə çalışmaq gərəkdir. Çay elə bir bitkidir ki, o, ancaq 8-ci ildən sonra məhsul verməyə başlayır və ilk illərdə məhsuldarlıq o qədər də çox olmur. Yalnız 10 il keçəndən sonra məhsuldarlıq artmağa başlayır. Yəni, bu sahə üzrə çalışanlar ancaq 10 ildən sonra kredit faizlərini qaytara biləcəklər. Bu müddətə kimi isə fermerlər bu sahəyə ancaq xərc çəkəcək. Ona görə bu sahə üzrə ixtisaslaşan fermerlərə də müəyyən subsidiya ayrılmalıdır. Bu halda onlar 10 il ərzində çəkdikləri xərcin bir hissəsini kompensasiya edə bilərlər. Belədə məsələyə yanaşma fərdi olmalıdır. Ucuz kreditlər verilməsə, fermerlər çay bitkilərinin normal qidalanması, torpağın münbitləşdirilməsi, müəyyən texnikanın əldə olunmasında çətinlik çəkəcəklər. Sahəyə kompleks şəklində diqqət yetirmək lazımdır. Çayçılıq sahəsində xüsusən qanunla bağlı ciddi boşluqlar var. Həmin sahənin inkişafı üçün potensial və imkan vardır. Lakin onu reallaşdırmaq üçün bu sahəyə hökumətin diqqət ayırmasına ehtiyac vardır".

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik Şöbəsinin müdiri İmran Cümşüdov bildirdi ki, çayçılıqla məşğul olan fermerlərə uzunmüddətli kreditlər verilməlidir: "Respublikada çay əkininin ümumi sahəsi 2010-cu ildə 600 hektar, 2011-ci ildə 800 hektar, 2012-ci ildə 870, 2013-cü ildə 900 və nəhayət 2014-cü ildə 980 hektar olub. Belədə 2010-cu ildə 540 ton, 2011-ci ildə 530 ton, 2012-ci ildə 570, 2013-cü ildə 570 və keçən il isə havaların quraq olmasının nəticəsi olaraq 470 ton olub. Bir hektardan məhsuldarlıq 2010-cu ildə 9,4 sentner, 2011-ci ildə 9,8 sentner, 2012-ci ildə 10,5, 2013-cü ildə 12 və nəhayət 2014-cü ildə 10,4 sentner olub. Çayçılığın inkişafı üçün digər bitkilər kimi mütərəqqi və səmərəli texnikalardan istifadə etmək lazımdır. Köhnə, primitiv aqreqatlardan istifadə etməklə, bu sahəni inkişaf etdirmək olmaz. Habelə, çayçılıqla məşğul olan fermerlərə uzun müddətli kreditlərin verilməsi də yaxşı olardı. Çayçılığın becərilməsində nəzərdə tutulan bütün aqrotexniki qulluq işlərinə vaxtlı-vaxtında və düzgün əməl edilməlidir. Bunlar edildiyi təqdirdə məhsuldarlıq və istehsalın yüksək olmasına nail ola bilərik".

Sizin Reklam Yeriniz