Əlaqə Arxiv
news Image
2015.03.03
10:02
| A A A
Azərbaycan qonşularına daha çox məhsul satmağa başlayacaq
Vüqar Bayramov: “Rublunun güclənməsi Azərbaycan manatının devalvasiyasından sonra ölkəmizin Rusiya bazarına daxil olma imkanlarını genişləndirir” Natiq Cəfərli: “Valyuta birjalarında stabillik bərqərar olacaqsa, onda Azərbaycandan ixracatın müəyyən dərəcədə artdığını görə bilərik”

Son günlərdə Rusiya rublu və Türkiyə lirəsinə nisbətdə dollar müəyyən qədər ucuzlaşıb. Azərbaycan isə hər iki ölkə ilə geniş ticarət əlaqələri mövcuddur. Ölkəmizin ixracat, idxal prosesində Türkiyə ilə Rusiyanın xüsusi çəkisi var. Bu mənada rublla lirənin dollara nisbətən məzənnəsinin müəyyən qədər möhkəmlənməsi Azərbaycanın həmin ölkələrlə ticarət dövriyyəsinə təsir edir.

İqtisadiyyat və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bu qənaətdədir ki, bu halda Azərbaycan məhsullarının Rusiya bazarına daxil olma imkanları genişlənəcək: "Türk lirəsinin dollara nisbətən məzənnəsi son zamanlara qədər 41 faiz aşağı düşüb. Rusiya rublunun dollara nisbətən məzənnəsindəki azalmalar isə 2 dəfəyə yaxındır. Bunlar da birmənalı şəkildə Azərbaycanla sözügedən ölkələr üçün ticarət dövriyyəsinə təsir göstərir. Azərbaycan manatı uzun müddət stabilliyini qoruyub saxlamışdı. Amma bu ilin fevralın 21-dən sonra məzənnəsi aşağı düşdü. Azərbaycan manatındakı devalvasiyanı, qonşu ölkələr, məsələn, Rusiya və Türkiyənin milli valyutalarındakı devalvasiya ilə müqayisə etsək, görərik ki, bu ölkələrlə müqayisədə manat daha az devalvasiya olub. Əslində, güman olunur ki, manatın devalvasiyası indiki halda Azərbaycanın qeyri-neft sektoru məhsullarının həmin ölkələrə ixracının artmasına təsir göstərə bilər. Əvvəlki dövrlə müqayisəli olaraq Rusiya rublunun dollara nisbətən məzənnəsində müəyyən artımlar var. Rus rublunun məzənnəsi bir qədər möhkəmlənib. Rusiya rublunun güclənməsi Azərbaycan manatının devalvasiyasından sonra şimal qonşumuzun bazarına daxil olma imkanlarını genişləndirir. Əslndə, Azərbaycan üçün qonşu ölkələrin milli valyutalarının devalvasiyası deyil, bu dövlətlərin milli pul vahidlərinin daha yüksək olması Azərbaycan ixracatçılarının maraqlarına uyğundur. Qonşu ölkələrdə valyuta möhkəmliyini qoruyub saxlayırsa, bu imkan verir ki, Azərbaycan məhsullarının sözügedən ölkələrə ixrac imkanlarını artırmaq mümkün olsun. Manatın dollara nisbətən məzənnəsinin yumşalmasından sonra güman olunur ki, Azərbaycan kənd təsərrüfatı, eləcə də digər qeyri-neft sektoru məhsullarının qonşu ölkələrin bazarlarına çıxış imkanları çoxalacaq. Çünki, bu Azərbaycan məhsullarının dollar ifadəsində xərc və qiymətinin azalmasına gətirib çıxarır. O baxımdan məzənnələrlə bağlı baş verən dəyişikliklərdən sonra, təbii ki, sözügedən iki ölkə ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsinin artacağını proqnozlaşdırırıq".

İqtisadçı ekspert Natiq Cəfərli Türkiyə lirəsi ilə rus rublunun məzənnə baxımdan möhkəmlənməsinin müvəqqəti xarakter daşıdığını diqqətə çatdırdı: "Əslində, lirə və rublun dollara nisbətən güclənməsinin müvəqqəti hal daşıyacağı haqda əminliklə söyləmək mümkündür. Lirə və rublun dollara nisbətən möhkəmlənməsi daimi hal alsaydı, onda sözün həqiqi mənasında ticarət dövriyyəsinə birbaşa təsir göstərmək qabiliyyətinə malik olardı. Amma bu, müvəqqəti hal daşıdığından, məzənnələr müəyyən koridorda sabitləşməyincə, iş adamları həmin ölkələrlə ticarət qurmaqda bir qədər çətinlik çəkir. Çünki, həmin ölkələrin, xüsusən də Rusiyanın daxili bazarında rublla satılan məhsulları yenidən dollara çevrildikdə biznesmenlərin itkilərə məruz qalması qorxusu var. Ona görə də onlar məzənnədə müəyyən stabilliyin yaranması üçün gözləmə mövqeyi tuturlar. Yaxın gələcəkdə valyuta birjalarında stabillik bərqərar olacaqsa, onda Azərbaycandan ixracatın müəyyən dərəcədə artdığını görə bilərik".

Sizin Reklam Yeriniz