Əlaqə Arxiv
news Image
2015.07.25
11:45
| A A A
Azərbaycana gələn əcnəbilərin sayı artacaq
Bahadur Bilalov: “Aviabiletlərin qiyməti aşağı düşərsə, ölkəyə gələn turistlərin sayı artacaq” Nicat Hacızadə: “Qiymətlərin ucuzlaşması üçün başqa variantlar da var”

Məlum olduğu kimi, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (AZAL) özünün aşağı büdcəli sərnişindaşıma xəttinin (lou-kost istiqamətlər), həmçinin aviaşirkətin bütün mövcud reysləri üzrə təyyarələrdə aşağı tarifli yerlərin yeni blokunu tətbiq edir. Bu tədbirlər Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında aviabiletlərin qiymətlərinin azaldılması ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq görülüb. Müəyyən istiqamətlərdə lou-kosterlər üçün səciyyəvi sayılan hava daşımalarının biznes-modeli tətbiq olunacaq. Uçuşlar "Embraer" təyyarələri ilə həyata keçiriləcək. Bu istiqamətlər üzrə aşağı büdcəli sərnişindaşıma xətlərinin yekun satış qiyməti bir tərəfə 99 avrodan çox olmayacaq.

İqtisadiyyat və Sənaye Nazirliyində keçirilən kollegiya iclasında isə nazir, kollegiyanın sədri Şahin Mustafayev aviabiletlərin qiymətlərinin aşağı salınması istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanıldığı deyib. Nazir bildirib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, aidiyyəti dövlət qurumları ilə birlikdə İqtisadiyyat və Sənaye Nazirliyi aviabiletlərin qiymətlərinin təhlili aparır.

Ekspertlər nəqliyyat xərclərinin azalacağı təqdirdə ölkəyə gələn turistlərin sayının artacağını proqnozlaşdırırlar. Azərbaycan Turizm və Menecment Universitetinin "Turizm biznesi" kafedrasının müdiri Bahadur Bilalov bildirir ki, aviabiletlərin qiyməti aşağı düşərsə, ölkəyə gələn turistlərin sayı artacaq: "Bir müddət öncə Fransanın ölkəmizdəki səfiri bu məsələni xüsusi tənqid etmişdi. O bildirmişdi ki, Fransadan Azərbacana olan təyyarə biletinin qiymətinə bir fransız qonşu ölkələrdə bir həftə istirahət edə bilir: "Ona görə də heç bir fransızın Azərbaycana gəlməyə marağı yoxdur". Möhtərəm Prezident də yerində məsəəlyə irad tutdu. Aviadaşımalarda qiymətlər elmi əsaslarla, klassik qiymət əmələgəlmə metodu ilə müəyyən edilməlidir. Nəqliyyat qiymətləri ölkə turizminin inkişafı üçüm katalizator rolunu oynamalıdır. Qiymət məsələsində də beynəlxalq praktikanı öyrənib, tətbiq etmək lazımdır. Hazırda ölkəmizdə normal büdcə aviaşirkətinin yaradılmasına ehtiyac var. Düzdür, büdcə aviaşirkətində müxtəlif servislər olmayacaq. Amma insalar seçim etmək imkanın malik olacaq. Nəzərə almaq lazımdır ki, nəqliyyat turizmin 30%-i deməkdir".

İqtisadçı-ekspert Nicat Hacızadə də eyni fikirdədir: "Ucuş qiymətlərinin yuxarı həddə olması turizm sahəsinə mənfi təsir göstərir. Dünya Bankının hesabatında göstərilir ki, son zamanlar Qafqazda ən çox turist bizə gəlir. Amma gəlin, istiqamətlərə diqqət edək. Bizə əsasən iki istiqamətdə - Gürcüstan və Türkiyədən gəlirlər. Turistlər bu xəttlə gəlməsi isə daxil olan vəsaitlərin həcmini azaldır".

Ekspertin sözlərinə görə, qiymətlərin ucuzlaşması üçün başqa variantlar da var: "Dünyanın bir sıra nüfuzlu aviaşirkətləri Azərbaycana gətirilməldir. Digər şirkətlər Azərbaycanda fəaliyyət göstərərsə, həm ölkə turzmi inkişaf edər, həm də ölkəyə gələn turistlərin sayı çoxalar. Çünki, rəqabət nəticəsində formalaşan ucuz qiymətlər bura gələn turistlərin sayını çoxaldacaq. Bu da dövlət büdcəsinə daxil olan gəlirlərin artması deməkdir".

Sizin Reklam Yeriniz