Əlaqə Arxiv
news Image
2015.02.28
11:00
| A A A
Xəzərdə Rusiya və İranın qorxduğu layihə rellaşır
Zəfər Vəliyev: “Avropanın qaza olan tələbatının ödənilməsində Xəzər regionu ölkələrinin gələcəkdə çox önəmli rolu olacaq” Rüstəm Məmmədov: “Rusiya və İran prosesə qoşulmasalar, «Transxəzər»in gerçəkləşməsinə hələlik geosiyasi nöqteyi-nəzərdən müəyyən problemlər yarada bilərlər”

Qərb dünyası enerji idxalında fərqli mənbələrdən yararlanmaq niyyətini Avropa Enerji İttifaqı strategiyası ilə bir daha təsdiqlədi. Bu strategiyadan o da bəlli oldu ki, Qərb Türkmənistandan başlayaraq Azərbaycana uzanan "Transxəzər" layihəsinin gerçəkləşməsində artıq iddialı tərəfdir. Bu fonda maraqlıdır, Rusiya ilə İran sözügedən layihənin gerçəkləşməsinə hansısa formada müqavimət göstərə bilərlərmi?

Neft, qaz məsələləri üzrə ekspert Zəfər Vəliyev Moskva ilə Tehranın "Transxəzər" layihəsinin gerçəkləşməsinə təsir etmək imkanlarının olmadığını diqqətə çatdırdı: "1997-ci ildən üzü bu yana "Transxəzər" layihəsi ətrafında geniş müzakirələr gedir. Bu layihənin gerçəkləşməsi ilə bağlı bəzən fəaliyyət zəifləyir, bəzən də intensivləşir. Bu da Xəzər regionundakı geosiyasi vəziyyətlə bağlıdır. Son dövrlər Türkmənistan özünün qaz kəmərlərinin şaxələndirilməsi prinsipinə böyük üstünlük verir. 2010-cu ilin oktyabrından başlayaraq Türkmənistan qaz nəql sisteminin şaxələnməsilə bağlı böyük bir layihə həyata keçirir. Onun Şərq-Qərb magistral boru kəmər layihəsi var. Bu ilin sonlarına həmin kəmərin istifadəyə veriləcəyi nəzərdə tutulub. Bu kəmərin uzunluğu 773 km-dır, layihə gücü isə 30 milyard kub metrdir. Onlar bu layihəyə xaricə idxal və daxili tələbatı ödəməyə hesablanmış layihə kimi qələmə verirlər. Bu layihənin dəyəri 2 milyard dollardır. Türkmənistan bu layihəni bütünlüklə öz daxili imkanları hesabına gerçəkləşdirir.

