İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla keçirdiyi birgə mətbuat konfransında qeyd etdi ki, sözügedən qurumla potensial əməkdaşlıq elementlərindən biri daşınmalar sahəsi ilə bağlıdır: "Biz hazırda qonşularımızla birlikdə Azərbaycan, Gürcüstan və Türkiyəni, bununla da Avropa və Asiyanı birləşdirən dəmir yolu layihəsini tamamlama mərhələsindəyik. Bu, Avropa və Asiya arasında ticarətin həcmini artıracaq yeni İpək Yolu olacaq və Azərbaycan da tranzit ölkə kimi öz əhəmiyyətli rolunu oynayacaq". Xatırladaq ki, söhbət Bakı-Tiflis-Qars dəmiryolu xəttindən gedir. Bu xətt işə düşdükdən sonra həm Avropadan, həm də Asiyadan gələn məhsulların Azərbaycanda qiymətlərinin əhəmiyyətli dərəcədə ucuzlaşması gözlənilir. Çünki dəmiryou ilə daşıma daha ucuz başa gəlir.
İqtisadçı-ekspert Natiq Cəfərli bu qənaətdədir ki, Yeni İpək Yolu layihəsi çərçivəsində Azərbaycanın əhəmiyyətinin artması fonunda, Qərb və Şərqdən ölkəmizə gələn məhsulların qiymətində enmələrin baş verəcəyi qaçılmazdır: "Ancaq xatırladım ki, Uzaq Şərqi, Çin, Hindistan bazarını Avropa ilə birləşdirəcək bir neçə alternativ layihələr də artıq bitmək üzrədir. Bu da Çinlə Rusiyanın birgə layihəsidir və həmin istiqamət üzrə artıq infrastruktur da qurulub. İkinci böyük layihə isə İran üzərindən keçməklə Türkiyə ərazisinə daxil olaraq, Avropaya qədər uzanacaq layihədir. İranla bağlı sanksiyaların götürülməsi fonunda bu layihənin də əhəmiyəti artır.
Amma yeni İpək Yolu da kifayət qədər perspektivlidir".
İqtisadi Və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov da bildirdi ki, Asiya və Avropadan daşınan yükdaşımaların Azərbaycandan keçməsi həmin məkanlardan ölkəmizə gələn məhsulların qiymətinə ucuzlaşma istiqamətində təsir göstərəcək: "İpək Yolu çərçivəsində tikilən Bakı-Axalkələki-Qars dəmir yolu əslində, həm Azərbaycan vasitəsilə Avropaya, eləcədə "köhnə qitə"dən Asiyaya ixrac edilən məhsul və xidmətlərin həcminin artmasına gətirib çıxara bilər. Eyni zamanda, bu proses tranzit ölkə kimi Azərbaycanın gəlirlərinin artması fonunda da kifayət qədər ciddi mənbə olacaq. Azərbaycan Qərblə Şərq arasında tranzit ölkə kimi məhz bu xətdən istifadə etməklə gəlirlərini artıracaq. Bu, hər iki məkandan gələn məhsulların daha ucuz qiymətə və daha aşağı xərclə ölkəyə daxil olmasına imkan yarada bilər. O baxımdan bu layihənin reallaşması birmənalı şəkildə Azərbaycanın tranzit və istehlakçı ölkə olaraq faydalanmasına imkan verəcək, eyni zamanda ölkəmizin öz məhsullarını Avropa, Asiya bazarlarına daha asan şəkildə çıxarmasına münbit şərait yaradacaq. Ölkəmizin ixrac imkanlarının artırılması baxımından da bu amil olduqca vacibdir. Ona görə də bu layihə ölkəmiz üçün vacib olmaqla yanaşı, Azərbaycanın strateji mövqeyinin güclənməsinə, Avropa ilə Asiya arasında praktik olaraq, real körpü rolunu oynamasına stimul yaradacaq. İmkan verəcək ki, Azərbaycan da daxil olmaqla iştirakçı tərəflər sözügedən layihənin reallaşmasından gəlir əldə edə bilsinlər".