Əlaqə Arxiv
news Image
2012.09.26
16:37
| A A A
Mobil telefon nömrələrinin daşınması qaydaları müəyyənləşdi

Azərbaycanda mobil telefon nömrələrinin bir operatordan digərinə keçirilməsi (nömrələrin daşınması) qaydaları dəqiqləşib.

"APA-ECONOMICS"in məlumatına görə, borclu nömrələrin, eləcə də 3 aydan az istifadə olunan nömrələrin daşınması mümkün olmayacaq.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliliyinin təsdiqlədiyi "Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları"na əsasən, ilk növbədə ölkədə nömrə daşınması üzrə Mərkəzi Baza Sistemi yaradılacaq. Onun qurulması və idarə edilməsi ilə bağlı şərtlər Nazirlik tərəfindən mobil operatorlarla razılaşdırılacaq. Mərkəzi Baza Sisteminin ilkin mərhələdə yaradılması, istismar edilməsi və fəaliyyətinin təkmilləşdirilməsi üçün tələb olunan xərclər mobil operatorlar tərəfindən şəbəkələrində istifadə etdikləri hər bir nömrəyə görə 0,65 manat məbləğində ödənilən illik ödənişlər hesabına maliyyələşdirilir.

Qaydalara əsasən, mobil telefon nömrəsini digər operatora keçirmək istəyən fiziki və ya hüquqi şəxslər bunun üçün alıcı operatora (yəni, abunəçinin keçmək istədiyi) ərizə ilə müraciət etməli, bu zaman özünə aid olan məlumatları təqdim etməlidir. Bu nömrənin mövcudluğu, eləcə də təqdim olunan sənəd və məlumatların doğruluğu təsdiqlənəndən sonra daşınacaq nömrə üzrə alıcı operator və abunəçi arasında abunə müqaviləsi imzalanır.

Alıcı operator nömrə daşınması ilə bağlı imzalanmış ərizəni və sənədləri 2 iş günündən gec olmayaraq elektron formada Mərkəzi Baza Sisteminə, eləcə də ən geci 10 iş günü ərzində poçt vasitəsilə verici (abunəçinin xidmətindən imtina etmək istədiyi) operatora çatdırır.

Verici operator daşınması nəzərdə tutulan nömrəni və abunəçi barədə məlumatların

uyğunluğunu yoxlayır və nəticəni (verici operatorun nömrə daşınmasının həyata keçirməyə razı olduğunu və ya nömrə daşınmasından imtina etdiyini) 2 iş günündən gec olmayaraq Mərkəzi Baza Sistemi vasitəsi ilə alıcı operatora bildirir. Verici operator nömrə daşınmasından imtina etdikdə, imtinanın səbəbini göstərməlidir. "Abunəçi fiziki şəxsdirsə, onun adı, atasının adı, soyadı, doğulduğu tarix və yer barədə alıcı operator tərəfindən təqdim edilmiş məlumatlar verici operatorda olan məlumatlarla uyğunluq təşkil edərsə, verici operator nömrə daşınmasından imtina edə bilməz", - deyə sənəddə bildirilir.

Qaydalara əsasən, daşınması istənilən nömrə abunəçiyə aid olmadıqda, abunəçi barədə məlumatlarda səhv olduqda, daşınması tələb olunan nömrə üzrə borc olduqda verici operator nömrə daşınmasından imtina edir. Bundan başqa, daşınması tələb olunan nömrə 3 aydan az müddətdə istifadə edildikdə də onun daşınmasına yol verilmir. Nömrə ilə bağlı hər hansı məhkəmə işinin olması da onun daşınmasına mane ola bilər. İmtinaya səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra nömrə daşınması barədə təkrar müraciət edilə bilər.

Daşınmış nömrələrin yenidən digər operatora daşınması bir də 3 aylıq istifadədən sonra mümkündür. Nömrənin daşınmasına görə, abunəçi alıcı operatora birdəfəlik ödəniş etməlidir, amma bu ödənişin məbləği alıcının şəbəkəsində istifadəsi nəzərdə tutulan adi nömrənin satış qiymətindən çox ola bilməz. Qeyd edək ki, hazırda bu məbləğ bir neçə manatdan artıq deyil.

Qaydalara əsasən, mobil operatorlar nömrə daşınmasının həyata keçirilməsi üçün bütün texniki məsələləri həll etməli, o cümlədən abunəçilərə aid məlumatların məxfi saxlanmasını, daşınmış nömrələrə edilən zənglərin və məlumatların alıcı operatorun telekommunikasiya şəbəkəsinə yönləndirilməsini təmin etməlidir. "Daşınmış nömrələrin xidmət keyfiyyəti göstəricilərinin daşınmamış nömrələrin xidmət keyfiyyəti göstəriciləri ilə eyni olması təmin edilməlidir", - deyə qaydalarda bildirilir.

Bundan başqa, verici operator öz telekommunikasiya şəbəkəsindən daşınmış nömrəyə edilən zənglər üçün abunəçilərinə ayırdedici xəbərdarlıq siqnalı verməlidir. Nömrə daşınması prosesində abunəçinin fikrini dəyişdirəcək hər hansı təbliğat işlərinin operatorlar tərəfindən aparılması yolverilməzdir.

Qaydalara əsasən, mobil operatorlar nömrə daşınmasına və tələb olunan sənədlərə dair məlumatları, ərizə formalarını, abunəçinin hüquqları və öhdəlikləri, nömrə daşınmasının həyata keçirilməsi müddəti barədə istifadəçiləri, abunəçiləri məlumatlandırmalı və bu məlumatları özlərinin internet informasiya ehtiyatlarında yerləşdirməlidir.

Nəhayət, qaydalara əsasən, ölkədə mobil telefon nömrələrinə Mərkəzi Baza Sistemi qurulduqdan və bu barədə Nazirliyin mobil operatorlara məlumat verməsindən sonra başlanacaq.

Sizin Reklam Yeriniz