Kənd Təsərrüfatı Nazirliyi yeni potensial "Ətlik-südlük istiqamətli fermer təsərrüfatlarının yaradılması" adlı pilot layihə hazırlayıb. Təsərrüfatlar ailə çərçivəsində olacaq. Yəni, söhbət böyük təsərrüfata malik bir neçə ailə birliyindən gedir. Qeyd edək ki, sözügedən təsərrüfatlara Sahibkarlığa Kömək Milli Fondu tərəfindən dəstək də nəzərdə tutulur. Artıq Bərdə, İmişli və Ağcabədi rayonlarında ətlik və südlük ailə pilot təsərrüfatları yaradılıb. Bu isə qeyd olunan istiqamətlərdə daha çox məhsul istehsalına imkan verir.
Kənd təsərrüfatı Nazirliyinin sabiq şöbə müdiri Çingiz Fərəcov
respublikada ətlik, südlük təsərrüfatlarının yaradılmasını çox
vacib hesab edir: "Çünki, bu sahədə bizdə müsbət təcrübə var. Ancaq
hər bir təsərrüfat ixtisalaşmalıdır. Südlük-maldarlıq və
ətlik-maldarlıq təsərrüfatı olmalıdır. Kombinə edilmiş şəkildə
hazırlamaq onun idarə olunması üçün çətindir. Respublikamızda yaxşı
nümunələr var. İmişli rayonunda İsmi Atakişiyevin, Yevlax rayonunda
Qabil Məmmədovun camışçılıq, Neftçala rayonunda Əlibala Səlimovun
rəhbərlik etdiyi "Vüsal" südlük-maldarlıq, Hacıqabul rayonunda Qabil
Abdullayevin südlük-maldarlıq, Abşeron rayonunun Yeni Saray
kəndində Elçin İbrahimovun südlük-maldarlıq, həmiçinin, Samuxda
Mübariz Hüseynovun südlük-maldarlıq təsərrüfatları nümunəvi
təsərrüfatlardır. Bu təsərrüfatlarının yaradılmasında ailə-kəndli,
ev təsərrüfatlarında ən çox 5-10 baş heyvan olur. Amma pilot
südlük-maldarlıq üzrə təsərrüfatda isə ən azı 150 başa qədər inək
olacaq. Bu təsərrüfatlarda yüksək süd məhsuldarlığına malik olan
inəklər saxlanacaq". Mütəxəssisin sözlərinə görö, respublikada
xüsusi ilə ətlik-maldarlıq təsərrüfatlarının yaradılması ön plana
çəkilməlidir: "Bizdə Ağcəbədi kəndinin Qaravəlli kəndində Rəhim
Quliyev ancaq ətliklə məşğul olur. Onun təsərrüfatında il ərzində
500 baş mal 400 kiloqrama qədər kökəldilir. O, bazarlara ildə 170
tona qədər diri çəkidə ət göndərir. Ancaq ətliklə südlüyün bir
yerdə olması özünü doğrultmur. Bu, dünyada qəbul edilməyən
formadır. Vaxtı ilə Abşeron rayonu Bakını təzə südlə təmin etmək
üçün yaradılmışdı. Ona görə də Abşeron rayonunda südlük
təsərrüfatlarının yaradılması özünü doğruldur. Bu təsərrüfatlar
ixtisaslaşanda həm də yemə qənaət edilmiş olacaq. Çünki, onların
hər birinə ayrı tərkibdə yem verilir. Bütövlükdə bu təsərrüfatların
yaradılması ölkədə maldarlığın inkişafına intensiv töhfə
verəcək".
Aqrar məsələlər üzrə
digər mütəxəssis Vahid Məhərrəmov bildirdi ki, Azərbaycanın
spesifik ölkə olması nəzərə alınmalıdır: "Azərbaycan Rusiya, ABŞ,
Kanada, Braziliya deyil ki, geniş otlaq, örüş sahələri olsun. Bizdə
əkin, örüş, biçin sahələri məhduddur. Bunlar nəzərə alınıb, model
hazırlanmalıdır. Azərbaycanda südlük, ətlik istiqamətində cins
malların azlığında problem yoxdur. Bizdə hətta 70%-dən çox cins
heyvanlar var. Əsas problem yemçiliklə bağlıdır. Biz bu sahəni
ekstensiv yox, intensiv yolla inkişaf etdirməyə çalışmalıyıq.
Fermerlərimizin əksəriyyətinin bilgisi yoxdur. Hətta heyvanlar üçün
rasion hazırlamaqda çətinlik çəkirlər. Lazımi nəticəni əldə etmək
üçün hansı yemdən nə qədər istifadə edilməsini belə bilmirlər.
Azərbaycanda heyvandarlığı inkişaf etdirmək üçün ilk növbədə
yemçilik inkişaf etdirilməlidir. Kifayət qədər yem ehtiyatı olmadan
heyvandarlıqda nəyəsə nail olmaq mümkün deyil. Heyvanın funksiyasi
qidanı məhsula çevirməkdən ibarətdir. Yəni, o qidalanmalıdır ki, ət
artımı, süd olsun. Ancaq bu gün mövcud olan yem ehtiyatı yalnız
onların fiziki durumunu təmin edəcək qədərdir. Yəni, bu işə
kompleks yanaşmaq lazımdır. Əlaqəli sahələrdən biri inkişaf
etdirilmirsə, digəri də inkişaf etməyəcək. Xüsusən bitkiçiliyi
inkişaf etdirmədən heyvandarlığı inkişaf etdirmək mümkün
olmayacaq".