Əlaqə Arxiv
news Image
2015.07.10
10:00
| A A A
Manat kreditlərinin daha baha olduğu üzə çıxdı
Əkrəm Həsənov: “Mərkəzi Bank xarici valyuta ilə verilən kreditlərə müəyyən məhdudiyyət qoya bilər”

Azərbaycan Mərkəzi Bankı (AMB) 2015-ci il iyunun 1-nə, kreditlər üzrə orta faiz dərəcələri ilə bağlı məlumat yayıb. Məlumata əsasən, manatla olan kreditlər üzrə ucuzlaşma müşahidə olunub. Halbuki, son bir ayda xarici valyuta ilə kreditlərin bahalaşması müşahidə olunub. Ancaq hazırda manatla olan kreditlər nisbətən ucuzlaşsa da, bütövlükdə xarici valyuta ilə verilən kreditlərin daha daha ucuzdur. Belə ki, son bir ayda xarici valyuta ilə olan kreditlərin orta faiz dərəcəsi 8,31%-dən 8,38%-ə qalxıb. Manatla olan kreditlərin orta faiz dərəcəsi isə 8,82%-dən 8,81%-ə düşüb. Hüquqi və fiziki şəxslər üçün də xarici valyuta ilə verilən kreditlərin orta faiz dərəcəsi daha ucuzdur. Belə ki, mayda fiziki şəxslərə verilən kreditlər üzrə orta faiz dərəcəsi manatla 9,66%, xarici valyuta üzrə isə 9,50% olub.Hüquqi şəxslərə verilən kreditlər üzrə orta faiz dərəcəsi isə manatla 5,95%, xarici valyuta ilə isə 4,03% təşkil edib.

İqtisadi məsələlər üzrə hüquqşünas Əkrəm Həsənov "Mövqe"yə açıqlamasında bildirdi ki, manatla verilən kreditlərin bahalaşması səbəbsiz deyil: "Çünki, banklar dollarla verilən kreditin isə aşağı səviyyədə saxlayıblar ki, bəlkə kimsə dollarla kredit götürdü. Təbii ki, əhalini bu varinat qane etmir. Çünki, bahalaşacağına görə dollarla kredit götürməkdən qorxurlar. Əhalinin əldə etdiyi gəlir dollarla deyil. Milli valyuta ilə də yüksək faizlə götürmək onları qane etmir. Ancaq kimə kredit vacib lazımdırsa, iki variantdan birini mütləq seçəcək. Bunda da ehtimal etmək olar ki, dollar kreditini götürməyə meyl edəcəklər. Çünki, milli valyutada verilən kreditlərin faizi yüksəkdir. Hətta manatla verilən kreditlər 40%-ə qədər qalxıb. Belə həddə olan faizlə heç kəs kredit götürmək istəməz".

Ekspertin fikrincə, Mərkəzi Bank istəsə xarici valyuta ilə verilən kreditlərə müəyyən məhdudiyyət qoya bilər: "Qanunla buna səlahiyyəti var. Amma burada məhdudiyyət tətbiq etməyə ehtiyac yoxdur. Bu məsələni tənzimləmək üçün Mərkəzi Bankın çox sadəcə üsulu var. Mərkəzi Bank kommersiya banklarına milli valyuta ilə kredit verməlidir. Hansı ki, uçot dərəcəsi 3.25%-dir. Banklara bu faizlə kredit verərkən onların qarşısına şərt qoymalıdır. Məsələn, tələb qoya bilər ki, kredit faizləri 15%-dən çox olmasın. Banklar da böyük məmnuniyyətlə bu faizlə kredit verəcək. Bu halda kommersiya bankları devalvasiyadan qorxmayacaqlar. Çünki, banklar Mərkəzi Bankdan pulu milli valyuta ilə götürüblər. Qaytaracaqları pulu da milli valyuta ilə qaytaracaqlar. Ancaq Mərkəzi Bank hazırda kommersiya banklarına milli valyuta ilə istənilən həcmdə kredit vermir. Yəni, bütün bunlar zəncirvari şəkildə bağlı proseslərdir".

Əkrəm Həsənov bildirir ki, əhalinin dollarla olan kreditə üstünlük verməsi iqtisadiyyatın dollarlaşması deməkdir: "İqtisadiyyatın dollarlaşması prosesi bundan sonra da davam edə bilər. Son nəticədə problemli kreditlərin həcminin bir qədər də artmasına gətirib çıxara bilər".

Ekspert bildirdi ki, proseslərin bu həddə çatmaması üçün Mərkəzi Bank kommersiya banklarına manatla ucuz kreditlər verməlidir: "Belə olarsa, kommersiya bankları dollardan tamamilə imtina edərlər. Bu gün bankların pulu haradan əmələ gəlir? Banklar öz pullarını kredit verməzlər. Banklar əhalidən gələn əmanətləri kredit şəklində verir. Hansı ki, əmanətlərin çox dollarla qoyulur. Ancaq bankların əsas maliyyə mənbəyi beynəlxalq qurumlardan cəlb etdikləri pullardır. Həmin pulları da dollarla götürürlər. Dollarla alırlarsa, deməli, krediti də dollarla verməyə başlayacaqlar. Amma Mərkəzi Bank onları milli valyuta ilə kifayət qədər təmin etsə, banklar da beynəlxalq qurumlardan dollarla kredit almazlar".

Sizin Reklam Yeriniz