Əlaqə Arxiv
news Image
2015.07.16
11:00
| A A A
Azərbaycan Asiya istiqamətində iqsadti əlaqələrini genişləndirir
Vüqar Bayramov: “ŞƏT-ə üzvlüyümüz və Asiya bazarlarına doğru genişlənməyimiz Azərbaycanın qeyri-neft ixracatının həcmini artıracaq” Fuad Rəsulov: “Ölkəmiz proseslərdən böyük mənfəət əldə edə bilər”

2015-ci ildə ölkəmizin xarici iqtisadi siyasətinin Asiya vektorunun möhkəmləndirilməsində nəzərəçarpan addımlar atılmaqdadır. Ötən ildən etibarən Dövlət Neft Fondunun xarici daşınmaz əmlaka yatırdığı investisiyalarının sıralarında Asiya bazarları da xüsusi yer almağa başlayıb. Bundan başqa, ölkəmiz Asiya İnfrastruktur İnkişaf Bankının üzvü kimi quruma 500 milyon dollar vəsait yatırdı. Çin yuanı və qiymətli kağızlar bazarına da sərmayələr qoyulur.

Ufada keçirilən Şanxay Əməkdaşlığı Təşkilatının sammitində Rusiya prezidenti Vladimir Putin bir sıra ölkələrlə yanaşı Azərbaycana da tərəfdaş statusunun veriləcəyini bəyan edib. İqtisadçılar ölkəmizin investisiya coğrafiyasının Asiya doğru genişlənməsini müsbət hal kimi dəyərləndirirlər. Bunun xüsusən qeyri-neft sektoru üçün faydalı olacağını deyirlər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanın Asiya bazarılarına doğru genişlənməsi qeyri-neft sahəsində ixrac imkanlarımızın artacağından xəbər verir: "Hazırda ölkəmiz balanslı siyasət həyata keçirməkdədir. Avropa Birliyi ilə yanaşı Rusiya ilə də əməkdaşlıq edir. Təbii ki, ölkəmiz bütün bunları ikiitərəfli faydalılıq prinsipi əsasında edir. Ancaq son zamanlar Avropa Birliyində iqtisadi baxımdan baş verən tənəzzül əlamətləri və bir sıra dairələrinin Azərbaycana qarşı qərəzli münasibəti fonunda ölkəmizin xarici prioritetlərinə yenidən baxmağa məcbur edir.

Düzdür, bu gün Azərbaycanın ticarət dövriyyəsində Avropa Birliyinin payı üstünlük təşkil edir. Məhz AB-yə ixracatda neft məhsulları üstünlük təşkil edir. Qeyri-neft məhsullarımız isə Avropa Birliyinə üzv olmayan ölkələrə və Rusiyaya gedir. Odur ki, ŞƏT-ə üzvlüyümüz və Asiya bazarlarına doğru genişlənməyimiz Azərbaycanın qeyri-neft ixracatının həcmini artıracaq. Bu da ölkəyə əlavə valyutanın daxil olması deməkdir".

Digər iqtisadçı Fuad Rəsulov bildirdi ki, əsas söhbət ŞƏT-ə Azərbaycanın üzv olmasından gedir: "Məlumdur ki, Qərbin maliyyə sistemi çoxdan formalaşıb. Bu sistemin arxasında böyük iqtisadiyyat durur. Ancaq hazırda dünyada Asiya ilə Qərb iqtisadiyyatları arasında mübarizə dərinləşir. Perspektiv haqqında qərar vermək indidən çox çətindir. Lakin nəzərə alaq ki, Asiya iqtisadiyyatı getdikcə sürətli şəkildə genişlənməkdədir. Son zamanlar Asiya qitəsində yaradılan banklardan biri Asiya İnfrastruktur İnkişaf Bankıdır. Hansı ki, ölkəmiz də ora üzv kimi 500 milyon dollar vəsait yatırdı. Bütövlükdə Çin iqtisadiyyatına kapital qoymağımız yaxşı haldır. Çünki, sözügedən ölkənin iqtisadiyyatı sürətlə inkişaf edir. Çin iqtisadiyyatı artıq ABŞ və AB ilə pararlel olaraq dünya iqtisadiyyatının lokomotivlərindən biri hesab olunur. Eyni zamanda son illər Asiya bazarı ən yüksək templə inkişaf edən bazardır. Odur ki, Çin bazarına investisiya yatırmaq cazibəlidir. Bu fonda ölkəmiz proseslərdən böyük mənfəət əldə edə bilər".

Sizin Reklam Yeriniz