Əlaqə Arxiv
news Image
2015.06.30
21:30
| A A A
Bu gün saatlara bir saniyə əlavə olunacaq
Yerli mütəxəssislər bunun ciddi problemlərə səbəb olmayacağını bildirir

Yer kürəsinin Günəş ətrafında dönüş sürətinin yavaşladığını müəyyən edən astronomların tövsiyəsi ilə bu gün "Dünya saatına" 1 saniyə əlavə olunacaq.

Movqe.az "Report"-a istinadən xəbər verir ki, bu gecədən, yəni iyunun 30-dan iyulun 1-nə keçən gecə saatlar 23:59:59-da iki dəfə "zəng çalacaq". Beləcə, saata 1 saniyə əlavə edilərək, Yer kürəsinin yavaşlamasının yol açdığı gün və mövsüm sürüşməsindən doğan "müddət açığı" bağlanmış olacaq.

Ancaq 1 saniyəlik əlavə informasiya-kommunikasiya mütəxəssislərini düşündürür. Mütəxəssislərə görə, əlavə 1 saniyə, bir çox texnoloji sistemin texniki problemlər yaşamasına, hətta çökməsinə səbəb ola bilər. Çünki saatlar 23:59:59-da bir saniyə yerinə iki saniyə vuranda çox sayda kompüter sistemi bunu bir qəza olaraq qəbul edib dayana bilər.

"Report" yerli mütəxəssislərdən məsələ ilə bağlı münasibət öyrənib. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Babək Nəbiyev deyib ki, 1972-ci ildən baş verən bu hadisə artıq 25 dəfə olub və bu, 26-sıdır. Bu, Yerin öz oxu ətrafında fırlanması prosesinin yavaşlaması nəticəsində baş verir. Statistikaya görə, son 1 000 il ərzində artıq 10 dəqiqə gecikmə var.

"Yerin öz oxu ətrafında fırlandığı prosesdən fərqli olaraq, bir də dünyada insanlar tərəfindən koordinasiya olunmuş vaxt var. Bu iki vaxt arasındakı məsafə 0,9 saniyədən yuxarı və ya bu məsafəyə yaxın olduğu halda yeniləmə prosesi aparılır, bu əlavə mənfiyə də, müsbətə də gedə bilər. Lakin indiyə kimi mənfiyə getməyib, ancaq müsbətə doğru olub", - B.Nəbiyev bildirib.

Sektor müdirinin sözlərinə görə, bu hadisə kompüter sistemlərinə müəyyən formada təsir göstərəcək, amma bu, əvvəldən bilinən problem olduğu üçün servislər, kompüter mərkəzləri və s. buna hazırdır, yəni narahatlığa dəyəcək bir problem olmayacaq. Oxşar problem 2000-ci ildə, minillik dəyişən zaman yaşanıb. O zaman məsələ daha aktual olub, hətta sözügedən hadisəni "2000-ci ilin problemi" adlandırırdılar.

"50-100 il əvvəl saniyənin elə də ciddi əhəmiyyəti olmasa da, artıq naviqasiya sistemləri, təyyarə uçuşları, hərbi sistemlər, kompüter sistemləri, pul dövriyyəsi, birjalar və s. var, bunlar üçün isə nəinki hər bir saniyə, hətta mikro, nanosaniyənin belə dəyəri var", - sektor müdiri vurğulayıb.

Sizin Reklam Yeriniz