Əlaqə Arxiv
news Image
2015.03.07
11:00
| A A A
Marketlərdə çağdaş texnologiya ilə edilən soyğunçuluq
Bəzi market sahibləri istğehlakçıları aldatmaq yolu ilə daha çox qazanc əldə etməyə çalışırlar

Manatın devalvasiyasının müxtəlif növ məhsulların qiymət artımına hansı formada təsir göstərməsi hələ də cəmiyyətin xüsusi aktuallıq kəsb edən mövzu olaraq qalır. Düzdür, süni xarakterli qiymət artımının qarşısının alınması üçün müvafiq dövlət qurumları tərəfindən effektiv mübarizə aparılır, onlara qarşı cəzalar tətbiq edilir. Lakin bundan hələ də lazımi nəticələr çıxarmayanlar var və az qala hər gün bir neçə satış məntəqəsi süni qiymət artımına yol verdiyi üçün cəzalandırılır.

Qeyd edək ki, aparılan yoxlamalar zamanı malların yarlığındakı qiymətlərlə nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətlər arasında fərq yaradıldığı, əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkar edilir. Bəs marketlər nə üçün belə üsullara əl atırlar? "Marja"nın məlumatına görə, marketlər, dükanlar üçün əvvəllər tətbiq edilən ticarət güzəştləri, faizlər topdansatış firmaları tərəfindən ləğv edilib. Bu da marketlərin gəlirlərini azaltdığına görə, onlar əvvəlki gəlirlərini əldə etmək üçün fərqli metodlardan istifadə edirlər. Əsasən də məhsulun üzərində göstərilən qiymətlərlə kasaanın yaddaşına verilən qiymət arasında fərq yaradılır. Lakin buzaman istehlakçının hüquq pozulur. Halbuki, topdansatış firmalarının marketlər, dükanlar üçün ticarət güzəştlərini ləğv etməsinin istehlakçıya heç bir dəxli yoxdur. Bu, market sahibinin həll edəcəyi məsələdir.

Qeyd olunduğu kimi marketlər, dükanlar üçün əvvəllər tətbiq edilən ticarət güzəştləri, faizlər topdansatış firmaları tərəfindən ləğv edilib. Məsələn, bundan əvvəl mağazaya çay verən topdansatış şirkəti, çayın qiymətinin 5%-ni market sahibinə verirdi. Tutaq ki, 1 manata satılan çayın 5 qəpiyi, satışı təşkil etdiyinə görə marketə ödənilirdi. Bu gün həmin topdansatış şirkətləri faizləri ləğv etdiklərindən, marketlər alınan malın üzərinə öz ticarət əlavələrini daha çox qoyurlar. Təbii ki, bu da qiymətlərin artımı deməkdir. Yoxlamalar getdiyindən, malın üzərinə əlavə etdiyi öz gəlir faizini göstərməkdən qorxan market sahibləri, malların üzərinə bir, kassanın yaddaşına isə başqa bir qiyməti yazırlar. Əlbəttə, bu addım alıcıların aldadılmasıdır. Buna görə bir çox marketlər İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən süni qiymət artırdıqlarına görə cərimələniblər. Piştaxdadakı qiymətlər kassa skaynerin oxuduğu qiymətlərin uyğun gəlməməsi halı əvvəllər də müəyyən marketlərdə özünü göstərib. Lakin bu, geniş hal almayıb. Lakin indi bu hallara yol veriən marketlərin sayı artıb. Qeyd edildiyi kimi, belə vəziyyət istehlakçının hüququnun kobud şəkildə pozulmasıdır. Alıcıların bü cür aldadılması isə çağdaş texnologiyalı bir sıra supermarketlərdə baş verir. Bununla da "İstehlakçıların hüquqlarının müdaifəsi haqqında" qanunun tələbləri pozulur. Həmin qanunun müvafiq maddəsinə görə, satıcı qurum istehlakçını maraqlandıran malın qiyməti barədə istehlakçıya düzgün məlumat verməlidir. Həmçinin, bəzi supermarketlərdə olan vəziyyəti Nazirlər Kabinetinin qiymətlə bağlı müvafiq qərarının kütləvi pozulması da saymaq olar. Həmin qərara görə, malların üzərində mütləq qiymət kağızları qoyulmalıdır və qiymət kağızlarının arxasında maddi məsul şəxslərin imzası və möhürü olmalıdır. Təəssüf ki, marketlərin bir çoxunda belə qiymət kağızları yoxdur. Bu da birbaşa istehlakçı hüquqlarının pozulmasıdır. Bəzən isə qiymət kimi yazılmış rəqəmlər də malların üzərində olmur və sağ-sola sürüşdürülür. Bu da alıcını çaşdırır. Hələlik belə hallara qarşı əsas etibarı ilə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən mübarizə aparılır. Lakin ekspertlər vətəndaşların özünün də bu kimi məsələlərdə fəal olmasını, qiymət fırıldağına yol verən marketlərin rəhbərliyinə öz iradlarını bildirməsi, bu barədə müvafiq dövlət qurumların aməlumat verməsini zəruri sayırlar.

Sizin Reklam Yeriniz