Rusiyanın "LUKoyl" neft şirkətinin azərbaycanlı prezidenti Vahid Ələkbərov Rumıniyanın dövlət başçısı Klaus Yohannisə məktub yazıb.
Movqe.az RBK-ya istinadən xəbər verir ki, 9 iyul tarixli ikisəhifəli məktubun mətni yerli "Digi24" telekanalının saytında dərc olunub.
Şirkət nümayəndəsi məktubu şərh etməkdən imtina edib, lakin onun məzmununu təkzib etməyib.
Çərşənbə axşamı "LUKoyl"un vitse-prezidenti Tomas Müller bildirib ki, şirkət Rumıniya hökumətinin nümayəndələri ilə görüş barədə bir neçə sorğu göndərib, lakin hələ ki, cavab gəlməyib.
Vahid Ələkbərov məktubunda Ploeşti şəhərində "Petrotel Lukoil" NEZ-i (Müəssisənin səhmlərinin 97%-i "LUKoyl"a məxsusdur) ilə bağlı yaranan vəziyyət səbəbindən Yohannis ilə şəxsən görüşməyi xahiş edir.
Ötən həftə məlum oldu ki, Rumıniya Prokurorluğu "LUKoyl"un NEZ-i idarə edən törəmə şirkəti "Lukoil Europe Holdings B.V"nin aktivlərinə (2 mlrd. avro) həbs qoyub. Şirkət çirkli pulların yuyulması və 2012-2013-cü illərdə 230 milyon avro məbləğində vergidən yayınmaqda ittiham olunur.
" "LUKoyl" ASC-nin Rumıniyada cari fəaliyyəti və uzunmüddətli planlarına dair gərgin məsələlərin müzakirəsi üçün şəxsi görüşün keçirilməsi xahişi ilə yenidən sizə müraciət etmək məcburiyyətindəyəm", — deyə V.Ələkbərovun məktubunda bildirilir.
O qeyd edir ki, Rumıniya Prokurorluğunun yeni ittihamları "yenidən NEZ-i bağlanma təhlükəsi ilə üz-üzə qoyub". V.Ələkbərovun sözlərinə görə, NEZ ətrafında yaranan vəziyyət "müəssisənin, əksəriyyəti demək olar ki, Rumıniya vətəndaşı olan işçilərini narahat edir".
O məktubunda, həmçinin müəssisənin stabil işinin bütün Avropa İttifaqının (Aİ) neft məhsulları ilə təminatına təsir etdiyi üçün daha şəffaf yoxlamanın aparılması məqsədi ilə Aİ rəhbərliyinə müraciət etdiyi barədə Rumıniya prezidentinə məlumat verib.