Əlaqə Arxiv
news Image
2015.02.27
08:33
| A A A
Azərbaycan Rusiyaya daha çox məhsul satmaq imkanı qazanır
Ruslan Atakişiyev: “Manat ucuzlaşdığından Rusiyada qiymət məsələsində rəqabət aparmağa Azərbaycan məhsulları üçün bir imkan yaranıb”

Son günlərdə Rusiya rublu dollar və avro qarşısında dəyər qazanmağa başlayıb. Azərbaycan manatına nisbətdə də rublun kursu zəif də olsa yüksəlir. Bunun davamlı hal alacağı təqdirdə, ekspertlər ölkəmizdən Rusiyaya daha böyük həcmdə məhsul ixrac olunacağını proqnozlaşdırır. İqtisadçıların fikrincə də, manatın ucuzlaşması ölkəmizin ixracat həcminə ciddi təsir edəcək. Xüsusi ilə də nəzərə alaq ki, ixrac olunan ölkələr sırasında Rusiya da var. İqtisadi Resusrların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev ilk olaraq xatırladaq ki, hazırda 1 rubl 0.0171 manatdır: "Azərbaycanda manatın devalvasiya olunması ilə bağlı olaraq təbii şəkildə rubl da manat qarşısında dəyər qazanıb. Manatın rubl qarşısında məzənnəsinin aşağı olması isə Rusiyaya ixracı stimullaşdıracaq. Ancaq bildiyimiz kimi, 2014-cü il ərzində Azərabaycandan Rusiya bazarına kənd təsərüfatı məhsullarının ixrac olunması ilə bağlı imkanlar yaranmışdı. Amma sonradan hadisələr onu göstərdi ki, ixrac zamanı məhz manatının yüksək dəyərdə olması Azərbaycandan Rusiya bazarına gedən məhsulların qiymətinin də baha olmasına gətirib çıxartdı. Manat rubldan baha olduğu üçün Azərbaycan məhsulu Rusiya bazarında Orta Asiyadan, Çindən və digər ölkələrdən gətirilmiş məhsullarla rəqabət apara bilmirdi. Bu baxımdan da gözlənilən qədər kənd təsərüfatı məhsulu ixrac olunmadı. Amma indiki vəziyyətdə xüsusi ilə də yay aylarında Rusiya bazarlarına ixrac şəraiti artacaq. Onu da unutmayaq ki, Rusiya bazarlarına Azərbaycan məhsullarının çıxması birbaşa Rusiya hökumtənin qərarları ilə bağlıdır. Rusiya hökuməti bəzi hallarda məhdudiyyətlər qoyur, bəzi halda isə həmin məhdudiyyətləri aradan qaldırır. Ona görə də məhdudiyyət olmadığı halda bizim məhsullar ora ixrac olunarsa, manat ucuzlaşdığından orada qiymət məsələsində rəqabət aparmağa Azərbaycan məhsulları üçün bir imkan yaranıb. Bəzən fikirlər səsləndirilər ki, Rusiyaya ixracın həcminin artması daxildə kənd təsərrüfatı məhsullarının qıtlığına gətirə bilər. Ancaq bu, belə olmayacaq. Çünki, ötən ildən Rusiya bazarına geniş ixrac imkanları formalaşıb. Fermerlərimiz artıq həm də daxili bazarla yanaşı, oranı da düşünürlər. İstər-istəməz daxili bazara yönəlik məhsulların istehsalını artırmaq barədə fikirləşirlər. Ona görə də daxildə hansısa məhsul üzrə qıtlığın olması gözlənilmir. Amma prosesi yay ayları yaxınlaşdıqca daha dəqiq qiymətləndirmək mümkün olacaq".

Ekspert rubl-manat məzənnəsinə də aydınlıq gətirdi: "Bu münasibət dünya bazarında rublun dollar və avro qarşısında bahalaşıb-ucuzlaşmasına bağlıdır. Ona görə də bundan sonra rublun manat qarşısında necə olacağını proqnoz etmək bir az çətindir. Rusiya rublun kifayət qədər dəyərdən düşməsinin səbəbi dünya bazarında neftin qiymətinin azalması və Qərb dövlətləri tərəfindən Rusiyaya tətbiq olunan sanksiyaların davam etməsidir. Ona görə də növbəti dövr üçün rublun vəziyyətinin necə olacağı Rusiyaya qarşı Qərb dövlətlərinin tətbiq etdiyi sanksiyalarının davam edib-etməməsindən və dünya bazarındakı neftin qiymətindən geniş şəkildə asılıdır".

Sizin Reklam Yeriniz