Müqavilə qurğunun 2021-ci ilin may ayına qədər fəaliyyətini davam etdirməsini nəzərdə tutur
BP tərəfindən Danimarkanın "Maersk Drilling" şirkətinin Heydər Əliyev adına yarımdalma üzən qazma qurğusu üçün müqavilənin müddəti daha 5 il uzadılıb.
Movqe.az "Report"-a istinadən xəbər verir ki, müqavilə BP-nin "Şahdəniz" yatağındakı bu qazma qurğusunun 2021-ci ilin may ayına qədər fəaliyyətini davam etdirməsini nəzərdə tutur.
Məlumata görə, BP və "Maersk Drilling" arasında imzalanan bundan öncəki müqavilə 2016-cı ilin mayında qüvvədən düşməli idi.
Müqavilənin dəyəri 523 mln. ABŞ dolları məbləğindədir.
"Maersk Drilling"in icraçı direktoru Klaus Hemminqzen (Claus V. Hemmingsen) deyib ki, bu müqavilə onların yeni uğurlar qazanması üçün şərait yaradacaq.
Qeyd edək ki, "Şahdəniz" yatağı Bakıdan 70 km cənub-şərqdə yerləşir. Yatağın sutkalıq hasilatı 50 min barel neft, illik qaz-kondensat ehtiyatı 10 mlrd. kub futa (təxminən 2,8 mlrd. kubmetr) bərabərdir. "Şahdəniz"in qaz-kondensat ehtiyatı 40 trln. kub futdur (təxminən 1,2 trln. kubmetr).
Xatırladaq ki, "Şahdəniz" yatağında işləyən birgə müəssisəyə (konsorsium) daxil olan şirkətlərdən BP-nin 28,8%, TPAO-nun 19%, SOCAR-ın 16,7%, "Petronas"ın 15,5%, "LUKoil"ın 10% və NIOC-ın 10% payı var.