Əlaqə Arxiv
news Image
2015.07.08
09:00
| A A A
Mənzil bazarı müştəri sarıdan korluq çəkir
Evlərin qiymətinin daha da ucuzlaşacağı proqnozlaşdırılır

Daşınmaz əmlak bazarında son vəziyyət qiymətlərin hələ də enməkdə olduğunu göstərir. Buna əsas səbəb isə mənzil alanların sayının azlığıdır. Tələb və təklif arasında fərq böyük olduğundan mənzillər, hətta kommersiya obyektləri belə qiymət itkisinə məruz qalmaqdadır. Lakin yaşanan ucuzlaşma hələ də aktivliyi istənilən həddə çatdırmayıb.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov da qiymətlərin nəzərəçarpacaq dərəcədə endiyini bildirir. Onun sözlərinə görə, mənzil bazarı özünün durğunluq dövrünü yaşayır: "İlin əvəlindən iyun ayının sonuna qədər qiymətlərdə dollarla ifadədə 24% azalma var. Ötən ilin iyun ayını bu ilin iyun ayı ilə müqayisə etdikdə fərq dollarla ifadə edilsə 22,7 % azalma baş verib. Lakin manatla ifadədə 2,2% artım var. Kirayə mənzil bazarı üçün şəhərin ən bahalı yerləri metroya yaxın, mərkəz hissələr, eləcə də təhsil ocaqları və infrastrukturun inkişaf etdiyi yerlərdir. Bu tipli evlərin kvadratmetri 15 manata başa gəlir".

Mənzil bazarının iflic durumda olduğunu deyən ekspertin sözlərinə görə, ötən illə müqayisədə aktivlik 4-5 dəfə azalıb: "Aprel ayında qiymətlər 6 %, mayda 3,5 %, iyun ayında isə 1,1 % ucuzlaşıb. Bu da aktivliyin son dərəcə aşağı olması və mənzil satışı bazarının iflic vəziyyətdə olmasından irəli gəlir. Təbii ki, bu da səbəbsiz deyil. Hazırda bu durum xaricdən ölkəyə daxil olan pul kütləsinin, daxildə investorların və alıcıların mənzil bazarına yatırdıqları pul kütləsinin azalması ilə bağlıdır. İkinci səbəb isə daşınmaz əmlakın alqı-satqısına tətbiq olunan vergidir. Daşınmaz əmlak bazarı o vaxt özünün aktiv fazasında olur ki, onun ekspozisiya xərcləri minimum olsun. Məsələn, bizdə əvvəl ekspozisiya xərcləri 3% təşkil edirdisə, bu gün 6-7 dəfə artıb. Ona görə də heç kim mənzilini satmağa maraqlı deyil, satışı həyata keçirmək istəyəndə isə tətbiq olunan vergini satış qiymətinin üzərinə qoymaq istəyir. Alan isə təbii ki, bununla barışmır. Belə olan halda mənzil bazarını iflic vəziyyətə qalır ".

Mənzil alqı-satqısı ilə məşğul olan "Evim" Daşınmaz Əmlak Agentliyinin nümayəndəsi bazarda durğunluq yarandığını təsdiq edib: "Müştərilər gözləmə mövqeyi tutaraq mənzil almaqdan daha çox satmağa üstünlük verirlər. Ümumilikdə, hazırda mənzillərin alqı-satqısı ilə bağlı vəziyyət çox ağırdır. Müştərilər də ucuz mənzil axtarışındadır"."Real Estate" Agentliyinin nümayəndəsi də "oxu" portalına açıqlamasında eyni mövqedən çıxış edir: "Bazarda vəziyyət çox zəifdi. Alıcılar 40, 50, 65, 78-80, maksimum isə 100 min manatlıq evi almağa üstünlük verir. 100-200 min arası mənzil almaq istəyənlər isə demək olar ki, yoxdur".

Şirkətin nümayəndəsi onu da əlavə edib ki, alıcı Bakıda 1 otaqlı mənzilə görə də 60-70 min manat da ödəmək istəmir". "Piramida" Daşınmaz Əmlak Agentliyinin əməkdaşı isə bildirib ki, mənzil bazarı ilə müqayisədə torpaq almaq istəyənlər çoxdur: "Bazarda vəziyyət zəifdi. Ev satmaq istəyənlər qiymətlərin qalxacağı ilə bağlı gözləmə mövqeyindədir. Tələsən yoxdur. Bununla belə, müştərilər arasında, Binəqədi, Mehdiabad, Bakı kəndlərinə tələbat var. Qiymətləri isə 35, 40, 50 min manat arasında dəyişir".

Daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Osmanlı isə bazardakı durğunluqla bağlı proqnoz vermək istəməyib. Onun sözlərinə görə, indiki həssas məqamda hər hansı proqnoz mənzil bazarında sayı tək-tük olan müştərilərin də uzaqlaşmasına səbəb ola bilər. Ekspert onu da əlavə edib ki, neftin qiymətinin psixoloji həddi 70 dolları keçəcəyi təqdirdə mənzil bazarında baş verən durğunluğun sona çatmağını düşünmək olar. Araşdırmalar göstərir ki, neftin dünya bazarı qiymətində azalmalar davam olduğu zaman bu əmlak bazarında tələbatın azalmasına və qiymətlərin aşağı düşməsinə səbəb olur. Digər tərəfdən, psixoloji olaraq strateji məhsulların dünya bazarında qiymət aşağı düşən zaman əmlaka olan tələbatın azalması müşahidə edilir. Hələlik isə mənzil bazarı müştəri sarıdan korluq çəkir. Cari il ərzində isə əmlak bazarında tələbin azalacağı proqnozlaşdırılır və bu qiymətlərin daha da aşağı düşməsinə gətirib çıxaracaq.

Sizin Reklam Yeriniz