Əlaqə Arxiv
news Image
2015.07.23
09:00
| A A A
Xaricdən Azərbaycana sərmayə şəklində gələn pulların həcmi artır
Samir Əliyev: “Son zamanlar investisiya qoyuluşunda ərəb axınını da müşahidə edirik” Rəşad Həsənov: “Çalışmalıyıq ki, bundan sonrakı dövrdə Azərbaycana yatırılan investisiyaların əsas hissəsi qeyri-neft sektoruna yönəldilsin”

Son zamanlar Azərbaycana xarici investisiya əvvəlki illərlə müqayisədə daha çox axmağa başlayıb. Belə ki, cari ilin ilk yarısında ölkəmizə qoyulan xarici investisiyanın həcmi 3,2 milyard manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,3 faiz çoxdur. Qeyd edək ki, artıq bir neçə il idi Azərbaycan daxilində realizə olunan investisiyanın həcmində daxili investisiyalar üstünlük təşkil edirdi. Xarici investisiyalar isə arxa plana keçmişdi. Amma son mənzərə yenidən onu göstərir ki, ölkəmizə investisiya qoyuluşunda xarici sərmayənin çəkisi artır.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev artan xarici investisiyanın əsasən ölkəmizdə baş tutan Avropa Oyunları ilə əlaqədar infrastruktur layihələrinin genişlənməsilə bağlı olduğunu bildirdi: "Son zamanlara qədər ölkəmizdə investisiyaların tərkibində daxili investisiya qoyuluşu üstünlük təşkil edib. Bu da müsbət amil kimi həmişə qeyd olunurdu. Ölkəyə investisiya qoyuluşunun təxminən 70 faizə yaxını daxili investisiya hesabına təmin edilirdi. Həmin daxili investisiyada da əsas rolu büdcədən ayrılan vəsaitlər oynayırdı. İndi isə vəziyyət bir qədər dəyişib.

Hazırda xarici inversitiyanın həcminin artmasına səbəb olan əsas amil isə ölkəmizdə baş tutan Avropa Oyunları ilə əlaqədar olaraq infrastruktur layihələrinə yönələn vəsaitlərlə bağlıdır. Bu fonda qeyri-neft sektoruna investisiya qoyuluşu artarsa, düşünürəm ki, perspektivdə də xarici investisiya həcminin artacağını müşahidə edəcəyik.

Son zamanlar investisiya qoyuluşunda ərəb axınını da müşahidə edirik. Ola bilsin, bu fonda ərəb ölkələrindən, xüsusən də Səudiyyə Ərəbistanından ölkəmizə investisiya axınının perspektivdə də artacağını görə bilək".

İqtisadçı ekspert Rəşad Həsənov qeyd etdi ki, xarici investisiya həcminin artmasının davamlı olması üçün onun hansı sahəyə yönəldilməsi vacib amildir: "2015-ci ilin birinci yarısının yekunlarına görə, həqiqətən də xarici investisiyaların həcmi daxili investisiyadan artıqdır. Bunun da müxtəlif səbəbləri var. Bu il xüsusən neft sektoruna qoyulan investisiyanın həcmi artıb. Xarici tərəfdaşlar tərəfindən neft sektoruna investisiya yatırımında iştirakçılıq təbii ki, xarici sərmayənin həcmini artırıb. Burada ikinci səbəb isə odur ki, 2015-ci ilin ilk yarısında dövlət qoyuluşlarının həcmi azalıb. Bildiyiniz kimi, Azərbaycanda iqtisadi investisiyalarda dövlət qoyuluşları əsas rol oynayırdı. Lakin bu həcmin azalması nəticədə ona gətirib çıxarıb ki, 7-8 ildən sonra ilk dəfə olaraq xarici investisiyanın həcmi daxili investisiyanı üstələdi. Prosesin davamlılığına gəldikdə, əsas amil bu investisiyaların hansı sahəyə yönəlməsilə bağlıdır. Təbii ki, Azərbaycanın bundan sonrakı dövr üçün də böyük layihələri var. Bunlar əsasən neft və qaz layihələrilə əlaqədardır. Burada beynəlxalq şirkətlər iştirak edəcək və belədə Azərbaycana investisiya yatırımı sürətlənəcək. Amma çalışmalıyıq ki, bundan sonrakı dövrdə Azərbaycana yatırılan investisiyaların əsas hissəsi qeyri-neft sektoruna yönəldilsin".

Sizin Reklam Yeriniz