Dünya növbəti iqtisadi böhran ərəfəsindədir. Bir sıra iqtisadçıların qənaətindən belə nəticəyə gəlmək olar. Əsas səbəb isə ÜDM-i xarici dövlət borcundan çox olan dövlətlərin sayının artmasıdır. Hansı ki, bu sırada dünya iqtisadiyyatında xüsusi çəkisi olan Avropa Birliyinin bir çox ölkələrinin adını çəkə bilərik.
"Jubilee Debt Campaign" təşkilatı hazırladığı hesabatda tək Yunanıstanın deyil, ümumilikdə 20-dən çox ölkənin xarici borca görə böhran içərisində olduğunu yazıb. Həmin siyahıda Yunanıstanla yanaşı Ermənistan və Ukaynanın da adı çəkilir. Hesabatda bildirilir ki, 14 ölkə yüksək xarici borc həcminə və büdcə kəsrinə görə yeni borc böhranına yaxınlaşır.
İqtisadçı-ekspert Yusif Vəliyev düşünür ki, hazırda dünyada gedən iqtisadi proseslər növbəti iqtisadi böhranın yaranmasına dəlalət edir: "Artıq İranla "altılıq" ölkələri arasında razılşama əldə olundu. Bununla da İrana qarşı olan sanksiyalar ləğv edilir. İqtisadi böhranın qarşısını almaq üçün istər Avropa dövlətləri, istərsə də digər dövlətlər güzəştə getməyə hazırlaşırlar. Çünki, artıq dərk edirlər ki, yeni böhran gözlənilir. Bu gün Yunanıstan timsalında digər böyük ölkələr də böhranla üz-üzə qala bilər. Ona görə də ölkələrin bir-birinə güzəşt etmə zamanıdır".
Digər iqtisadçı-ekspert Məhəmməd Talıblının fikrincə isə, bir neçə ölkənin xarici borcunun yüksəlməsi ümumilikdə dünyadakı trendlərə ciddi təsir göstərmir: "Qlobal iqtisadi böhranlar o halda baş verir ki, dünyanın qabaqcıl ölkələrinin iqtisadiyyatında ciddi kataklizmlər yaranır. İndiki halda dünyadakı iqtisadi böhran onunla əlaqələndirilir ki, Yunanıstanın xarici borcu ÜDM-dən qat-qat çoxdur. Ümumiyyətlə, xarici borclanması böyük olan ölkələrdə ciddi iqtisadi problemlər meydana çıxır. Bu prinsiplərlə çıxış edəndə, ABŞ iqtisdiyyatında da xarici borcun səviyyəsi yüksəkdir. Biz onu valyuta dəyəri ilə müqayisə edəndə görürük ki, ABŞ-ın xarici borcunun miqyası daha çoxdur. Söhbət 17 trilyon dollardan gedir. Yunanıstanın timsalında dünyada iqtisadi böhranın yaranmasını düşünürüksə, doğru təəssürat deyil. Çünki, Yunanıstan Avropa Birliyinin əsas ölkələrindən biridir. Avrozonada baş verən hadisələr, eyni zamanda xarici borcların uzun müddət effektiv idarə olunmaması nəticədə Yunanıstan iqtisadiyyatına baha başa gəldi. Bu baxımdan bir ölkənin sərhədləri daxilində problem onun coğrafiyasından kənarda problem doğura bilməz. Bir ölkənin Avrozonadakı münasibətlərinə təsir göstərə bilir. Həmin ölkə milli sərvətlərinin bir qismini daha ucuz satmaq məcburiyyətində qalır. Torpaqlarının bir qismini uzunmüdətli icarəyə verir. Nə cürsə, iqtisadi böhrandan çıxa bilir. Ancaq heç bir halda bu, qobal iqtisadi böhran yarada bilməz. Elə böyük iqtisadiyyata malik olan ABŞ-ın özünün xarici borcu sürətlə artır. Belə bir vəziyyətdə həmin ölkənin timsalında xarici borclarının yüksəlməsi dünyanın maliyyə arxitekturasında problemlər doğura bilər. Çünki, maliyyə arxitekturasının yaranmasında, idarə olunmasında həmin ölkənin iqtisadi imkanları çoxdur. Hazırda isə dünyada iqtisadi böhranın yaranması üçün ciddi zərurət hiss olunmur".