Əlaqə Arxiv
news Image
2015.02.27
09:00
| A A A
İslam bankçılığına dair qanunun qəbulu ləngiyir
Müvafiq qanunun qəbulu iqtisadiyyata əlavə vəsaitin cəlb edilməsində mühüm rol oynamaq iqtidarındadır

Bank sektorunda son vəziyyətin təhlili burada kredit faizlərinin əvvəlki kimi yüksək olduğunu, müştərilərin bundan narazı qaldığını göstərir. Vəziyyətin yaxın tezlikdə dəyişməsi də gözlənmilmir. Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucov da bu günlərdə kommersiya bankları tərəfindən kredit dərəcələrinin tezliklə aşağı salına biləcəyini gözləmədiklərini bildirmişdi: "Kredit faizlərinin azaldılması prosesi müəyyən vaxt tələb edir. Çünki əvvəllər cəlb edilən əmanətlər nisbətən yüksək faizlər ilə cəlb edilib".

Belə vəziyyətdə ekspertlər İslam bankçılığına tələbin daha da artacağıın proqnozlaşdırırlar və hazırda bu proses gedir. Həmçinin, əhali arasında əmanətlərini İslam qaydalarına uyğun yerləşdirmək istəyənlərin sayı da artmaqdadır. Azərbaycan Beynəlxalq Bankının İslam bankçılığı departamentinin yaydığı məlumata görə, insanlar İslam bankçılığı çərçivəsində xidmət və məhsullara böyük maraq göstərirlər: "Bizə müraciət edənlərin sayı günbəgün artır. 2014-cü il ərzində əhalinin İslam qaydaları əsasında banka qoyduğu əmanətlərinin həcmi 10 dəfəyə qədər artıb".

Xatırladaq ki, Beynəlxalq Bank İslam bankçılığının "Vakala" adlı əmanət məhsulunu təklif edir. Müştəri vəsaitlərini "Vakala" əmanət hesabında yerləşdirdikdə, həmin vəsaitlərin yalnız İslam qanunvericiliyinə cavab verən bank əməliyyatlarında istifadə olunması üçün bank vəkil təyin olunur. Bu əməliyyatlara "icarə" – islam lizinqi, islam bank kartları və bir sıra investisiya layihələri daxildir. Beynəlxalq Bankın İslam bankçılığı departamenti MDB məkanında ilk olaraq pərakəndə İslam maliyyələşdirilməsinə başlayıb. Qurum bu xüsusda bildirir: "Biz yeni bank kartları, kredit məhsulları, o cümlədən ipoteka kreditləşdirilməsini tətbiq etmişik. İslam bankçılığı departamenti hazırda müştərilərinə 10% ilkin ödənişlə, 15 il müddətinə "İcarə" məhsulu vasitəsilə mənzil əldə etmə proqramını da təklif edir".

Xatırladaq ki, Beynəlxalq Bank İslam bankçılığını regionda ilk tətbiq edən bankdır. Bankın İslam bankçılığı departamenti 2013-cü ilin aprel ayından xidmət göstərməyə başlayıb.

Ötən ilin sonuna Beynəlxalq Bankın İslam bankçılığı üzrə aktivlərinin həcmi 526 milyon ABŞ dolları səviyyəsində olub. İslam bankçılığı üzrə kreditlər isə müştərilər üçün olduqca cəlbedicidir. Qeyd edək ki, hazırda ölkədə İslam İnkişaf Bankı ilə islam maliyyələşməsinə dair əməkdaşlıq edən 8 bank mövcuddur. Lakin Azərbaycanda İslam bankçılığının payı ümumi bankçılıqda heç 1% də deyil. Bununla belə, qeyd edilən göstərici İslam bankçılığının yeni tətbiq olunduğu ölkə üçün pis deyil. Onu da bildirək ki, hazırda bir sıra banklar İslam bankçılığı haqqında qanunun qəbulunu gözləyir. Bu qanunun qəbuul isə hələlik gecikir. Türk Əməkdşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı koordinasiya ofisinin koordinatoru Mustafa Haşim Polad isə ölkəmizdə İslam bankçılığının sürətlə inkiaşf etmək üçün bütün şəraitin olduğunu bildirir: "Azərbaycan İslam ölkəsi olduğundan bir çox əhali faizə pis baxır. Bu səbəbdən əhali pullarının bir hissəsini yastıq altında saxlayır. İslam maliyyəsi faiz olmadığından həmin pulların iqtisadiyyata cəlb edilməsində mühüm rol oynaya bilər". Onu da qeyd edək ki, İslam maliyyəsi ənənəvi bankçılıqdan real sektorda bir başa iştirakına görə fərqlənir. Yəni, bu bankçılıq real sektora daha çox vəsait ayırır. Lakin ölkəmizdə onun inkiaşfı üçün müvafiq qanunun qəbulunun sürətlənməsi də vacib sayılır.

Qeyd edək ki, əslində müvafiq layihə hazırlanıb. Burada "Bank haqqında" qanuna əlavə və dəyişiklərin edilməsi nəzərdə tutulub. İslam bankçılığının qanuniləşdirilməsindən sonra bundan həm kommersiya bankları, həm də bank müştəriləri faydalana biləcək. Lakin İslam bankçılığını inkişaf etdirmək üçün qanunvericiliyin yenilənməsinə ehtiyac var. Hazırda müəyyən sayda insanlar, yəni dinə daha çox bağlı bank sektorundan kənarda qalıb. Qanunvericilikdə edilən dəyişikliklər isə tamam fərqli mənzərə yaratmaq iqtidarındadır.

Sizin Reklam Yeriniz