Əlaqə Arxiv
news Image
2015.07.16
08:00
| A A A
Azərbaycan xaricdən taxıl alışını dayandıracaq
Vahid Məhərrəmov: “Lazımi qədər ərzaq buğdasını istehsal etmək üçün Azərbaycanın bütün resurs və potensialı var” Çingiz Fərəcov: “Geniş çeşiddə taxılçılıq təsərrüfatlarının yaradılmasına xüsusi diqqət yetirilməlidir”

Bu il taxılçılıqda məhsuldarlıq təxminən 20 faizə qədər artıb. Əvvəllər hektardan 22 sentner götürülürdüsə, indi bu göstərici 30 sentnerə çatıb. Dövlətin dəstəyi ilə iri fermer təsərrüfatları yaradılır, meliorasiya, aqrotexniki tədbirlər görülür. Eyni zamanda, strukturlaşma prosesi gedir və şəffaflıq təmin edilir. Bütün bu addımlar Azərbaycanın taxıl idxalına olan təlabatının tamamilə daxili imkanlar hesabına ödənilməsinə hesablanıb. Hələliksə, Azərbaycan taxıla olan tələbatının bir hissəsini, xüsusən də buğdanı xaricdən idxal edir. Bu idxalda da Qazaxıstanla, Rusiya mühüm rol oynayır.

Görəsən, bu gedişlə Azərbaycan taxıl idxalından asıllığa son qoya bilərmi?

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov taxıl idxalından asıllığa son qoymaq üçün bu sahədə sistemli addımların atılmalı olduğunu bildirdi: "Taxıl idxalına son qoymaq üçün ilk növbədə ölkənin tələbatını ödəyə biləcək qədər taxıl istehsal olunmalıdır. Burada söhbət əsasən də ərzaq buğdasından gedir. Ölkənin ərzaq buğdasına olan tələbatı təxminən 1,3 milyon tondur. Bu qədər ərzaq buğdasını istehsal etmək üçün Azərbaycanın bütün resurs və potensialı vardır. Həmin sahə üzrə sistemli qaydada addımlar atılmalıdır ki, nəticə əldə olunsun. Hazırda ölkədə taxılçılıqla məşğul olan fermerlərin texnika ilə bağlı problemləri qalmaqdadır. Burada söhbət yalnız biçin kombaynından getmir. Səpin işlərini vaxtında aparmaq üçün taxıl səpən aqreqatlar da kifayət qədər olmalıdır. Bu aqreqatlardan əlavə traktorlar da çatışmır. Bugünkü Azərbaycanı 1985-ci illə müqayisə edəndə o zaman daha az taxıl istehsal edirdik. Amma hazırda bu sahədə istifadə olunan texnikanın sayı həmin dövrlə müqayisədə demək olar ki, azdır. Bu da imkan vermir ki, optimal müddətdə əkin və toxum səpini işləri həyata keçirilsin. Həmin addımlar da müasir dövrün tələblərinə uyğun aparılmalıdır. Hazırda inkişaf etmiş ölkələrdə əkin işləri aparılmır. Birbaşa olaraq toxum sahədə torpağın altına verilir. Bunun üçün də müasir texnologiya mövcuddur. Hökumət fermerləri stimullaşdırmaq, onları təkrar əkinə həvəsləndirmək üçün hektara 50 manat subsidiya verir. Həmçinin, güzəştli şərtlərlə mineral gübrə təklif etməklə onları ikinci əkinə həvəsləndirir. İkinci əkin həyata keçirilməlidir, digər ölkələrdə də bu mövcuddur. Ancaq onun da qaydası var. İndi taxıl biçini başa çatmamış bəzi hallarda görürük ki, az məhsuldar sahələr yandırılır. Bu isə torpağın münbitliyini azaldır. Torpaqda olan humus qatı, üzvi maddələr yanaraq artıq əhəmiyyətsiz olur. Torpaqdakı faydalı mexanizmlər məhv edilir. Bütün bu problemlər sistemli şəkildə həllini taparsa, taxıl idxalından asıllığın aradan qaldırılmasında müəyyən nailiyyətlər əldə etmək mümkün olar".

Əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcovun fikrincə, idxaldan asıllığın aradan qaldırılması üçün geniş çeşiddə taxılçılıq təsərrüfatlarının yaradılmasına xüsusi diqqət yetirilməlidir: "Azərbaycanda buğda istehsalı əslində, ildən-ilə artmalıdır. Bu ilin mart-aprel aylarında tələb olunandan çox yağış yağdığından cari dövrdə taxılın real məhsuldarlığı şübhəsiz ki, keçən illə müqayisədə artıb. Azərbaycan kiçik ölkə olduğundan əslində, özü-özünü taxılla təmin etməlidir. Real olaraq taxılın hektara görə məhsuldarlığı artırılmalıdır. Düzdür, dövlət taxılçılıq, buğda istehsalı üzrə ixtisaslaşmış özəl təsərrüfatların yaradılmasına vəsait ayırır. Bu təqdirəlayiqdir. Məsələn, Beyləqan rayonunda yaradılan taxılçılıq təsərrüfatında hər hektardan 50 sentnerdən çox buğda məhsulu götürülüb. Bu kimi texnologiya başqa rayonlarda da tətbiq olunarsa, taxıl idxalından asılılığı aradan qaldıra bilərik. Bunun üçün həm də ölkədə yüksək məhsuldar toxum sortları da olmalıdır ki, hələlik bu da yoxdur. Yüksək məhsuldarlı toxum sortlarının olması da idxalın arxa plana keçməsinə rəvac verə bilər. Hər il məlumat verilir ki, ölkədə hektara 25-30 sentner taxıl yığılıb. Amma bununla yanaşı hər il ölkəyə 1,5 milyon ton buğda və un idxal edilir. Belə olanda da Dövlət Statistika Komitəsinin verdiyi rəqəmlər şübhə altında qalır. Hektardan 30 sentner taxıl götürülərsə, taxılçılıq briqadaları yaradılarsa, xarici ölkələrdən idxaldan asıllılıq xeyli dərəcədə azalar. Bunun üçün də pay torpaqlarının əkilməsinə nəzarət olmalıdır. Amma apardığım araşdırmalar göstərir ki, pay torpaqlarının 40-50 faizi boş qalır. Çünki, onun sahiblərinin burada məhsul yetişdirməyə imkanı olmur. Elə etmək lazımdır ki, bu təsərrüfatlar da torpaqlarını əkməkdə maraqlı olsunlar".

Sizin Reklam Yeriniz