Əlaqə Arxiv
news Image
2015.06.03
10:00
| A A A
Azərbaycan regionun maliyyə mərkəzinə çevrilir
Vüqar Bayramov: “Azərbaycanın regionun maliyyə mərkəzinə çevrilməsi üçün birjaların, səhmlərin və qiymətli kağızlar bazarının inkişafı vacibdir” Cavid Əzimov: “Ölkəmizin həqiqətən regionun maliyyə mərkəzinə çevrilməsi üçün fond birjasının fəaliyyətini güclənməsinə, əlavə xarici sərmayəyə ehtiyac var”

Azərbaycan regionun maliyyə mərkəzi ola bilər. London Fond Birjası belə düşünür. Birjanın səhmlərin ilkin bazarı üzrə baş meneceri Ayuna Neçayeva Bakıda keçirilən Maliyyə Bazarları üzrə Forumda Azərbaycanın əlverişli və strateji coğrafi mövqeyinin olduğunu deyib. O bildirib ki, London Fond Birjası Azərbaycanı bütün Xəzər regionunun maliyyə mərkəzi kimi görmək istəyir: "Azərbaycan bu baxımdan Türkiyə ilə rəqabət apara bilər. İnfrastruktur baxımından Azərbaycan üstünlüyə malikdir. Çünki ölkənin böyük potensialı var. Azərbaycan qısa müddət ərzində irimiqyaslı layihələr reallaşdıra bilib".

Təhlilçilər də səslənən proqnozlarla razıdır. Hesab olunur ki, ölkəmizin regionda maliyyə mərkəzinə çevrilməsi üçün baza var. Eyni zamanda bir sıra tədbirlər də görülməlidir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirir ki, Azərbaycan yalnız Cənubi Qafqaz deyil, həm də Mərkəzi Asiya regionu üçün vacib ölkədir: "Nəzərə alaq ki, Cənubi Qafqaz iqtisadiyyatının 78%-i Azərbaycanın payına düşür. Eyni zamanda Cənubi Qafqazda formalaşdırılan büdcə gəlirlərinin 75%-dən çoxu Azərbaycana aiddir. Praktik olaraq bu, o deməkdir ki, Azərbaycan iqtisadi baxımdan Cənubi Qafqazda dominant ölkədir. Bütün bunlar imkan verir ki, Azərbaycan Qafqazın iqtisadi mərkəzinə çevrilsin. Region deyəndə yalnız Cənubi Qafqz yox, həm də Orta Asiyanı nəzərə alırıq. Bir faktı xatırlamaq yerinə düşərdi ki, Davos Forumunun Cənubi Qafaz və Orta Asiya ilə bağlı ilk toplantısı məhz Bakıda keçirildi. Bu da mesaj idi ki, Azərbaycan yalnız Cənubi Qafqazın deyil, bütövlükdə regionun iqtisadi mərkəzidir".

Ekspertin sözlərinə görə, Azərbaycanın regionun maliyyə mərkəzinə çevrilməsi üçün birjaların, səhmlərin və qiymətli kağızlar bazarının inkişafı vacibdir: "Əgər Azərbaycan qiymətli kağızlar bazarının inkişafını davam etdirərsə, ölkənin özəl sektorunun cəlb olunduğu qiymətli kağızlar bazarı formalaşdırılarsa, bu, Azərbaycanın maliyyə mərkəzinə çevrilməsinə imkan verəcək. Regional olaraq da bu, bir sıra şirkətlərin Bakıda formalaşacaq maliyyə institutlarında, birjalarda özüün ifadə etməsinə imkan verə bilər. O baxımdan Azərbaycan regionun iqtisadi gücüdür. Əgər Azərbaycan regionu əhatə edə biləcək birjalar formalaşdırarsa, Cənubi Qafqazın və Orta Asiyanın maliyyə mərkəzinə çevrilə bilər".

Digər iqtisadçı Cavid Əzimov da hesab edir ki, ölkəmizin həqiqətən regionun maliyyə mərkəzinə çevrilməsi üçün fond birjasının fəaliyyətini güclənməsi, əlavə xarici sərmayəyə ehtiyac var: "Xarici sərmayə üçün isə qanunlarda iqtisadi və maliyyə dəyişikliklərinə zərurət var. Təbii ki, Azərbaycan bölgənin maliyyə mərkəzi ola bilər. Kapital bazarları çox incə, həm də çox önəmli iqtisadi məkandır".

Sizin Reklam Yeriniz