"Transxəzər" qaz layihəsinin gerçəkləşməsinə isə Moskva ilə Tehran diplomatik kanallarla maneə törətmək istəyib. Türkmənistanın qaz ixrac balansına nəzər yetirsək, görərik ki, bu ölkə qazı layihə gücü 10 milyard kub metr olan Dövlətabad-Xangiran xətti və layihə gücü 7-8 milyard kub metr olan "Serac" xəttilə ilə iki kəmər vasitəsilə İrana satır. İran hər iki kəmərdən istifadə edərək, Türkmənistandan qaz idxal edir. Belədə Türkmənistanın "Transxəzər" qaz kəmərində iştirakını minimuma endirirdilər. Rusiya da Türkmənistandan qaz idxal edir ki, əvvəl onun da miqdarı çox idi, 40 milyard kubmetrə çatırdı, 2009-cu ildə 11 milyarda enib. Bu da Orta Asiya-Mərkəz kəməri idi. Aşqabad habelə Çinə də qaz ixrac edir. 2013-cü ilə nisbətən 2014-cü ildə Rusiyanın "Qazprom" şirkətinin Avropaya qaz nəqlində azalmalar müşahidə olunur. Məlum oldu ki, "Qazprom" 2015-ci ildə Türkmənistandan artıq 11 milyard deyil, 4 milyard kubmetr qaz idxal edəcək. İran da anoloji bəyanatla çıxış edib. Ola bilsin, onlar da yaxın perspektivdə Türkmənistandan qaz idxalını dayandırsın. Deməli, bununla Türkmənistanın 3 ixrac kəməri iflic vəziyyətə düşür. Aşqabad belədə Çindən qaz asıllığında qalır, onun bərabər hüquqlu tərəf kimi çıxış etməsi də minimuma enir. Ona görə, Türkmənistan 2009-cu ildən "Şərq-Qərb" kəmərinin tikintisinə başladı. 2007-ci ildə Türkmənistan, Qazaxıstan və Rusiya arasında hökumətlərarası saziş imzalandı. Ona görə, həm "Şərq-Qərb" layihəsinin gerçəkləşdirilməsi, həm də Orta Asiya-Mərkəz qaz kəmərinin genişləndirilməsi məsələsi gündəmə gəldi. Bununla Rusiya həmin kəmərlərlə Türkmənistan qazının böyük hissəsini idxal etmək fikrində idi. Bu layihənin həyata keçirilməsi üçün qısa zaman qoyulmuşdu, 2009-2010-cu illər arasında Orta Asiya-Mərkəz kəmərinin genişləndirilməsi başa çatdırılmalı idi və 2010-2017-ci ildə ikinci bir kəmər çəkilməli idi. Bu kəmər də Xəzərətrafı ixrac kəməri adlanır. Onun lahihə gücü 20 milyard kubmetr idi. Deməli, 2017-ci ildə 30 milyard kubmetrə qədər Türkmənistan və Qazaxıstan qazı Rusiya qaz nəql sisteminə qoşulur. Həmin kəmər də "Cənub axını"na birləşirdi. Birdən-birə 2008-ci ilin avqustunda başlayan dünya neftin qiymətinin aşağı düşməsi ilə Rusiya yuxarıda qeyd etdiyim layihələrdən vaz keçdi. Bundan sonra Türkmənistanla Rusiya arasında gizli savaş başladı və bu anlaşılmazlıq 2009-cu ildə kulminasiya nöqtəsinə çatdı. Həmin il Türkmənistan prezidenti Moskvaya səfər etdi. Bu səfər gedişində "Şərq-Qərb layihəsinin "Qazprom" tərəfindən maliyyələşməsi məsələsi vardı. Eyni zamanda Xəzəryanı boru kəmərinin tikintisi məsələləri müzakirə olunacaqdı. Lakin Rusiya bu layihələri maliyyələşdirmək və burada iştirakdan imtina etdi. Onu da bununla əsaslandırırdılar ki, yaxın 10-15 il ərzində Avropanın qaza olan tələbatında böyük sıçrayışlar olmayacaq. Bu məsələyə nöqtə qoyulmamışdan 4 ay qabaq Türkmənistanda "Şərq-Qərb" kəmərinin təməlqoyma mərhələsi başladı. 2011-ci ildə isə Türkmənistan prezidenti Brüsselə səfər etdi və qaz sahəsində əməkdaşlıqla bağlı memorandum imzaladı. Bu məsələdən çıxış edərək bildirirəm ki, artıq nə "Qazprom"un, nə İranın, nə də Rusiyanın Türkmənistanın ixrac imkanlarına təzyiq etmək və təhdid altında saxlamaq imkanları yoxdur. Bu il Türkmənistan qaz hasilatını 80 milyard kubmetrdən yuxarı qaldırmağı planlayıb. Onun da 43 milyardı ixracata yönələcək. Bu isə o deməkdir ki, gələcəkdə Türkmənistan "Transxəzər"in gerçəkləşməsində bir tərəfdaş kimi çıxış edəcək. Türkmənistan prezidenti açıq elan edib ki, "Şərq-Qərb" kəməri iqtisadi və siyasi baxımdan önəmli kəmərdir. Deməli, yaxın gələcəkdə "Transxəzər"in gerçəkləşmə ehtimalı artıq qaçılmazdır. Aşqabad bu istiqamətdə addım-addım özünün siyasi qərarlarını ortaya qoyur. Bu yaxınlarda Türkiyə, Türkmənistan və Azərbaycan xarici işlər nazirləri görüşündə də siyasi iradə ortalığa qoyuldu. Avropa Komissiyasının Yeni Enerji strategiyası ilə bağlı sənəddə də "Transxəzər" layihəsi "Cənub Qaz Dəhlizi"nin elementlərindən biri hesab olunur. Avropanın enerji təminatında iki layihəyə daha çox üstünlük verilir. Biri "Cənub Qaz Dəhlizi", digəri Əlcəzairdən İspaniyaya yönələn "Ərəb" kəməridir. Avropanın qaza olan tələbatının ödənilməsində Xəzər regionu ölkələrinin gələcəkdə çox önəmli rolu olacaq. Bu səbəblərdən nə İranın, nə də Rusiyanın həmin layihənin gerçəkləşməsinə təzyiq etmək imkanları yoxdur. Onlar Xəzərin hüquqi statusu məsələsini, ekoloji problemlər kimi məsələləri gündəmə gətirə bilərlər. Amma bunlar hamısı siyasətdir. Türkmənistan siyasi iradəsini ortaya qoysa, bu kəmər gerçəkləşəcək. Başqa yol yoxdur".

Siyasi şərhçi, professor Rüstəm Məmmədov Moskva ilə Tehranın layihənin işıq üzü görməsinə geosiyasi baxımdan təzyiqlər edə biləcəyini söylədi: "Rusiya və İran sadəcə olaraq, "Transxəzər" layihəsinə qoşula bilərlər. Prosesə qoşulmasalar, təbii ki, onun gerçəkləşməsinə hələlik geosiyasi nöqteyi-nəzərdən müəyyən problemlər yarada bilərlər. Mütəmadi surətdə danışıqlarda problemlər yarada bilərlər. Hətta Türkmənistana təzyiqlər də edərlər. Amma istər-istəməz, bu təzyiqlərə dözmək lazımdır".

Sizin Reklam Yeriniz