Əlaqə Arxiv
news Image
2015.07.17
11:15
| A A A
Aqrar məhsulların çoxluğu qiymətləri endirdi
Ruslan Atakişiyev: “Yaxşı olardı ki, kənd təsərrüfatı məhsulları yarmarkaları yenidən fəaliyyətə başlasın”

Bu ilin iyun ayında ərzaq məhsullarının qiymətləri 2,7 faiz ucuzlaşıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ay ərzində buğda ununun, qarabaşaq yarmasının, mal və qoyun ətinin, balıq məhsullarının, günəbaxan yağının, şəkər tozunun, bananın, alçanın, gilasın, çiyələyin, xiyarın, pomidorun, göyərtinin, şirin bibərin, badımcanın, göy lobyanın, kartofun, soğanın, sarımsağın, kələmin, kökün, çuğundurun qiymətlərində ucuzlaşma olub. Ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərində əvvəlki ayla müqayisədə 1,1 faiz ucuzlaşma qeydə alındığı göstərilir.

İqtisadçılar ərzaq məhsullarının qiymətinin azalmasının əsas səbəbi kimi mövsümi amili göstərirlər. İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev "Mövqe"yə bildirdi ki, Azərbaycanda qoyun əti üzrə daxili tələbatın 98%-i yerli xırdabuynuzlu mal-qaranın hesabına ödənilir: "Ölkəmizdə mövcud olan kənd təsərrüfatı ehtiyatları bunun ödənilməsinə imkan verir. Mal ətində də eyni sözləri deyə bilərik. Mal ətinə olan tələbatın 86%-i daxili istehsal hsabınadır. Qalan hissəsini idxal edirik. Yay ayları ilə əlaqədar isə əhali daha çox kənd təsərrüfatı məhsulları ilə qidalanmağa üstünlük verir. Buna görə həmişə bu dövrdə ət məhsullarına tələbat azalır. Bunun nəticəsində də qiymətlərin düşməsini müşahidə edirik. Ancaq qarşıdakı dövrdə, xüsusən də Qurban bayramının yaxınlaşması ilə bağlı olaraq ət məhsullarının qiymətində cüzi artım müşahidə ediləcək. Qışda isə ət məhsullarına tələbat çoxaldığı üçün həmin dövrdə qiymətlərin artımı baş verə bilər. Eyni fikirləri balıq məhsulları haqqında da söyləmək mümkündür. Çünki, yay aylarında əhali tərəfindən balıq məhsullarından istehlak azalır. Hətta xalq arasında belə bir deyim var ki, tərkibində "r" hərfi olmayan aylarda balıq yemək düzgün deyil. Tərəvəz məhsulları isə dövrü məhsullardır. Hazırda əksər yerli tərəvəz məhsullarının yetişdiyi vaxtdır. Onlar mövsümi xarakter daşıdığına görə istehsalı da çoxalıb. Bu baxımdan həmin növ məhsulların qiymətinin enməsi gözləniləndir. Ancaq payıza doğru tərəvəz məhsullarının ehtiyatı azalacaq. Bundan başqa, qış fəsli yaxınlaşdıqca yerli məhsulların qiymətində artım gözləniləndir. Həmin dövrdə xaricdən gətirilən məhsulların geniş yer tutması qaçılmazdır. Onlar isə dollarla alındığından ötən qış dövrü ilə müqayisədə bu il idxal edilən kənd təsərrüfatı məhsullarının qiymətində artım müşahidə ediləcək".

Ekspert onu da əlavə etdi ki, bu gün ərik, gilas və bir sıra meyvələrin qiyməti keçən illə müqayisədə bahadır: "Satıcıların sözlərinə görə, bu il yazın əvvəlində havaların sərt keçməsi ilə əlaqədar onların istehsalı az olub. Ancaq təkcə bu kimi meyvələr yox, digər meyvələrin qiymətində də ötən illə müqayisədə artımlar var. Ümumiyyətlə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il kənd təsərrüfatı məhsullarının qiymətləri bahadır. Bunun da müəyyən səbəbləri var. Bir səbəbi, kənd təsərrüfatı yarmarkalarının fəaliyyətinin dayandırılmasıdır. Kənd təsərrüfatı məhsulları yarmarkaları Bakı bazarlarında qiymətlərin bahalaşmasının qarşısını alırdı. Kəndlilər əlavə xərc çəkmədən məhsullarını yarmakalara çıxara bilirdilər. Bu baxımdan orada qiymətlər bazarlara nisbətən ucuz idi. Artıq kənd təsərrüfatı yarmarkalarının olmaması bazar qiymətlərində özünü göstərir. Hətta mövsümi məhsulları belə baha qiymətə alırıq. Çünki, bazar satıcıları bilirlər ki, əhalinin başqa alış yeri yoxdur, yarmarkalar bağlanıb. Bu baxımdan qiymətləri aşağı salmırlar ki, insanlar da məcburən onlardan alır. Yaxşı olardı ki, kənd təsərrüfatı məhsulları yarmarkaları yenidən fəaliyyətə başlasın".

Sizin Reklam Yeriniz