Əlaqə Arxiv
news Image
2015.07.24
08:00
| A A A
Satışa çıxarılan yunan adaları Azərbaycanın nəzarətinə keçə bilər
Vüqar Bayramov: “Bu ölkədə böhranın hansı müddəti əhatə edəcəyi, yaxın illərdə başa çatıb-çatmayacağı ilə bağlı aydın proqnoz yoxdur” Ramil Osmanov: “Ölkəmizdəki özəl müəssisələr həmin adaların gəlir gətirmək imkanları yüksək qiymətləndirildiyi halda, prosesdə iştirak edə bilərlər”

Böhran burulğanından xilas ola bilməyən Yunanıstan hökuməti özünə məxsus müəyyən adaları özəlləşdirmək istəyir. Xatırladaq ki, bu adaların bəziləri turizm üçün əlverişli məkandır. Müəyyən kiçik adaların satışı həyata keçirilib. Görəsən, bu adaların alınmasına Azərbaycan da maraq göstərə bilərmi?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hazırkı şəraitdə Azərbaycanın yunan adalarının özəlləşdirilməsində iştirakını məqsədəuyğun hesab etmədi: "Bildiyiniz kimi, bir neçə il öncə Azərbaycan Dövlət Neft Şirkəti Yunanıstanda bu ölkənin enerji paylaşdırıcı şirkətinin özələşdirilməsində iştirak etdi. Baxmayaraq ki, ARDNŞ Yunanıstan şirkəti səhmlərinin 50 faizindən artığını almışdı, amma bu anlaşma Avropa Komissiyası tərəfindən təsdiq olunmadı. Yunanıstan hökuməti SOCAR-a payların böyük hissəsini deyil, 50 faizdən az hissəsini satacağını rəsmiləşdirməklə bağlı açıqlaması da məsələni həll etmədi. O baxımdan güman etmirəm ki, bu hadisədən sonra SOCAR-ın və ya digər Azərbaycan şirkətlərinin yenidən Yunanıstana, onun hər hansı bir sahəsinə investisiya qoymasına ehtiyac var. Baxmayaraq, ki, Yunanıstanda özəlləşdirməyə çıxarılan müəssisələrin səhmlərinin dəyəri çox aşağıdır. Amma problem ondan ibarətdir, bu ölkədə böhranın hansı müddəti əhatə edəcəyi, yaxın illərdə başa çatıb-çatmayacağı ilə bağlı aydın proqnoz yoxdur. Yunanıstan iqtisadiyyatında son illər baş verən dəyişikliklər göstərir ki, praktik olaraq ölkənin iqtisadiyyatı əks istiqamətdə inkişaf edir. Ölkədə böhran dərinləşir. Bu fonda da Yunanıstanın öhdəlikləri yerinə yetirməsilə bağlı ciddi təhlükə var. Hətta ölkə defolt vəziyətinə düşmək təhlükəsindən xilas olmayıb. Ona görə də böhranın dərinləşdiyi və öhdəliklərə sadiq qalmayan Yunanıstanda Azərbaycan şirkətlərinin iştirakı məqbul hesab olunmur. Bu səbəbdən güman etmirəm ki, Azərbaycan şirkətləri üçün Yunanıstan adalarının özəlləşdirilməsində iştirak məqbuldir".

Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanov isə satışa çıxarılan bu adalar gəlir gətirəcəyi halda, Azərbaycanın həmin prosesdə iştirakın məqbul saydı:

"Yunanıstan hökuməti üzləşdiyi ciddi maliyyə böhranı fonunda çıxış yolu əldə etmək üçün başqa üsullar tapa bilmədiyindən, son variant olaraq torpaqlarının satışa çıxarılmasına əl atıb. Həmin adaların satışından əldə olunan gəlirlər hesabına düşünürlər ki, yaranmış vəziyyətdən müəyyən qədər çıxa biləcəklər. Fikrimcə, Azərbaycan şirkətlərinin həmin adaların özəlləşdirilməsində iştirak etməsi bir o qədər də uğurlu alınmayacaq. Çünki, indiki vəziyyətdə həmin adaların qazanc gətirəcəyi də şübhə doğurur. Bu ölkədə Azərbaycanın anklav yaratması, onun saxlanılması ölkəmiz üçün əlavə xərclərin yaranması deməkdir. Bu hansısa bir daşınmaz əmlak subyekti olsaydı, ondan gəlir götürmək məqsədilə almaq olardı. Amma burada məsələ bir qədər fərqlidir. Ona görə də məsələyə həmin adaların satışında iştirak etmək prizmasından yanaşmaq düşünürəm ki, hazırda elə də uğurlu variant deyil. Amma ölkəmizdəki özəl müəssisələr həmin adaların gəlir gətirmək imkanları yüksək qiymətləndirildiyi halda, prosesdə iştirak edə bilərlər. Lakin hansısa bir kiçik müəssisəni almaq dövlətin iqtisadi maraqlarına nə dərəcədə uyğundur, öncə bu məqam aydınlaşdırılmalıdır".

Sizin Reklam Yeriniz