Əlaqə Arxiv
news Image
2015.02.26
09:45
| A A A
Xarici valyutalarda verilən kreditlərin faizləri aşağı salınacaq?!
Natiq Cəfərli: “Xarici valyuta ilə verilən kreditlərin faiz dərəcəsində gələcəkdə ciddi endirim olmasa da, müəyyən qədər endirimləri gözləmək mümkündür” Yusif Vəliyev: “Xarici valyuta ilə verilən kreditlərin faizlərinin aşağı salınması barədə qəti fikir söylmək mümkün deyil”

Manatın məlum devalvasiyasından sonra banklardan kredit götürən vətəndaşlar üçün indi bir məsələ xüsusi maraq mövzusuna çevirib. Onlar xarici valyuta ilə götürdükləri vəsaitin banklar manatın devalvasiyaya qədər olan kursu və ya yeni kursla qaytarılmasının mümkünülüyünə daha çox maraq göstərir. Lakin bankların mövqeyi göstərir ki, onlar kurs məsələsində yeni məzənnəni əsas götürürlər. Bu isə kredit götürənlərin zərərinə olsa da, bankların xeyrinədir. Banklar dollarla verdikləri kreditdən daha çox gəlir əldə etməyə başlayıblar. Bəzi ekspertlər hesab edirlər ki, bu fonda banklar xarici valyuta ilə verdikləri kredit dərəcələrini azalda bilərlər.

İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, burada banklarla bağlı iki önəmli məsələ var: "Birincisi odur ki, bəzi banklar uzun illərdir, biznes əlaqələr yaradıblar. Uzunmüddətli kredit müqavilələrinə girərək, ucuz mənbələrdən daha aşağı faizlər valyuta cəlb edib sonradan Azərbaycanda həmin vəsaitin bir hissəsini xarici valyuta, bir hissəsini isə manatla kreditə verirdilər. Təbii ki, onlar bu vəsaitlərini əhaliyə özlərinin xərclərini və gəlirlərini də əlavə edərək daha baha qiymətə verirlər. Düzdür, burada dollarla xaricdən cəlb olunmuş vəsaitin manatla verilməsi nəticəsində bankların müəyyən ziyana uğrayacağını indidən demək mümkündür. Amma dollarla da kredit veriblərsə, həm qazancları olacaq, həm də elə əməliyyatların aparılması üçün heç bir problem yaranmayacaq. Xarici valyuta ilə verilən kreditlərin faiz dərəcəsində gələcəkdə ciddi endirim olmasa da, müəyyən qədər endirimləri gözləmək mümkündür. Banklar manatla verdikləri kreditdən dəymiş ziyanı dollarla verdikləri kreditlə kompensasiya etməyə çalışacaqlar. Ona görə də ciddi endirim olacağı inandırıcı deyil. Ancaq dollarla ilə kredit götürmüş əhalini də düşünmək lazımdır".

Ekspetin bildirdi ki, Mərkəzi Bank xarici valyuta ilə verilmiş kreditlərin dərəcələrinin aşağı salınması üçün nəsə edə bilməz: "Mərkəzi Bank sadəcə, yuxarı və aşağı dəhlizləri müəyyən edir. Bankların heç birinin həmin "dəhlizdən" kənara çıxmağa ixtiyarı yoxdur. Banklar xüsusi mülkiyyətdə olduqları üçün bazara uyğun olaraq hərəkət edirlər. Yeganə ciddi təsir göstərən vasitə o ola bilər ki, Mərkəzi Bank və hökumət birgə layihə düşünürək Azərbaycan bazarına xarici bankların daxil olmasına şərait yarada bilərlər. Dünyada ilk onluqda olan bankların Azərbaycanda birbaşa nümayəndələri açılmasına icazə verə bilərlər. Onlar bazara girsə, rəqabətli mühit daha da güclənəcək. Yerli banklar məcburən kredit dərəcələrini aşağı salacaqlar. Yəni, ancaq rəqabət yolu ilə bu dərəcələri aşağı salmaq mümkündür. Bazar iqtisadiyyatının qaydalarına görə administrativ yolla bu mümkün deyil".

Digər iqtisadçı-ekspert Yusif Vəliyev də hesab edir ki, hazırkı vəziyyətdə xarici valyuta ilə verilən kreditlərin faizlərinin aşağı salınması barədə qəti fikir söylmək mümkün deyil: "Xarici valyuta ilə verilən kreditlərin ucuzlaşması üçün dövlətin buna yardımı olmalıdır. Xarici praktikada bu belədir. Əgər valyuta dəyişərsə, müştəri öz kreditini əvvəlki kurs ilə ödəyir. Qalan hissə isə dövlət tərəfindən ödənilir. Manatın ucuzlaşması fonunda müəyyən qədər ziyana düşmüş şəxslər var. Ona görə də bu gün bankların belə addım atacağı gözlənilmir. Mərkəzi Bankın da hazırda buna müdaxilə etməsi mümkün deyil".

Sizin Reklam Yeriniz