Əlaqə Arxiv
news Image
2015.07.09
11:30
| A A A
Problemli kreditlər problemi bir az da böyüdü
Məhəmməd Talıblı: “Problemli kreditin artmasında kreditlərin faiz dərəcələrinin yüksək olması mühüm rol oynayır”

Artıq xeyli müddətdir Azərbaycanda kredit verilmə şərtlərinə dəyişiklik edilib. Ona əsasən hazırda bankların istehlak kreditləri ayırması məsələsi bir qədər çətinləşdirilib. Əvəzində bankların real sektora kredit ayırmaları istiqamətində mühüm addımlar atılıb.

Burada bir məqsəd də vaxtı keçmiş kreditlərin həcminin daha da artmasınını qarşısını almaqdır. Lakin buna baxmayaraq, indinin özündə də problemli kreditlərin həcmi çoxalmaqda davam edir. İyunun 1-nə ödəmə vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 313,2 milyon manata çatıb. Başqa sözlə, banklardakı 20 milyard 468,1 milyon manat kreditin 6,4%-nin ödəmə vaxtı keçib. Təkcə may ayında problemli kreditlər 56,6 milyon manat artıb. İlk 5 aylıq dövrdəki artım isə 336,9 milyon manat olub.

İqtisadçı ekspert Məhəmməd Talıblı problemli kreditlərlə bağlı vəziyyətin belə olmasında çoxsaylı səbəblərin olduğunu bildirdi: "Bu ilin may ayının nəticələrinə görə ölkədə vaxtı keçmiş kreditlərin həcmi 1,3 milyard manatı keçib. Ötən ilin anoloji ayı ilə müqayisədə bu rəqəm artımın olduğunu göstərir. Problemli kreditlərin kredit şərtlərinin dəyişməsi fonunda artmaqda davam etməsinin müxtəlif səbəbləri var. İstehlak kreditləri ümumi kredit portfelinin 98,4 faizini təşkil edir. Biznes kreditləri isə yerdə qalan 1,6 faizdən ibarətdir. Bankların verdiyi kreditlər daha çox vətəndaşların hər hansı istehlak tələbatına sərf olunur, kredit alınarkən bu məqsəd əsas götürülür. Götürülmüş həmin kreditlərin yönəldilməsi, sərf olunması da təbii ki, istehlak yönümlüdür. İstehlak yönümlü kreditlər isə ölkədə nə istehsalı genişləndirir, nə də investisiya imkanları formalaşdırır. Bu o deməkdir ki, əslində, kredit portfelinin şişməsi, istehlak kreditinin üstünlük təşkil etməsi fonunda vətəndaşlar daha çox öz problemlərini ertələmək, onu hər hansı bir mərhələyə çıxarmaq haqqında düşünür. Ona görə də alınmış istehlak kreditləri vətəndaşlardan 25-30 faiz səviyyəsində əlavə vəsaitlərin banklara ötürülməsilə nəticələnir.

Belə bir vəziyyətdə biznesə açılan kredit resursları məhdud olaraq qalır. Beynəlxalq standartlar baxımından təhlil edəndə vəziyyət problemli kreditlərin həcminin təhlükəli həddə çatmasından xəbər verir. Bu baxımdan ciddi önləyici addımlar olmasa, problemli kreditin həcmi artmaqda davam edəcək. Problemli kreditin artmasında eyni zamanda kreditlərin faiz dərəcələrinin yüksək olması da rol oynayır. Nəticə etibarı ilə krediti ödəyə bilməyən vətəndaş məcbur qalıb kredit üçün növbəti banklara müraciət edir. Bu fonda da onlar sanki kredit bataqlığına düşür. Bu da əslində, problemli kreditlərin yaranmasının əsasını təşkil edir."

Sizin Reklam Yeriniz